Elman Nəsirli: "Martirosyanın Azərbaycana üz tutması nəticə etibarilə işğalçı ölkədə analoji prosesinin genişlənməsinə rəvac verəcək"
Məlum olduğu kimi, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. V. Martirosyan bildirib ki, rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı" təşkilatının fəaliyyətinə görə, Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. Bütün bunlar bir daha Ermənistanda vəziyyətin son dərəcədə kritik olduğunu göstərir. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, Ermənistan "Milli Azadlıq Hərəkatı"nın təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın Azərbaycana keçməsi və siyasi sığınacaq istəməsi bir daha onu göstərdi ki, həqiqətən də işğalçı ölkə olan Ermənistanda vəziyyət olduqca acınacaqlıdır: "Sözün həqiqi mənasında işğalçı ölkədə köç başlayıb. Bu köçün artıq özünəməxsusluğu ondadır ki, əvəllər insanlar Rusiyaya və Avropa ölkələrinə axın edirdilər. Artıq demək olar ki, Azərbaycana Ermənistan vətəndaşlarının üz tutması tendensiyasının əsası qoyulmağa başlayıb. Azərbaycan tərəfinə keçən insan adı bir vətəndaş deyil. Yəni V.Martirosyan bu addımı atarkən hansı ölkəyə getdiyinin də fərqində idi və bu məhsuliyyəti hiss edib. V.Martirosyan çox gözəl bilir ki, Azərbaycanda normal yaşam tərzi var. Yəni Martirosyan Azərbaycana keçməklə Ermənistanda üzləşdiyi siyasi repressiyalardan canını qurtaracaq və hər bir vətəndaş üçün lazım olan kriteriyalar var və uyğun şəkildə onları Azərbaycanda əldə edə bilər".
"Ermənistan müxalifət liderinin Azərbaycana keçməsi fonunda digər Ermənistan vətəndaşları da analoji addım ata bilərlərmi" sualını cavablandıran E.Nəsirli onu da bildirdi ki, Ermənistan müxalifətinin tanımış simalarından olan Vaan Emilyeviç Martirosyan Azərbaycan tərəfinə keçməsi ilə artıq bu prosesin ardıcıl xarakter daşıyacağı ilə bağlı proqnozlar reallığa çevrilir: "Xüsusilə də, Rusiyadakı Azərbaycan diasporunun bir çox nümayəndələri ilə görüşlər zamanı da erməni vətəndaşları belə fikirlər söyləyirlər ki, əgər Ermənistanda hadisələr bu şəkildə inkişaf eləsə, onda onlar yəqin ki, iqtisadi və maliyyə sanksiyalarından çıxılmaz vəziyyətə düşən Rusiyaya deyil, Azərbaycana üz tutacaqlar. Çünki erməni vətəndaşları hesab edirlər ki, Azərbaycanda öz həyatlarını qura bilərlər və beləliklə də Azərbaycana keçirlər. Bir sözlə, Ermənistan müxalifətinin tanınmış simalarından biri olan Vaan Emilyeviç Martirosyanın Azərbaycana üz tutması nəticə etibarilə işğalçı ölkədə analoji prosesin genişlənməsinə rəvac verəcək".
GÜLYANƏ