PDF Oxu

Müxalifət

  • 1 767

Müxalifət xalqa arxalanmır

image

"Azadlıq-2015" seçki blokunun seçkilərə qatılmaması bu qurumun hansı maraqlara xidmət etdiyini göstərir

Parlament seçkiləri yaxınlaşdıqca, müxalifət düşərgəsində çaxnaşmalar və didişmələr daha da dərinləşir. Bu da ondan qaynaqlanır ki, düşərgədə boyundan, gözə necə görünməyindən asılı olmayaraq hər bir partiya və ona rəhbərlik edən şəxs özünü digərindən daha nüfuzlu, sosial dayağa malik qüvvə kimi təqdim edir, elə ki lazım olan məqam yetişdi, köhnə vərdişlərinə aludəçiliklərini təsdiqləməklə əks-təbliğat kampaniyasının sürətini artırmaq məcburiyyətində qalırlar.

Hələ seçkilərə xeyli müddət qalmış bu ünsürlərin açıqlamalarını və tabeliklərində olan mətbu orqanlarda dərc olunan yazıları xatırlasaq, məqsəd və məramın nədən ibarət olduğu bəlli olar. Xüsusilə də, "Milli Şura"nın seçkiləri zəifliklərinin ucbatından boykot etmək qərarlarını ölkədə demokratik seçki mühitinin olmamasına etiraz adı altında ört-basdır etmək cəhdləri diqqətdən yayınmır. AXCP-çilərin seçkilərdə iştirak etməyi xalqa xəyanət kimi qəbul etdirməyə çalışmaları bir daha onların hansı maraqlara xidmət etdiklərini sübuta yetirir. O zaman sual etmək istərdik: seçkilərdə iştirak edib, ölkənin gələcək inkişafına dəstək olmaq xəyanətdirsə, onda ermənilər və ermənipərəst qüvvələrlə işbirilyində olub, Azərbaycanın əleyhinə təbliğat aparmağı necə adlandırmaq olar? Bütün fəaliyyəti dövlətə, xalqa xəyanətdən ibarət olan Ə.Kərimlinin "adımı sənə qoyum, səni də yana-yana" deyimi üzrə hərəkəti onun simasızlığına, mənəviyyatsızlığına işıq salır. "Boykot" beynəlxalq səviyyədə də qeyd edildiyi kimi, zəifliyin və gücsüzlüyün göstəricisidir. Digər tərəfdən, AXCP rəhbərinin və onun sifarişlərinin icraçısı olan yazarların bu və ya digər beynəlxalq təşkilatın, dövlətin adından hesabatlar hazırlamaları və qətnamələr tərtib etmələri ictimaiyyətdə onlara qarşı mənfi rəyi birə on qat artırır. Vətəndaşlıq təəssübkeşliyindən uzaq olan bu ünsürlər ictimai fikri çaşdırmaq üçün bu kimi fikirləri səsləndirirlər ki, ölkədə guya demokratik seçki mühiti olmadığından, seçkilərin nəticələri öncədən hazır olduğundan avropalı deputatlar beynəlxalq müşahidəçilərə Azərbaycandakı seçkiyə getməməyi tövsiyə edir. Maraqlı, eyni zamanda özlərinin xislətinə uyğun açıqlama deyilmi? Bu baxımdan ki, əli kərimlilər xarici dairələrin diktəsi əsasında oturub-durub, onların sifarişlərinin icraçısı olduqlarından elə düşünürlər ki, hakimiyyət də siyasətini kimlərinsə göstərişlərinə uyğun həyata keçirir.

Unutmayaq ki, Azərbaycan müstəqil dövlətdir, göstərişlər əsasında oturub-durmur. Ən əsası seçkilər xalqın iradəsinə əsaslanır. Azərbaycan dövləti, qeyd etdiyimiz kimi, yalnız reallıqlarımızın şahidi olmaq, demokratik inkişafı yaxından izləmək üçün xarici müşahidəçilərin seçki prosesini izləmələrinə səy göstərir. Buna görə də dağıdıcıların və onların inhisarında olan mətbu orqanların əsassız təbliğatları ictimai fikrə təsir etmək imkanında ola bilməz. Reallıqların içərisində olan xalq seçkilərə hazırlığın hansı səviyyədə olduğunu çox yaxşı görür və dəyərləndirir.

