PDF Oxu

Müxalifət

  • 2 058

AXCP-nin rayon şöbələri Əli Kərimlidən imtina etdi

image

Razi Nurullayevin AXCP-yə tranfer olduqlarını bəyan edən fəallar bundan sonra köhnə sədrlərinə qarşı mübarizə aparacaqlarını bəyan edirlər

Əli Kərimlinin sədrlik etdiyi AXCP-dən istefalar davamlı xarakter almaqdadır. "Səs"ə daxil olan məlumata görə, ötən gün də istefalar sistematik şəkildə davam edib. Saatlıdan olan iki cəbhəçi istefa bəyanatları yayaraq bildiriblər ki, bundan sonrakı siyasi fəaliyyətlərini Razi Nurullayevin təsis etməyə hazırlaşdığı AXCP-də davam etdirəcəklər.

İstefa verən Saatlı cəbhəçilərinin bəyanatlarından: "Həsən Kərimovun, Fuad Qəhrəmanlının partiya daxilindəki "fironluğuna", Əli Kərimlinin yaratdığı avtoritar rejimə etiraz olaraq..."

Saatlı rayonundan olan AXCP üzvü Ramin Məmmədov qeyd edir ki, 2014-cü ildən AXCP Saatlı rayon şöbəsinin üzvüdür: "Partiyada Ruslan Nəsirlinin məruz qaldığı haqsızlıqlara göz yuma bilmirəm. Bir partiyada Əli Kərimli kimi avtoritar insan sədrlik edirsə, orda mübarizə aparmaq mümkün deyil.Bu səbəbdən də mən AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayevi dəstəklədiyimi bəyan edirəm və bundan sonra Əli Kərimlinin ifşa olunması üçün əlimdən gələni əsirgəməyəcəyəm".

AXCP-nin Saatlı rayon şöbəsinin digər təmsilçisi Şahbazov Nayib də öz bəyanatında bildirib ki, 2004-cü ildən partiyanın rayon şöbəsinin üzvüdür və 2005-ci ilin 26 noyabrında Əli Kərimlinin keçirmək istədiyi icazəsiz oturaq aksiyaya cəhddə ittiham olunaraq həbs edilib və cəzasını çəkib: "Mitinqdə həbs olunmuşam. Partiyaya töhfələrim çox olub. Lakin partiya daxilində baş verən proseslərə münasibətim birmənalı deyil."

İstefaçı cəbhəçi bildirib ki, AXCP-də fironluq hökm sürür və o, daha bu kimi özbaşınalıq, anarxiya və avtoritar idfarəçiliyi olan siyasi təşkilatda qalmaq fikrində deyil: "Həsən Kərimovun, Fuad Qəhrəmanlının partiya daxilindəki "fironluğuna", Əli Kərimlinin yaratdığı avtoritar rejimə etiraz olaraq Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə öz dəstəyimi tam şəkildə ifadə edirəm."

Xocavənd və Zərdab cəbhəçiləri Etimad Qurultayına nümayəndə seçərək, Əli Kərimliyə qarşı barışmaz mövqedə dayanacaqlarını bildirirlər

Adları qeyd edilənlərlə yanaşı, daha 2 rayonun cəbhəçiləri Razi Nurullayevi dəstəklədiklərini bəyan ediblər. Belə ki, Razi Nurullayevin bərpa edəcəyi AXCP-nin təsis qurultayına hazırlıqla bağlı partiyanın Zərdab rayon şöbəsinin konfransı keçirilib. Konfransda iştirak edənlər Əli Kərimlinin sədrliyi illərində partiyada diktatura rejimi yaradıldığını, azad, fərqli fikirlərə qarşı ləkələmə, şantaj, təhqir siyasətinin yürüdüldüyünü və bu səbəblərdən də partiyanın xalq arasında əvvəlki nüfuzunu itirdiyini bildiriblər.

Eyni konfrans AXCP-nin Xocavənd rayon şöbəsində də baş tutub. Konfransda partiyanın bərpası və fəaliyyət istiqmətləri, təşkilati məsələlər müzakirə olunub.

Çıxışlar zamanı AXCP-də baş verənlər, Əli Kərimlinin partiya daxilində apardığı yarıtmaz siyasət kəskin şəkildə tənqid olunub. Qeyd edilib ki, Əli Kərimlinin sədrliyi partiyanı birbaşa uçuruma doğru aparır. Həyatını bu təşkilatın inkişafına, qorunub saxlanmasına sərf edənlərə qarşı təzyiqlər göstərilir, böhtanlar atılır. Bunların arxasnda da birbaşa Əli Kərimli və onun yaxın ətrafı dayanır.

Xocavənd cəbhəçiləri məhz bu səbəbdən də Razi Nurullayevin rəhbərliyi ilə yaradılan AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyir və bundan sonrakı fəaliyyətlərini bu istiqamətdə aparacaqlarını bildiriblər.

Qeyd edək ki, hər iki rayonun cəbhəçiləri Etimad Qurultayına nümayəndələrini seçərək, bundan sonra Əli Kərimliyə və ətrafına qarşı ən sərt şəkildə mübarizə aparacaqlarını bəyan ediblər.

Rövşən RƏSULOV

Digər xəbərlər