PDF Oxu

Müxalifət

  • 2 454

Əli Kərimli qurultay adı altında şou yaratdı

image

Tahir Kərimli: "Bu vəziyyət bir qədər də belə davam etsə, Əli Kərimlinin qrupu dağılacaq "

Müxalifətdaxili qarşıdurmalar yeni qopmaların baş verməsinə gətirib çıxarır. Bu da vəziyyətin AXCP-də daha gərgin olduğu fikrini möhkəmləndirir. Baxmayaraq ki, Əli Kərimli mövcud ağır durumu aradan qaldırmaq üçün uğursuz cəhdlər göstərir. Hətta qurultay adı altında bir toplantı da keçirib, hay-küy xarakterli bəyanatlarla çıxış edir. Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs"ə açıqlamasında Ə.Kərimlinin keçirdiyi mini-qurultayın şou xarakteri daşıdığını və bu şounun da Ə.Kərimlinin ziyanına işlədiyini bildirib: "Ə.Kərimli özünü sədr seçdi. Onun sədrliyi legitim deyil. Çünki AXCP adlı təşkilat artıq mövcud deyil. Bu qurultayda partiyanı yaradanlardan heç kəs yox idi. Bir sözlə, həmin yerə yığışanlar sədri qəbul edən şəxslər idi. Ona görə də, onların bu qurultayını Ə.Kərimlinin ətrafında olan muzdlu şəxslərin növbəti yığıncağı adlandırmaq olar".

"Qurultayda açıq şəkildə Əli Kərimlinin siyasi fəaliyyəti tənqid olunsa da, qurultayın nəticələri ilə bağlı qərar qəbul ediləndə, bu, nəzərə alınmadı. Bu, bir daha Əli Kərimlinin demokratik prinsiplərə dözümsüz olduğunun göstəricisi sayıla bilərmi?" sualını cavablandıran partiya sədri bildirdi ki, Əli Kərimlinin qeyi-demokratik yollarla sədr seçiləcəyi əvvəlcədən bəlli idi: "Doğrudan da AXCP-də antidemokratik mühit hökm sürür. Nəticədən narazı qalanlar çıxış yolunu AXCP-dən istefa verməkdə görürülər. Vəziyyət bir qədər də belə davam etsə, Əli Kərimlinin qrupu dağılacaq".

T.Kərimli sonda onu da bildirdi ki, müxalifət partiyalarına rəhbərlik edən liderlər apardıqları səhv siyasəti çox gözəl başa düşürlər: "Həmin liderlər nə etdiklərinin fərqindədirlər. Sadəcə olaraq, bu liderlərin apardıqları səhv siyasəti həmin partiyaların ətrafına taplaşan sıravi üzvülər başa düşmürlər. Amma gördüyünüz kimi, 20 il ərzində bu liderlər ölkədə keçirilən bütün seçkiləri uduzsa belə, yenə də müxalifətdə partiya rəhbəri kimi fəaliyyət göstərirlər. Bu isə onların siyasi mədəniyyətdən uzaq olduqlarını göstərir".

GÜLYANƏ

Digər xəbərlər