Qərb siyasi dairələri daxillərində formalaşmış çirkin siyasi-iqtisadi maraqları bu kimi "fiqurlarla" reallaşdırmağa çalışır
Dövlətə, xalqa xəyanət yolu tutmuş və kimliyindən asılı olmayaraq hər bir kəs öz layiqli cəzasını almalıdır. Satqın, ermənipərəst siması olan Xədicə İsmayıl öz layiq olduğu cəzasını aldı - 7 il 6 ay. Xədicə İsmayıl öz anti-milli və cinayətkar fəaliyyətinin acı nəticələrini yaşayır və tam qanunauyğun şəkildə cəzalandırılıb. Necə deyərlər, cinayət cəzasız qalmır.
Ancaq cəzasını alan, xarici maraqlı qüvvələrin təsiri altında olan və fəaliyyətinə "demokratiya" donu geyindirməklə özünü "vicdanlı adam" sayan Xədicə İsmayıl yenə də beynəlxalq təşkilatlara müraciət etməklə satqınlıq simvolu olduğunu bir daha sübuta yetirməkdədir. Bu, heç də təəccüblü deyil. Çünki o mənada təəccüblü deyil ki, bu satqın ermənipərəst mövqeyini heç bir zaman gizlətməyib. Əksinə, bu mövqeni əməlləri ilə hər zaman açıq şəkildə qabardıb, öz millətinə, dövlətinə qarşı apardığı destruktiv, cinayətkar fəaliyyətlə həyasızcasına fəxr edib. Belə olan halda isə, heç şübhəsiz, dövlət və hüquq-mühafizə orqanları öz tədbirini görməli idi və gördü də. Çünki Azərbaycan dövləti nə Leyla Yunus, Arif Yunus, eyni zamanda nə də Xədicə İsmayıl və onun kimilərin arzuladığı formatda deyil. Çünki Cinayət Məcəlləsinin maddələrini ayaq altına alması, dövlət maraqlarını da öz şəxsi maraqları kontekstində görməsi qəbuledilməzdir, mümkünsüzdür! Həyasızlığı ilə daima özünü gündəmdə saxlayan və xəyanətləri, korrupsiya əməliyyatları, mənimsədikləri küllü miqdarda vəsaitlər barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da, fakt faktlığında qalır. Bu insanlar öz günahlarını və cinayətlərini ört-basdır etsələr və beynəlxalq təşkilatlar müraciət etsələr də, bu, heç bir nəticə verməyəcək. Çünki artıq onlar ana dilimizdə yazılmış Azərbaycanın müqəddəs qanunları qarşısında layiq olduqları cəzanı aldılar.
Xədicə İsmayılı "Quantanamo məhbusu" kimi təqdim edənlər...
Son vaxtlar dünyaya "demokratiya dərsi" keçmək iddiasında olan imperialist mərkəzlərin Azərbaycana qarşı böhtan kampaniyası yeni mərhələyə qədəm qoyub. Belə ki, "Azadlıq" Radiosunun əməkdaşı Xədicə İsmayılın konkret cinayət işində şübhəli bilinərək həbs olunması bəzi Qərb dairələrini fəaliyyətə keçirib. Bu dəfə də Qərb öz köhnə üsullarından istifadə edir. Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bu hüquqi məsələni siyasiləşdirərək, qeyri-adekvat və həqiqətdən uzaq şəkildə deyib ki, guya bu addım Azərbaycanda insan haqlarının pozulması anlamını verir. Maraqlıdır, başqalarının gözündə tük axtaran bu cür şəxslər niyə öz gözlərindəki tiri görmürlər? Əlbəttə ki, öz siyasi sistemlərində mövcud olan ləkələri boyamaqla məşğul olan Qərbin demokratiya, insan hüququ və azadlıqları ilə bağlı Azərbaycan hakimiyyətinə verdiyi bu cür "məsləhətlər" zərrə qədər səmimi və ədalətli görünmür. ABŞ QHT şəbəkəsi Xədicə İsmayıl məsələsinə səmimi olaraq insan hüquqları, media azadlığı müstəvisində yanaşırsa, onda Xədicənin məhkəməsinin davam etdiyi sürətdə ABŞ-da yaşanan daha ağır faciənin, 26 avqustda Virciniya ştatında yaşanan jurnalist qətliamının gözardı edilməsini necə şərh edək? "Freedom House"nin internet saytında, baş səhifədə 24 avqustdan başlayaraq bu günə qədər dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələr barədə təfsilatlı təsvir və bəyanatlar yerləşdirilsə də, təkcə ABŞ istisna edilib. Sayt ABŞ-da bir həftə ərzində baş vermiş 3 ciddi insidentdən heç birinə - nə 26 avqustda Virciniyada yaşanmış jurnalist qətliamına, nə BBC teleradio şirkətinin 2 jurnalistinin hüquqlarının pozulmasına, Virciniya polisinin onları hadisə yerinə buraxmaqdan kobudcasına imtina etməsinə, nə də 2016-cı il üzrə seçkilərində respublikaçıları təmsil edən Donald Tramp ispan dilli jurnalisti etnik mənsubiyyətinə görə aşağılayıb mətbuat konfransından qovmasına yer verməyib. "Freedom House" və CPJ başda olmaqla, belə yanaşma digər 20 ABŞ-lı QHT tərəfindən də təkrarlanıb, onlar da ABŞ-da yaşanan qeyri-insani faktlara yer verməkdən yayınıblar.
ABŞ-ın beynəlxalq statuslu QHT şəbəkəsi mövzuya kəskin formada yanaşıb. Şəbəkəyə daxil olan təqribən 20-yə yaxın təşkilatın mövzu ilə bağlı bəyanatlarını oxuyanda elə təəssürat yaranır ki, X.İsmayılı müasir məhkəmə müstəvisində yox, Linç məhkəməsində sorğu-sual ediblər. Daha doğrusu, Azərbaycan məhkəmələri haqqında "Quantanamo" həbs düşərgəsinə bənzər təsəvvür formalaşdırılır, hansı ki, məhbusların məhkəməsiz tutuqlandığı, vəkil müdafiəsindən məhrum edildiyi, insanlığa zidd, quldarlıq qurluşuna xas olan işgəncələrə məruz qaldığı "Quantanamo" nə Azərbaycana, nə də digər ölkələrə deyil, məhz ABŞ-a məxsusdur.
Elman Nəsirli: "Avropaya Xədicə İsmayıl və Leyla Yunus lazım deyil"
Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirli sözügedən məsələ işlə bağlı "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Avropaya Xədicə İsmayıl və Leyla Yunus lazım deyil. Politoloqun sözlərinə görə, "Azadlıq" Radiosunun əməkdaşının həbsini Qərb bilərəkdən siyasiləşdirir: "Çünki onlardan bəzi "insan hüquqları" təşkilatlarının əli ilə siyasi təsir vasitəsi kimi istifadə edirlər. Bu ABŞ və Avropa tərəfindən Azərbaycana qarşı açıq-aşkar qarayaxma kampaniyasıdır".
E.Nəsirli Xədicə İsmayılın həbsinə görə Azərbaycana qarşı qərəzli mövqe tutanlara özlərinə güzgüdə baxmağı xahiş edib: "Əslində, Birləşmiş Ştatlar başda olmaqla, Qərb dövlətləri Azərbaycanda cinayət tərkibli əməlləri olan insanları vəkili kimi təqdim edirlər. Bununla da dövlətin daxili işlərinə qarışmaq üçün vasitə kimi istifadə edirlər. Bu gün ABŞ-ın maraqlarına xidmət edən, dövlət başçıları Qərbin diktəsi ilə oturub-duran ölkələrdə insan hüquqları "ideal" vəziyyətdədir. Bax, ABŞ və Qərbin yanaşması da bundan ibarətdir. Avropa və Vaşinqton bizdən onların boyunduruğu altına keçməyimizi istəyirlər. Azərbaycan isə doxsanıncı illərdən öz milli maraqlarına uyğun siyasət yeridir. Qərb isə bunu həzm etmir. Ona görə də cinayət törətmiş şəxslər həbs olunan kimi "insan hüquqlarının pozulduğunu" bəhanə gətirir, təzyiq və qarayaxmalara başlayırlar. Bu isə onlar üçün dəfələrlə istifadə etdikləri hazır mexanizmdir. Ən azından indi ABŞ-ın bizi ittiham etməsinə heç bir əsası yoxdur. Çünki bu ölkənin özündə insan hüquq və azadlıqları kobud şəkildə pozulub. Bu gün Birləşmiş Ştatlar əhalisinin 13%-ni təşkil edən qaradərili vətəndaşlarının hüquq və azadlıqlarını pozur. 12 yaşlı uşağın polis tərəfindən qətlə yetirilməsi və bəraət alması buna sübutdur. Bundan başqa, asiyalılar ABŞ-da böyük təzyiq və təqiblərə məruz qalır. Heç olmasa, ABŞ digər ölkələrə "demokratiya dərsi" verəndə, çevrilib güzgüdə özünə baxsın".
Rəfiqə HÜSEYNOVA