TƏRS BAXIŞ
Sahib Kərimli: "Əli Kərimliyə 2018-ə qədər vaxt verirəm"
AXCP-nin qondarma qurultayı baş tutduqdan sonra partiya kuluarlarında davam edən söz-söhbətlər səngimək bilmir. Xüsusilə, sözügdən tədbirdə iştirakçı kvotasını doldurmaqdan ötrü heç vaxt AXCP üzvü olmayan, bitərəf insanların pul-para müqabilində oraya cəlb edilməsi, onların səsvermədə iştiraklarının təmini demək olar ki, başdan-ayağa teatr səhnəsini xatırladıb. Lakin məsələ yalnız həmin qurultayın qondarmaçılıq, saxtakarlıq və avtoritarçılıq üzərində təşkil edilərək, ictimai rəyin gözündən pərdə asmaqdan ibarət deyil. Məsələ, eyni zamanda orada Əli Kərimliyə qarşı alternativ olduğunu iddia edən cəbhəçi Sahib Kərimlinin etdiyi çıxışındadır. Təbii ki, məhz AXCP ritorikasına məxsus haray-şüvənçilik, səs-küy salmaq, mənəm-mənəmlik bu dəfə də özünü açıq qaydada sərgilədi.
Əli Kərimlini haqlı olaraq bir sıra ittihamlarda suçlayan opponenti sonda bir faktor üzərində dayanıb ki…
Hətta Əli Kərimlinin yenidən sədr seçiləcəyini yaxşı bilən opponenti Sahib Kərimli də Əli Kərimlisayağı çıxış etdi. İqtidara qarşı heç bir əsası olmayan fikirləri və s. dırnaqarası nitqi ilə zalda toplaşanları özünə tərəf cəlb etməyə çalışan Sahib Kərimli, nəticədə öz məqsədinə çatmağa nail olub. Daha doğrusu, Əli Kərimlini haqlı olaraq bir sıra ittihamlarda suçlayan opponenti sonda bir faktor üzərində dayanıb ki, bu da AXCP-də sədrlik uğrunda savaşın bitmədiyi anlamını daşımaqdadır. Hətta onun yenidən saxtakarlıq yolu ilə seçilən Əli Kərimliyə anonsu da kifayət qədər maraqdoğurucudur. Sitat: "…Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda namizəd kimi söz vermək belə istəmirdilər, israrla söz ala bildim. Qurultayın keçirilməsilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Əli Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi, amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə, namizədliyimi geri götürdüm."
Videodan da görünür ki, Fuad Qəhrəmanlı saxtakarlığın tam olaraq baş tutması üçün əlindən gələni "beş qaba çəkib"
Göründüyü kimi, ortada olan əsas iddia partiyaya sədrliyə namizədin (!) gizli səsvermə tələb etməsinə rəğmən, onun tələbinin qulaqardına vurulmasıdır. Xüsusilə, saxta qurultayın videogörüntülərindən də aşkar şəkildə bilnir ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı saxtakarlığın tam olaraq baş tutması üçün əlindən gələni əvvəlcədən edib. Yəni necə deyərlər, "beş qaba çəkib". Çox yəqin ki, bu baxımdan, Sahib Kərimlinin çıxışı əsnasında o öz yerindən istehzalı gülümsəmələr sərgiləyib və demək olar ki, Əli Kərimlinin opponenetini ciddiyə almadıqlarını göstərməyə çalışıb. Ancaq…
Ancaq görünür, uzun illər bundan öncə AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyə qarşı xəyanətkarcasına davranan hazırkı cəbhə rəhbərliyi ayağının isti yerdə olduğu qənaətindədir.
Əli Kərimlinin Əbülfəz Elçibəyin də yerinə hayla sahib çıxması, yaxınlarda onun sədrlikdən vayla getməsini təmin edəcək
Yəqin ki, hayla gələnin vayla getməsi faktorunu çox yəqin unudublar, ya da unudulduğu kimi göstərməyə alışıblar. Məsələn, AXC iqtidarının hayla gəlib, vayla getməsindən sonra, Əli Kərimlinin Əbülfəz Elçibəyin də yerinə hayla sahib çıxması, yaxınlarda onun sədrlikdən vayla getməsini təmin edəcək. Çünki Sahib Kərimli öz çıxışında açıq-aşkar təhdidə keçərək, Əli Kərimliyə qarşı sona qədər mübarizə aparacağını bəyan edib. O bunu qurultayın növbəti günü mətbuata açıqlamasında da deyib: "Gizli səsvermə, ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa (bu ortamda bu qədəri mümkün idi) çıxışımdan sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin siyasi məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı deyə düşünürəm. Vicdanımın səsiylə, doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir. Mən, Əli Kərimliyə 2018- ci ilin prezident seçkilərində uğurlar arzu etdim və həmçinin, qeyd etdim ki, 2018 - ci ildə siz artıq, 18 ilin partiya sədri olaraq, 4 prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lideri olacaqsınız və bundan sonra mən sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacam. Partiyanın heç bir seçkili orqanında təmsil olunmayacam, sıravi üzv qalacam, bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür.Bu müddətdə üzərimdə işləməyə, bilgilərimi artırmağa, ortaq düşüncələrimiz olan dostları tapmağa çalışacam. Bu gündən müzakirələri birtərəfli qaydada dayandırıram".
Göründüyü kimi, hətta Əli Kərimli saxta yollarla yenidən sədr seçilməsinə rəğmən, Sahib Kərimli onu dinc buraxmayacağını bəyan edib. Bu isə onun 2018-ci ilə qədər sədr qala bilmək şansını artırmır, əksinə azaldır. Çünki bir tərəfdən Razi Nurullayev tərəfindən vurulan Əli Kərimli, o biri tərəfdən də Sahib Kərimli tərəfindən vurulmaqda davam edəcək. Hətta çox yaxın zamanlarda cəbhə sədrinin daha bir neçə müavinləri tərəfindən vurulacağını ehtimal etmək mümkündür. Çünki AXCP-də baş verən daxili olaylar da məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.
Rövşən RƏSULOV