Sərdar Cəlaloğlunun anlaşılmaz məntiqləri

Dünənə qədər "Milli Şura"nın seçkini "boykot" etməsinin müxalifətə heç bir aidiyyatının olmadığını deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu gün seçkilərdə iştirak etməyəcəyi barədə qərar verməsi, yəni özünün və s. namizədlərinin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməkdən imtina etməsi daha bir məsələni önə çıxarıb. Məsələn, ADP rəhbərliyi bunu belə "əlaqələndirir" ki, guya Avropanın bir sıra seçki-müşahidə qruplarının Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməkdəm imtina etməsi sən demə, bunların seçkidə əldə edə biləcəkləri müvəffəqiyyətlərin (?!-R.H.) qarşısını alacağıymış və s. Demək, belə çıxır ki, ADP seçkilərə öz seçicilərinə deyil, Qərbə ümid bəsləyərək gedirmiş. Üstəlik, Avropa siyasilərinə bel bağladığını da bununla sübuta yetirmiş olub. Demək, məsələ bəllidir. Bu yerdə xoruzun quyruğu görünür. Yəni müxalifət deyilən azarın kökündə hər zaman xaricə işləmək, xaricdən pənah ummaq və özünə xarici ağa seçməkdən ibarət olub. Xalqı isə heç vaxt özlərinə ağa seçməyiblər bunlar. Çünki elə 30 ilə yaxındır ki, bu kəslər bir-birlərini "bəy" deyə çağırırlar. Ona görə də xalq amili bunlar üçün çox aşağı bir məsələdir.

Avropanın ermənipərəst siyasətini dəstəkləyən "Azadlıq- 2015" seçki bloku da hansı maraqlara xidmət etdiyini göstərir

Doğrusu, Avropa amilini ortya atıb, seçkiləri "boykot" edəcəklərini bildirən "Azadlıq-2015" seçki blokunun da bu boyda seçkilərdə iştirak etməməsi və Avropanın ermənipərəst siyasətini dəstəkləyəcəklərini bildirmələri, lap yerində olub. Çünki yaxşı bilirlər ki, xalqa ermənipərəst dairələrə dəstək verəcək millət vəkillərinə heç vaxt dəstək ola bilməz və bunu 20 ildən çoxdur ki, görürlər. Elə buna görə də, belələrinin seçkilərə qatılmamaları daha yaxşıdır. Ən azından parlamentimiz belələrindən təmzilənər. Təmizlənər ona görə ki, məhz bu kimi partiyaların ingilis bayrağına çevrilmiş liderləri gah o yana, gah da bu yana əsib, bir yerdə qala bilmədiklərini dəfələrlə sübuta yetiriblər. Əgər avropalı və qərbli seçki müşahidəçilərini "mahna" edib, geri çəkilirsənsə, demək, elə sən bu geriçəkilmənlə Avropanın, Qərbin qaranlıq siyasi dairələrinə işlədiyini etiraf etmiş olursan. Çünki ağaların bunu sənə tapşırıb!

Beləliklə, hakimiyyətə nə AXCP kimi erməniyə satılmış, nə məqsədi-məramı heç vaxt bəlli olmayan ADP, nə də "Azadlıq-2015" seçki blokunda KXCP, "Ümid", Müsavat və daha nə bilim hansısa müxalifətçi batabat partiyaları lazım deyil! Hakimiyyətə xalq lazımdır və hakimiyyətin mənbəyi də məhz xalqdır və bu kəslər bu həqiqəti çox yaxşı bilirlər ki, xalqa deyil, xarici himayədarlarına arxalananların aqibəti siyasi meydanın küncünə sıxılmaqdır. Bu günədək ölkədə keçirilən və xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri də bunun təsdiqidir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər