ÇƏRÇİVƏ
Təhqir müstəvisindəki polemikalar təhdid və hədələrə keçid alıb
AXCP-də məlum proseslərdən sonra vəziyyət daha da kritikləşib. Belə ki, partiyanın rayon şöbələrinin Razi Nurullayev qanadına keçməsindən sonra əsas savaş sosial şəbəkələrdə davam etdirilir. Belə ki, bir müddət öncə Əli Kərimlinin nəzarəti altında olan söyüş qrupunun Razi Nurullayevin tərəfdarlarına qarşı təhqiretmə kampaniyasından sonra indi də təhdid və hədələrə start verilib. Hətta vəziyyət o həddə qədər inkişaf edib ki, AXCP sədri öz adamlarına sosial şəbəkədə hansı söyüşləri işlətməyi də tövsiyə edir.
Əli Kərimlinin söyüş qrupunun rəhbəri Ayət İsmayılovdur
Partiyada fəaliyyət göstərən cəbhəçilərdən birinin məlumatına görə, Əli Kərimli bu məsələdə Ayət İsmayılov adlı şəxsi özünə köməkçi seçib. "Bu adam Əli Kərimlinin bilavasitə göstərişi və şəxsi təlimatları ilə fəaliyyət göstərir"-deyə qeyd edən mənbə ayrıca söyüş statuslarını bəyənənlərin də seçildiyini bildirib: "Belə təhqirləri bəyənənlər siyahısında adı olan daha bir nəfər, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, AXCP-nin Əli Kərimli qanadının rəyasət heyətinin üzvü Eldar Hüseynovdur."
Bildirilir ki, Eldar Hüseynov bununla universitet müəlliminə xas olmayan hərəkətləri ilə söyüşlərlə həmfikir olduğunu, siyasi mübarizəsinin ancaq söyüş və təhqirdən ibarət olduğunu təsdiq edir.
Dəyanət Babayev: "Bəhruz Həsənlinin qardaşı mənə dedi ki, səni tutaram, başını divara çırparam"
Lakin bu arada daha bir vacib məlumat Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli ilə bağlıdır. Məsələ ondadır ki, Bəhruz Həsənli Kərimlinin söyüş qrupunun təhqirlərinə cavab verən Razi Nurullayev tərəfdarına qarşı hədə və təhdid ünvanlayıb. Daha dəqiq desək, narazılar sırasında olan Rahib Hacıyev söyüş və təhqirlərə son qoymağı tələb edərkən, qarşı tərəf onu daha ağır təhqirlərə məruz qalıb. Nəticədə, hər iki şəxs siyasət üzündən bir-birini məişət səviyyəsindən də aşağı söyüşlərlə təhqir ediblər.
Partiyanın funksionerlərindən biri olan və Əli Kərimlinin avtoritar idarəçiliyinə qarşı çıxan Dəyanət Babayev isə bildirib ki, bəzi dostları onu sakit dayanmağa çağırır. Ancaq onun da əsəbləri artıq tab gətirmir: "Bir neçə gündür ki, sakit dayanmışam. Ancaq qarşı tərəf yenə öz fəaliyyətindədir.AXCP Nərimanov şöbəsinin gənc bir üzvü var. Əli Kərimlinin sərəncamsız müşaviri Məmməd İbrahim və şöbə sədri Hacı Abbaslı bu gəncə məsləhət görüb ki, Dəyanət Babayevlə oturub-durma. Onlar məni az qala agent adlandırıblar. İndi mən bunlara nə deyim? Ailədə elə tərbiyə almışam ki, onlara istədikləri formada cavab vermək imkanında deyiləm. Əli Kərimli, bax, görə Nərimanov şöbəsini necə dağıdırlar".
Narazılar: "Biz hakimiyyətin dəyişib bu cür insanlara verilməsini istəmirik... Bunlar hakimiyyətə gəlib hər gün Rasim kimi bir nəfəri öldürüb qatil kimi azadlıqda gəzəcəklər"
D.Babayev daha sonra qeyd edib ki, Ağaşirin Tanrıverdioğlunun qanunsuz olaraq partiyadan çıxaranda qərara etiraz edib: "Bu zaman Bəhruz Həsənlinin qardaşı mənə dedi ki, səni tutaram, başını divara çırparam. Babək Həsənov Cəmil Həsənlinin, Bəhruz Həsənli isə Əli Kərimlinin mühafizəçisidir. Onların söyüşlərinə diqqət edib qiymətini verin. Mərhum jurnalist Rasim Əliyev rəhmətə gedəndə hamı futbolçu Cavid Hüseynovu günahkar bilirdi. Sag olsun dövlət, Cavidi kimliyindən asılı olmayaraq həbsə atdı. Amma bu şəxslər bu gün AXCP-də reketçiliklə məşğuldular. Rəhbərlik bunları görmür? Yetər artıq biz hakimiyyətin dəyişib bu cür insanlara verilməsini istəmirik. Bunlar hakimiyyətə gəlib hər gün Rasim kimi bir nəfəri öldürüb, qatil kimi azadlıqda gəzəcəklər".
Göründüyü kimi, ard-arda istefalar və bunun ağır nəticələri Əli Kərimlidə və ətrafında reaksiya yaradıb ki, bu reaksiyanın getdikcə daha kəskin müstəviyə keçid alacağını düşünmək mümkündür. Ancaq proqnozlar və ehtimallar da belə deməyə əsas verir ki, son anda Razi Nurullayevin tərəfdarları Əli Kərimlinin əlindən möhürünü geri alacaqlar. Artıq AXCP-dən axın edən narazıların kütləvi istefaları da məhz belə qənaətə gəlməyə zəmin yaradır.
Rövşən NURƏDDİNOĞLU