Qulamhüseyn Əlibəyli: "Çıxarırlar çıxarsınlar da, bu, məni narahat etmir"
"Milli Şura"da təmsil olunan "Aydınlar" partiyasının bu günlərdə qurumdan gedəcəyi öz təsdiqini tapacaqdır. Buna səbəb isə partiya sədri Qualmhüseyn Əlibəylinin parlament seçkilərində iştirak etmək qərarı verməsidir. "Milli Şura"nın seçkiləri "boykot" qərarına etina etməyən "Aydınlar" sədri, əslində oradan getməsini faciə kimi qəbul etmədiyini də bildirib. Üstəlik, seçkilərə qatılan müxalifət partiyalarına "xəyanətkar", "satqın" damğası vuran, "hakimiyyətə işləyən" ittihamı irəli sürən tərəflərə qarşı da öz reaksiyasını verib.
Partiya sədri: "Əgər özləri seçkidə iştirak edirsə, hər şey normaldır, iştirak etmirlərsə, demək, iştirak edənlər satqındır"
"Aydınlar" partiyasının sədri hesab edir ki, seçkilərdə iştirak etməmək siyasi fəaliyyətin zəifləməsinə gətirib çıxara bilər: "O ki qaldı seçkilərdə iştiraka görə kimisə ittiham etməyə, bu, Azərbaycan müxalifətinin köhnə azarıdır. Onların prinsipinə görə, əgər özləri seçkidə iştirak edirsə, hər şey normaldır, iştirak etmirlərsə, demək, iştirak edənlər satqındır. Qoy, belə desinlər. Biz onların bu fikirlərinə cavab vermək niyyətində deyilik."
Qulamhüseyn Əlibəyli "Milli Şura"nın koordinasiya şurasının üzvü Vidadi Mirkamalın onu və partiyadaşlarını "sifariş əsasında seçkiyə gedirlər" itihamına da münasibətini bildirib və deyib ki, əslində, sifarişlə hərəkət edənlər "Milli Şura" rəbərliyidir, ancaq bu məsələni qabartmağa lüzum görmürlər: "Biz də qeyd edə bilərik ki, bu şəxslərin özləri sifarişlə danışır. Ancaq biz belə ittihamlar irəli sürmürük. Qoyun, danışsınlar."
"Görürsünüz ki, mən seçkilərdə iştirak edirəm"
Partiya sədri "Milli Şura"dan gedəcəyini istisna etməməklə yanaşı, o cümlədən, bu qurumun və "liderlərinin" - Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, eləcə də onları müdafiə edən bir neçə nəfərin seçkilərdə iştirak etmək gücündə olmadıqlarını da sətiraltı iddia edib. Sitat: "Milli Şura" seçki təşkilatı deyil. "Milli Şura" seçkidə qurum kimi iştirak etmək imkanında da deyil. İndi ora daxil olan partiyalardan kimlərsə seçkini boykot etmək istəyirsə, etsinlər. "Milli Şura" seçkinin subyekti deyil. Yəni blok və partiya deyil ki, seçkidə iştirak etsin. Ona görə də, onun seçkilərə münasibəti partiyaların münasibəti deyil. Yaxın günlərdə "Milli Şura"nın sessiyası çağırılacaq və seçkidə iştirak edib-etməməklə bağlı qərar verəcək. Qoy çağırsınlar da. Nə olsun? Görürsünüz ki, mən seçkilərdə iştirak edirəm. Çıxarırlar, çıxarsınlar da. Əgər hesab edirlər ki, seçkilərə münasibətə görə, kimisə çıxarmaq lazımdırsa, buyurub çıxarsınlar. Bu, məni narahat etmir."
"Aydınlar" partiyası üçün "Milli Şura"lı, yaxud da "Milli Şura"sız fəaliyyət göstərmək heç bir önəm kəsb etmir
Müxalifətçi siyasi təşkilat sədrinin artıq bütün istiqamətlərdə "Milli Şura"ya qarşı çıxması isə real mənzərini və bir neçə il öncə irəli sürülən proqnozları növbəti dəfə təsdiq etmiş olur. Belə ki, "Milli Şura" yaranarkən, ona "ölü döğulan uşaq" etiketini vuranlar bunda yanılmayıblar. O cümlədən, tərkibində demək olar ki, bir neçə nəfər şəxsi ambisiya güdənlərdən başqa kimsənin qalmadığı bir qurumun hər hansı qərarı artıq ictimai rəyə də çox maraqsız görünür. Daha dəqiq desək, bu gün "Aydınlar" partiyası üçün "Milli Şura"lı, yaxud da "Milli Şura"sız fəaliyyət göstərmək heç bir önəm kəsb etmir.
"Bir-birini ittiham edəcəklər və 5 il də bu cür gedəcək, vaxtımızı beləcə yola verəcəyik"
Qulamhüseyn Əlibəyli bu kimi halların müxalifət düşərgəsinin bir çox cinahlarında yaşandığını da bildirib. "Əslində, həmişə belə olub"-deyə qeyd edən təşkilat sədri seçkilərdən-seçkilərə bu kimi vəziyyətlərin daha çox yaşandığını bildirib: "Seçkiyə fərqli münasibətlər olub, bu münasibətləri bir araya gətirmək qeyri-mümkün olub. Ona görə də, daima belə vəziyyət yaranıb. Bütün seçkilərə münasibətdə belə yanaşmalar var. Müxalifətin bir araya toplaşanda belə seçkilərdən dərhal sonra bir-birini ittiham etməsi köhnə mərəzdır. Belə hal hər zaman təkrarlanır. İndi seçkidən sonra yenidən təkrarlanacaq, bir-birini ittiham edəcəklər və 5 il də bu cür gedəcək, vaxtımızı beləcə yola verəcəyik. Odur ki, bu cür ittiham və danışıqlara ciddi fikir vermək lazım deyil."
Son olaraq daha bir məqama da toxunmaq yerinə düşərdi ki, məhz "Aydınlar" sədri Qulamhüseyn Əibəyli də müxalifəti yolaverənlik kimi qəbul etdildiyini etiraf edir. Bu amil isə düşərgənin, həqiqətən də çox acınacaqlı vəziyyətdə olduğunu kifayət qədər təsdiq edir. Xüsusilə, seçkiqabağı dönəmdə seçkilərə qatılmaq prinsipi ilə çıxış edən təşkilatlar zaman-zaman bu kimi natamamlıqlarını açığa çıxarmış olurlar.
Rövşən RƏSULOV