"Əgər Rəsulzadə sağ olsaydı Arif Hacılı çox böyük məmnuniyyətlə onu da partiyadan qovardı". Bu sözləri SİA-ya açıqlamasında "Ağ blok"un rəhbəri Tural Abbaslı deyib.Tural Abbaslı Müsavatın onu partiyadan çıxartmağa tərəddüd etməsi ilə bağlı yayılan xəbərlərə açıqlama gətirib: "Mən buna tərəddüd deməzdim. Bu günə qədər Müsavatdan kifayət qədər nüfuzlu insanlar xaric edilib. Hansı ki, onlar bizdən daha öndə şəxslərdir. Buna görə də, onların nəyəsə və ya kiməsə tərəddüd etdiyini düşünmürəm. Ola bilsin ki, hər hansı bir addım üçün müvafiq məqamı gözləməyi düzgün hesab edirlər. Yəqin ki, Arif Hacılı və onun qrup maraqlarına hələlik məni və ətrafımdakı gəncləri partiyadan uzaqlaşdırmaq sərf etmir. Mən artıq buna tam əminəm ki, hətta bu gün Rəsulzadənin özü sağ olsaydı və Arif Hacılı qrupunun əleyhinə söz desəydi, Arif Hacılı çox böyük məmnuniyyətlə onu da partiyadan qovardı".Onun sözlərinə görə, hazırda Müsavat partiyasında qrup maraqları daha çox önə çıxıb: "Artıq bir ildir ki, Arif Hacılı rəhbər seçilib. Lakin partiya daxili vəziyyətə baxsaq görürük ki, həm mətbuatda, həm də gündəmdə yalnız xaricolmalar, qarşıdurmalar, intriqalar, müəyyən təşkilatların ləğv olunması, kiminsə vəzifədən xaric olunması kimi mənfi tendensiya hökm sürür. Yəni müsbət heç nə yoxdur. Bu insanların necə fikirləşdiyini və nə qərar verəcəklərini özlərindən başqa heç kim bilmir. Vurğun Eyyubu 4 nəfərin səsi ilə qeyri-qanuni yolla çıxarda bilən insanlar yəqin ki, bizi də 1 səslə çıxarda bilərlər".
sia.az