Sahib Kərimli də gedir...
AXCP sədri Əli Kərimlidən imtina edənlərin sayı sürətlə artmaqdadır. Hətta belə demək mümkündür ki, istefa halları gündəlik xarakter almaqdadır. Artıq sonuncü istefanın ardınca daha bir istefa gündəmə gəlməkdədir. Sonuncu istefa AXCP-nin ali məclisinin üzvü, gənc fəal Ruslan Nəsirli tərəfindən baş vermişdi. Xatırladaq ki, o, etirazçılara qoşulmasına dair bəyanat verərək deyib ki, onun fəaliyyəti dövründə təqdim etdiyi müxtəlif layihələri heç bir halda partiya rəhbərliyi tərəfindən qəbul edilməyib və bunun köknüdə qısqanclıq amilləri dayanır. O cümlədən, Əli Kərimli qədər onun müavinləri də avtoritar idarəçilik fonunda özlərindən başqa kimsənin fəaliyyətini bəyənmirlər.
Ortada daha bir faktor Sahib Kərimlinin partiya sədri Əli Kərimli ilə olan çoxillik problemləridir
Bu arada daha bir tanınmış AXCP funksioneri, təşkilatın rəyasət heyətinin üzvü Sahib Kərimlinin partiyadan gedəcəyi barədə məlumat yer alıb. AXCP-yə yaxın mənbələrdən "SƏS"ə daxil olan məlumata görə, Sahib Kərimli son zamanlar partiyanın toplantılarına qatılmır və bunu şəxsi işləri ilə əlqələndirir. Ancaq ortada daha bir faktor Sahib Kərimlinin partiya sədri Əli Kərimli ilə olan çoxillik problemləridir.
Sahib Kərimlinin Ağaşirin Tanrıverdioğlu ilə arasını da Əli Kərimli vurubmuş
Narazılığın daha bir səbəbi isə partiyada bütün nəzarətin Həsən Kərimov-Gözəl Bayramlı qruplaşmasının əlinə keçməsidir. O da ehtimal edilir ki, Sahib Kərimli çox yaxın günlərdə istefa verərək, Razi Nurullayevin elan edəcəyi AXCP-yə keçəcək. Sahib Kərimli yaxın ətrafı ilə söhbətində bildirir ki, onun dostlarının çoxu ya partiyadan istefa verib, ya da Əli Kərimlinin günahları üzündən hələ də həbsxanadadırlar. AXCP sədri isə onlarla qətiyyən ilgilənmir. Mənbə iddia edir ki, əslində, Sahib Kərimli indiyə qədər AXCP-dən getməli idi, lakin Nərimanov rayon təşkilatının sabiq üzvü Ağaşirin Tanrıverdioğlu ilə mübahisə onu bu qərarından müvəqqəti daşındırmışdı. Lakin son günlər hər iki tərəfin bir araya gələrək, aralarında olan problemi çözdükləri də qeyd edilməkdədir. Ortaq məxrəcə gəlinib ki, baş verən qarşıdurmalar Əli Kərimli tərəfindən təşkil olunub.
Beləliklə, AXCP sədrini növbəti zərbə gözləyir ki, bu zərbədən sonra da istefaların davamlı xarakter alacağı qaçılmaz olacaq.
Rövşən RƏSULOV