PDF Oxu

Müxalifət

  • 2 116

AXCP Ali Məclisinin üzvü Əli Kərimlini rədd edərək bəyanat yaydı

image

İSTEFA

Əbülfəz Qurbanlının partiyadan getməsinin daha bir pərdəarxası məqamı üzə çıxdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidən imtinaların sayı artmaqda davam edir. Belə ki, bəyanat verərək istefaya gedənlərin əksəriyyətinin təşkilatın funksionerləri, eləcə də müəyyən partiyadaxili statuslara malik olmaları da kimsəyə sirr deyil. İctimai rəy daha öncə istefa verənlərin də vaxtilə Əli Kərimliyə yaxın adamlar olduğunu xatırlayır. Bu baxımdan, gözlənildiyi kimi, AXCP sədrini rədd edənlərin sırasında çoxluq təşkil edənlərin - məhz funkionerlərin, sədr müavinlərinin, o cümlədən partiya strukturlarının nümayəndələrinin olması artıq reallığa çevilib.

"Fəaliyyətimin qarşılığında rəhbərlikdən yalnız qısqanclıq gördüm"

Bu arada AXCP-nin daha bir fəalı, eyni zamanda gənclər qolunun aparıcılarından hesab edilən Ruslan Nəsirli də partiya sıralarını tərk etməsi barədə bəyanat yayıb. O, həmçinin AXCP-nin ali məclisin üzvü də olub. Ruslan Nəsirli istefa verdikdən sonra Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulduğunu da bəyan edib. Sabiq kərimovçu istefa bəyanatında vurğulayır ki, o, 2013-cü ildən AXCP gənclər komitəsinin üzvü olub və həmin il keçirilən prezident seçkilərindən sonra AXCP gənclər komitəsinin ümumrespublika konfransında ali məclisə üzv seçilib. Beləliklə, bu gün onu dəstəkləyən 60-a yaxın şəxsin olduğunu deyən Ruslan Nəsirli həmin gənclərə rəhbərlik etdiyini də vurğulayıb.

İstefaya gedən gənc cəbhəçi xatırladıb ki, 2014-cü ilin yanvarından etibarən o, partiyadaxili fəaliyyətini daha da aktivləşdirərək rəyasət heyətinə bir çox layihələr təqdim etsə də, rəhbərlik tərəfindən həmin layihələrə çox soyuq yanaşıldı və müsbət reaksiya verilmədi: "Ruhdan düşməyərək fəaliyyətimi davam etdirdim, internet üzərində, real təşkilatçılıq sahəsində fəaliyyətimi genişləndirdim. Bunun qarşılığında isə rəhbərlikdən yalnız qısqanclıq gördüm."

"Həsən Kərimovun partiya daxilində gənclərə münasibətini görəndən sonra hər şey mənə aydın oldu"

İstefa verən gənc Əli Kərimli ilə yanaşı, Əli Kərimlinin müavinlərinin də onların qarşısına sədd çəkdiklərini, o cümlədən, irəli getmək istəyən şəxslərin ayaqlarının altını qazdıqlarını da bildirib. Maraqlı məqamlardan birinə toxunan Nəsirli həmin bəyanatında belə məqamlardan birinə toxunaraq, AXCP-nin keçmiş qərargahının qaz sızmasından partlayaraq dağılması zamanı müşahidə etdiyi anı bu cür xatırlayıb: "Kimsə partiyanın ali məclisinin sədri Həsən Kərimovu gecə saatlarında sosial şəbəkələrdə aktiv görə bilməz. Lakin bir gecə biz qərargahda qalmağa qərar verdik, gecə 3-4 radələrində qərargah partladı, bundan bir neçə dəqiqə sonra isə Həsən bəy "facebook"da "online" göründü. Mən dərhal ona bu barədə məlumat verdim. Əvvəllər buna təsadüf kimi baxırdım, lakin sonralar Həsən bəyin partiya daxilində gənclərə münasibətini görəndən sonra hər şey mənə aydın oldu."

Göründüyü kimi, Ruslan Nəsirli AXCP rəhbərliyinin qərargahın dağıdılmasında təxribata əl atdıqlarını ifşa edib. Daha dəqiq desək, heç vaxt gecə saatlarında sosial şəbəkədə statuslar paylaşmayan Həsən Kərimovun birdən-birə həmin hadisədən sonra üzə çıxması və səs-küy qaldırması da belə deməyə əsas verir ki, həmin hadisənin kökündə Əli Kərimlinin gilzi oyunları və təxribatçılıqları dayanır.

