ADR hərəkatı: "İsa Qəmbərə müraciət etdik, əlinin arxası ilə yox cavabı verdi"
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Müsavat partiyası ilə savaşında hərəkat rəhbərliyinin Arif Hacılının başqanı olduğu təşkilata qarşı yeni planları bəlli olub. Məlum olub ki, hərəkatın rayon təşkilatları təsis edildikcə, həmin təşkilatlara axın edən müsavatçılar bundan sonra Arif Hacılı klanına qarşı mübarizə aparacaqlarını deyirlər. Eləcə də hərəkatın sonuncu toplantısında məhkəməyə müraciətin də hazırlandığı barədə məlumat verilib. ADR-in sədr müavini Ellada Məmmədli Müsavat rəhbərliyini ittiham edərək bəyan edib ki, Müsavatın VIII qurultayının nəticələrindən narazı olan müsavatçılar lazım gələrsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək: "Müsavat partiyasının VIII qurultayının nəticələrinin ləğvi üçün Ədliyyə Nazirliyinə edilmiş müraciətin Demokratiya və Rifah Hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, qurultayın nəticələri ilə razılaşmayan bir qrup müsavatçının, eyni zamanda həyatını, gəncliyini bu partiyaya həsr etmiş, lakin hüquqları pozulmuş şəxslərin adından belə bir ərizə ünvanlanıb. Arif Hacılı istəyir ki, Ədliyyə Nazirliyinə müraciət məsələsində ADR Hərəkatının adı hallandırılsın. Halbuki Ədliyyə Nazirliyinə müraciət edənlər qurultayın nəticələrini tanımayan və Arif Hacılının özünün başqan kimi Ədliyyə Nazirliyində qeydə alınmasından sonra partiyadan çıxarılmış müsavatçılardır. Biz MNTK-ya müraciət etdik, nəticəsi olmadı. İsa Qəmbərə müraciət etdik, əlinin arxası ilə yox cavabı verdi. Bundan sonra mövcud qanunlar üzrə hərəkət etməyə məcbur olduq. Biz də bütün qanunvericilik imkanlarından istifadə edərək lazım gələrsə, sonuncu məhkəmə instansiyasına qədər gedəcəyik. Artıq hüquqşünas məhkəməyə hazırlıqla bağlı sənədləri hazırlayır və çox güman ki, gələn həftə müraciət təqdim olunacaq".
Göründüyü kimi, artıq Müsavatın başqa çıxış yolu qalmayıb. Partiya rəhbərliyi ya ADR Hərəkatında təmsil olunan müsavatçılara güzəştə getməli, onların tələblərinin ən azından bir qismini yerinə yetirməlidir, ya da məhkəmələrdə sürünməlidir. Hər halda ADR-in sədr müavini Ellada Məmmədli işin sonunun məhkəmələrə qədər gedəcəyini istisna etməmişdi. Hətta bu dəfə Müsavat rəhbərliyinin, eləcə də sabiq başqan İsa Qəmbərin də məhkəmə qarşısına çıxarılacağı istisna olunmur. Artıq belə qənaətə gəlmək mümkündür ki, ADR qısa zaman kəsiyində formalaşdırılaraq, özünü müxalifətin ən "monolit" partiyası" kimi ictimai rəyə sırıyan Müsavat rəybərliyini, eləcə də partiyasını üstələməyə nail olub. Müsavat isə köhnə şakərindən əl çəkməyərək, məğıub vəziyyətə düşdüyünü qəbul etmək, yaxud da həzm etmək gücündə olmadığını nümayiş etdirir.
Mübariz QULİYEV