"Əli Kərimlinin mühafizəçiləri Kamandar Hüseynovun evinə basqın edib sənədləri götürdülər"
AXCP-də baş verən kütləvi istefaların və narazılıqların yeni təfərrüatları ortaya çıxdıqca partiyada hökm sürən anti-demokratik mühitin əsl səbəblərinə bir daha aydınlıq gəlir. Partiyanı tərk edən şəxslərin istefa ilə bağlı bəyanatları eyni cür səslənsə də, lakin onların istefalarının səbəbləri tamamilə fərqlidir. Hətta Əli Kərimli tərəfindən evinə, ailəsinə edilən basqınlara görə AXCP-ni tərk edənlər də oldu.
AXCP-dəki mənbədən "SƏS" qəzetinə daxil olan informasiyaya görə, partiyanın Suraxanı rayon təşkilatı ali məclisinin keçmiş sədri Kamandar Hüseynov Ə.Kərimlinin adamları tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb. Mənbə bildirir ki, AXCP sədrinin mühafizəçiləri Bəhruz Həsənov və Elşən Bəyləroğlu K.Hüseynovun əl-qolunu bağlayaraq məcburi maşına basıblar. Daha sonra K.Hüseynovun evinə basqın edən bu iki şəxs K.Hüseynovun evindən ali məclisə aid sənədləri götürüblər. Əsl dava-dalaş da elə bundan sonra başlayıb. Belə ki, evinə edilən basqına görə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini deyən K.Hüseynov bu dəfə Ə.Kərimlinin sürücüsü Kərim Mehdiyev tərəfindən ölümlə təhdid olunub. "20 Yanvar" metrostansiyası ərazisində K.Hüseynovun qarşısını maşınla kəsən sürücü ona vaxt da verib ki, əgər iki gün ərzində AXCP-dən istefa verib getməsə və bildiklərini hardasa danışsa, başına daha pis hadisələr gətiriləcək.
"Razi Nurullayev Əbülfəz Qurbanlı üçün elçi getmişdi..."
AXCP-dəki mənbə partiyada baş verənlərlə bağlı tükürpədici faktlar açıqlayıb. Mənbə deyir ki, AXCP fəalı Seymur Həziyevin həbs olunmasında Həsən Kərimovun böyük rolu olub: "Seymur partiya sədrliyinə ən şanslı namizədlərdən idi. Hətta onun sədr olması ilə bağlı xaricdəki adamlarla da razılıq əldə olunmuşdu. Lakin Ə.Kərimlinin tapşırığı ilə H.Kərimov və Fuad Qəhrəmanlı ona təxribat hazırladılar. Nəticədə, Seymur da qanunu kobud şəkildə pozaraq məsuliyyətə cəlb olundu". Mənbə onu da bildirir ki, Əbülfəz Qurbanlı partiyadan getməsə idi, Ə.Kərimlinin adamları "bədbəxt hadisə" törədib, onu öldürəcəkdilər: "Əbülfəzə münasibəti yaxşı olan adam Razi Nurullayev idi. Razi Bəyim Həsənlini Əbülfəzə almaq üçün elçi də getmişdi. Lakin qızı ona vermədilər. Çünki Əbülfəz ailəli idi, övladları var idi, arvadını da, uşaqlarını da atmışdı. Amma Bəyimlə Əbülfəz qeyri-rəsmi birlikdə yaşayırdılar".
"Bizi maşına mindirərək polis bölməsinə aparanda, maşını saxlayıb Fuad Qəhrəmanlını buraxdılar"
AXCP-dəki mənbə 2014-cü il 2 aprel aksiyası haqqında da maraqlı informasiyalar açıqladı: "2 aprel aksiyası zamanı icazəsiz aksiya keçirildiyinə, asayişi pozduğuna görə bir neçə nəfər həbs edildi. Elə Fuad Qəhrəmanlı da. Mən də onların içərisində idim. Bizi maşına mindirərək polis bölməsinə aparanda, maşını saxlayıb Fuad Qəhrəmanlını buraxdılar. Sual olunur, niyə? Hamımız təəccüb içərəsində qalmışdıq. Daha maraqlı hadisələr isə bundan sonra oldu. Səhəri günü eşitdik ki, Fuad qiyməti 25 min dollar olan "CİP" alıb. Bu, necə ola bilərdi? Surşanlara isə cavab verirdi ki, mənim bir qardaşım ( Polad- S.F.) bankda hüquqşünasdır, o biri də kredit şöbəsinin müdiridir ( Vüsal- S.F.), maşını onların əli ilə almışam". Mənbə Fuadla Ə.Kərimli arasındakı münasibətlərdən də danışıb: "Əslində, AXCP sədri Fuaddan çox ehtiyat edir. Razi sakit adamdır, sadəcə onu o həddə Ə.Kərimli çatdırdı. Amma Fuadın satqın olduğunu Ə.Kərimli də bilir. Dəfələrlə Fuad haqqında ona tutarlı faktlar veriblər. Ancaq Ə.Kərimli "əşşi, nə deyirəm edir də, hələ ki, belə lazımdır" deyərək məsələdən yayınır.
Samir