PDF Oxu

Müxalifət

  • 1 986

Sərdar Cəlaloğlu, parlamentə Qərb üçün seçilirsən, yoxsa xalq üçün?!

image

TƏRS BAXIŞ

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun rəhbəri olduğu siyasi təşkilatın toplantısını keçirib seçkilərdə iştirak etməməsi barədə qərar verməsi, yəni özünün və s. namizədlərinin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməkdən imtina etməsi daha bir məsələni önə çıxarıb. Məsələn, ADP rəhbərliyi bunu belə "əlaqələndirir" ki, guya Avropanın bir sıra seçki müşahidə qruplarının Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməsi sən demə bunların seçkidə əldə edə biləcəkləri müvəffəqiyyətlərin (?!-R.R.) qarşısını alacağıymış və s. Maraqlı və düşündürücüdür ki, əgər siz ADP olaraq seçkilərə qatılmaq qərarına gəlmişsinizsə, demək, özünüzə güvənirsiniz ki, bu addımı atmısınız, deyilmi Sərdar bəy? Yəni özünəgüvənc olmasaydı, siz parlament seçkilərinə, ümumiyyətlə qoşulmazdınız.

Səhv deyiriksə buyur, qatıl seçkilərə və səhvimizi düzəlt!

Amma indi də Avropa amilini ortaya atıb, boykot edəcəyinizi bildirirsiniz. Bu da öz işinizdir. Çünki ADP-nin, AXCP-nin daha hər hansı bir zəif, dəstəksiz siyasi təşkilatın bu boyda seçkilərdə iştirak etməməsi daha yaxşıdır. Ən azından parlamentimiz belələrindən təmizlənər. Təmizlənir ona görə ki, məhz bu kimi partiyaların ingilis bayrağına çevrilmiş liderləri gah o yana, gah da bu yana əsib, bir yerdə qala bilmədiklərini dəfələrlə sübuta yetiriblər. Hər dəfə də ümidlərini dikirləri Avropaya və Qərbə tərəf. Bir adama deyərlər ki, ay bədbəxt, məgər sən parlamentə Qərb üçün seçilirsən, yoxsa xalq üçün?! Əgər avropalı, qərbli seçki müşahidəçilərini "mahna" edib, geri çəkilirsənsə, demək, elə sən bu geriçəkilmənlə Avropanın və Qərbin qaranlıq siyasi dairələrinə işlədiyini etiraf etmiş olursan. Yox, belə deyilsə, səhv deyiriksə, buyur, qatıl seçkilərə və səhvimizi düzəlt! Ancaq bunu etmirsən. Çünki ağaların son anda sənə bunu tapşırıb!

AXCP ADP-nin onlara "qəmiş" olacağını gözləmirdi

Hə, bu arada seçkiləri "boykot" etdiyini car çəkən AXCP rəsmiləri indi də ADP-nin bu addımını öz təbirlərincə yozmağa başlayıblar. Sən demə, ADP-nin hakimiyyətlə "sövdələşməsi" alınmadığına görə, Sərdar Cəlaloğlu bu addıma gedib. Bəli, deyəndə ki, AXCP rəhbərliyi ucdantutma ağlını itirib və nə danışdığını bilmir, durub deyirlər ki, iqtidar mətbuatı bizi təhqir etdi və s. Xeyr, burada təhqir-filan yoxdur. Burada olan məsələ budur ki, AXCP "boykot" qərarı verib, Qərb dairələrinin diqqətini yalnız öz üzərinə çəkməyə çalışıb. Daha dəqiqi, qrant məkanında liderliyi ələ alaraq, erməni lobbisinin xərcləyəcəyi pulu təkbaşına yemək istəyib. Amma ADP-nin ani qərarı AXCP rəhbərliyinin qanını qaraldıb. Ona görə də ADP-nin bunlara "qəmiş" olacağından çəkinərək, deyirlər ki, yox, Cəlaloğlunun partiyası hakimiyyətlə ortaq məxrəcə gəlib, anlaşa bilmədi və s. Başın haqqı, Əli Kərimli!

Hakimiyyətə lazım olan xalqdır

Hakimiyyətə nə AXCP kimi erməniyə satılmış, nə də məqsədi-məramı heç vaxt bəlli olmayan ADP lazımdır. O cümlədən, hakimiyyətə KXCP, "Ümid", Müsavat, daha nə bilim, hansısa müxalifətçi batabat partiyaları da lazım deyil! Hakimiyyətə lazım olan xalqdır. Çünki bu hakimiyyətin mənbəyi də məhz xalqdır. Bu baxımdan, xalqa və dövlətçiliyə işləyən hakimiyyət bunun üçün yalnız öz xalqına arxalanmaqda davam edir. Daha Əli Kərimli, Sərdar Cəlaloğlu və s. bənzər partiya sədrlərinin hakimiyyətə nə qarışacağı?! Ümbül bibi demişkən, qatılmırsan, belə dünəndən qatılma, üzüyümün qaşı ki, düşməyəcək…

Rövşən RƏSULOV

Digər xəbərlər