"Fuad Qəhrəmanlı Əbülfəz Qurbanlını neytrallaşdırdı, ona qarşı psixoloji təzyiq göstərdi"

Ruslan Nəsirli Əli Kərilminin daha bir müavini - Fuad Qəhrəmanlının da fəaliyyətindəki bir sıra məqamları ifşa edib. O bildirib ki, onun əsas məqsədi müxtəlif vasitələrə partiya rəhbərliyini ələ keçirməkdən ibarət olub. Lakin bundan xəbərdar olan daha bir sədr müavini Əbülfəz Qurbanlı Fuad Qəhrəmanlının oyunlarını faş etdiyinə görə, ona qarşı psixoloji hücumlara başladılıb: Sitat: "Sonralar onlar Əbülfəz Qurbanlını da neytrallaşdırdılar, psixoloji təzyiq göstərdilər".

Əbülfəz Qurbanlı ilə birgə fəaliyyətinin də məhz partiya daxilində əngəlləndiyini deyən Ruslan Nəsirli Gəncədə inkişaf qrupu yaratdıqlarını və bunun partiya tərəfindən əngəlləndiyini misal gətirib: "28 günə 40-50 üzv toplamışdıq. Planlaşdırmışdıq ki, Gəncəyə gedək, lakin həmin gün Həsən Kərimov bizim Gəncəyə gedib təşkilat şöbəsi qurmağımıza dair şəkillər yaydı. Bu işə əziyyət çəkən bütün gənclər kimi Əbülfəz Qurbanlını da hiddətləndirdi və partiyadan getməyə qərar verdi."

"Öz gələcək siyasi karyerasını qurmaq istəyən gənclər, o partiyada - Əli Kərimlinin, Fuad Qəhrəmanlının və Həsən Kərimovun yanında olmamalıdılar"

"Əbülfəz Qurbanlı getdikdən sonra Ruslan Nəsirli olaraq bu partiyada qala bilməyəcəyimi qət etdim"-deyə qeyd edən istefaçı gənc bundan sonra Əli Kərimli üçün nə isə etməsinin əhəmiyyətsiz olduğunu etiraf edib: "Baxmayaraq ki, iki dəfə həbsdə olmuşam, partiyaya xidmətlərim olub, indiyə qədər Əli Kərimlinin geniş təbliğatını aparmışam. Lakin görürəm ki, bütün bunlar heç bir əhəmiyyət kəsb etmir. Partiya daxilində avtoritar rejim davam edir, gənclərin qarşısı kəsilir. Hesab edirəm ki, azad düşüncəli, öz gələcək siyasi karyerasını qurmaq istəyən gənclər, o partiyada - Əli Kərimlinin, Fuad Qəhrəmanlının və Həsən Kərimovun yanında olmamalıdılar".

Göründüyü kimi, Əbülfəz Qurbanlının AXCP-dən istefasının səbəblərindən biri də məhz partiyadaxili intriqaların, rəhbərlik uğrunda savaşların nəticəsidir.

İstefaya gedənlərin böyük əksəriyyəti Əli Kərimlinin müavinləri barədə fikir bildirərkən, Nurəddin Məmmədli və Gözəl Bayramlının adlarını açıqlamadıqlarına görə, növbəti istefalarda məhz bu iki müavinin sürpriz adlar olacağı böyük ehtimallar doğurmaqdadır

Beləliklə, bütün bunları əsas gətirən gənc fəal bu gündən etibarən AXCP-də Əli Kərimlinin sədrliyini qəbul etməyərək, yeni AXCP Etimad Qurultayı Dəstək Komitəsinə üzv olmaq üçün komitənin sədri Razi Nurullayevə müraciət etdiyini bəyanatında vurğulayıb. Bu kimi istefaların davamlı xarakter alacağını isə bəri başdan proqnozlaşdırmaq mümkündür.

Sonda isə daha bir məqamı da xatırlatmaq olar. Belə ki, Razi Nurullayev bir neçə gün öncə AXCP-dən sürpriz istefanın olacağı barədə anons vermişdi. Həmin ietafa verən şəxs(lər)in adı açıqlanmasa da, onlardan birinin sədr müavini Nurəddin Məmmədli, digərinin isə daha bir sədr müavini Gözəl Bayramlı olacağı böyük ehtimallarla vurğulanır. Çünki istefaya gedənlərin böyük əksəriyyəti Əli Kərimlinin müavinləri barədə də fikir bildirərkən, bu iki sədr müavinin adlarını açıqlamırlar. Bu isə həmin ehtimalları çoxaldır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər