TƏRS BAXIŞ
Məhbəs həyatından çıxdıqdan sonra yenidən "fəal jurnalist" stilini ictimai rəyə sırımağa çalışan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı son günlər xüsusilə müxalifət "liderlərindən" müsahibələr alaraq, parlament seçkiləri və s. mövzularda videomüsahibələr götürməklə məşğuldur. Nə deyirik, Allah işini avand eləsin. Ancaq məsələ kimin kimdən müsahibə götürməsində deyil. Məsələ heç Əvəz Zeynallının həmin müsahibələrinə ümumi başlıq qoyub, plagiatçılıq etməsində də deyil. Məsələ ondadır ki, müxalifətin heç də qaynar görünməyən qazanını qaynatmaq ona heç cür müyəssər olmur. Daha dəqiq desək, "Qaynar qazan" adlı videomüsahibələr cəmiyyətdə ajiotaj yaratmır. Bu, öz yerində...
Beləlkilə, Əvəz Zeynallının növbəti "qonağı", əgər ona qonaq demək mümkündürsə, AXCP sədri Əli Kərimli olub. Yalnız "Azadlıq" qəzeti vasitəsilə özünü reklam etdirən, hətta orada müxtəlif imzalarla çıxış edən Əli Kərimlinin radikalizm baxımından Əvəz Zeynallıya, yaxud da Əvəz Zeynallının Əli Kərimliyə qonaq düşməsi inandırıcı görünmür. Hətta AXCP sədrinin müsahibəsinin də əvvəlcədən planlaşdırılması, sualların qoyuluşundan, cavabların verilişinə qədər hər şeyin ölçülüb-biçilməsi göz önündədir. Bu da öz yerində...
Əli Kərimli, sənin geri çəkiləcək yerin qalıb ki?
Ancaq düşündürücü bir məqam var ki, bu da Əli Kərimlinin "geri çəkilmək fikrim yoxdur" ifadəsidir. Bu adam faktiki olaraq dalana dirənib. Yaxın ətrafı bir-bir deyil, kütləvi olaraq ondan qopur, onu rədd edir, yənəltdiyi avtoritar idarəçilik siyasətinə etiraz edir və s. Üstəlik, keçmiş müavini Razi Nurullayev də o biri tərəfdən Əli Kərimlinin ştampını, möhürünü, hətta "Azadlıq" qəzetini əlindən almaq üzrədir. Sual yaranır ki, əgər bütün bunlar baş verirsə, daha hansı geri çəkilməkdən danışırsan? Onsuz da ki, geridəsən və arxana baxanda lay divar görünür. Bu divarı aşıb, daha da geri çəkilmək isə sənin gücündə deyil. Bu zaman hansı geriçəkilmədən danışıla bilər ki? Və yaxşı olardı ki, Əli Kərimli irəli gedə bilməməsi barədə etiraflar etsin. Desin ki, bu günə qədər qurduğu çoxminli və çoxüzlü planları əvvəl-əvvəl işinə yarasa da, indi bu, mümkün olan məsələ deyil.
Elə bilir ki, bununla Kərimli onu öpüb-gözünün üzərinə qoyacaq
Əvəz Zeynallı da Əli Kərimlidən "qəhrəman" düzəldib, onun barəsində yeni "balladalar" qoşmaq eşqinə düşüb. Nədir ki, o, həbsdə olanda Əli Kərimli "Azadlıq" qəzetində uzun müddət şəklini yerləşdirib, adını da qoyub ki, "vicdan məhbuslarına azadlıq". İndi Əvəz Zeynallı da Əli Kərimliylə əvəz-əvəz oyunu oynayır. Elə bilir ki, bununla Kərimli onu öpüb, gözünün üzərinə qoyacaq. Amma bilmir ki, Əli Kərimli onun şəkli ilə filan qədər pul qazanıb xarici təşkilatlardan. İndi Əvəz Zeynallı Əli Kərimlidən müsahibə alıb, onun başını qaynar olmayan "qaynar qazan"ında qaynatmaqdansa, onun aşından istifadə edərək, qazandığı pulların əvəzini istəsin. Bəlkə elə deyil, kolleqa?
Rövşən NURƏDDİNOĞLU