TƏRS BAXIŞ
Fikirlər müxtəlif, səbəb isə birdir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ötən həftənin bazar günü keçirilən qurultayından sonra daha bir neçə məqamlar məlum oldu ki, onlardan biri də ənənəvi düşərgədə təmsil olunan müxalifət partiyalarının həmin qurultayın işinə qonaq qismində qatılmamaları məsələsidir. Dzüdür, AXCP-nin də elə təmsilçiləri var ki, onlar qurultayın işinə, sadəcə görüntü yaratmaq üçün qatılmışdılar. O cümlədən, "Milli Şura"da təmsil olunan partiyaların təmsilçiləri partiyaları adından deyil, məhz "Milli Şura" adından oraya getmək məcburiyyətində idilər. Lakin barmaqla sayıla biləcək bir neçə nəfərin orada olması heç də həmin qurultayın "möhtəşəm" keçməsi anlamını vermir. Yəni onsuz da Əli Kərimlinin saxta yollarla sədr qalacağı öncədən bəlli idi. Məhz belə olan təqdirdə, digər müxalifət partiyalarının həmin tədbirə getməmələrinin arxasında növbəti nüansların dayanması şübhəsizdir.
Əli Kərimli Arif Hacılını AXCP-nin qurultayına dəvət etsəydi, ikinci birincinin dəvətini dərhal qəbul etməyəcək və bunu öz partiyadaşları ilə müzakirəyə çıxaracaqdı
Digər tərəfdən, AXCP-nin əzəli düşməni olan və hələ də ötən ilin sentyabrında baş tutan saxta qurultayından, həmçinin başqan seçkilərindən sonra istefaların qarşısını ala bilməyən Müsavat partiyasının yetkililəri də bir sıra vacib məqamlara toxunaraq, nəyə görə cəbhəçilərin qurultaylarında qonaq qismində iştirak etmədiklərini bildiriblər. Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı bununla bağlı mətbuata açıqlamasında AXCP qurultayına dəvət almadıqlarına görə iştirak etmədiklərini bildirib, bunun üçün də gedib-getməmək barədə partiyadaxili müzakirə aparmadıqlarını deyib. Ancaq burada digər vacib məqamlar da var. Məsələn, Müsavat yetkilisi, hətta dəvət alsaydılar belə, həmin dəvətin partiya rəhbərliyi tərəfindən müzakirə olunacağını bildirib. Yəni Əli Kərimli Arif Hacılını AXCP-nin qurultayına dəvət etsəydi, ikinci birincinin dəvətini dərhal qəbul etməyəcəkdi və bunu öz partiyadaşları ilə müzakirəyə çıxaracaqdı. Bu isə o deməkdir ki, hətta dəvət alsaydılar belə, qurultayın işinə qatılmamaq üçün bir bəhanə tapacaqdılar.
AXP sədri Pənah Hüseyn AXCP-nin qurultayında iştirak etmədiyinə görə şaddır
"Azadlıq - 2015" seçki blokuna daxil olan daha bir müxalifət siyasi təşkilatının rəhbəri - Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də AXCP qurultayına dəvət olunmadığını söyləyib: "Bizi dəvət edib-etməmək onların daxili məsələləridir. Dəvət olunmadığıma görə də iştirak etmədim".
AXP sədrinin "dəvət edib-etməmək qərarı onların öz daxili məsələləridir" ifadələri də, əslində bir çox məsələlərdən xəbər verir. Partiya rəhbəri bununla demək istəyir ki, əslində, o, partiyasının AXCP-nin qurultayına qonaq kimi dəvət edilməyəcəyini əvvəlcədən bilir. Yəni AXCP rəhbərliyi Pənah Hüseyni oraya dəvət etməyiblərsə, demək, onların da arasında çox dərin bir uçurum mövcuddur.
O cümlədən, AXP sədri, hətta dəvət olunmamasından şad olduğunu da gizlətməyərək bildirib ki, məhz bu səbəbdən, yəni dəvət almaması səbəbindən həmin tədbirə qoşulmayıb.
Yeni yaradılmış "AĞ blok" sədri Əli Kərimlinin AXCP-ni tərbiyəsizlikdə ittiham edib
Qeyd edək ki, siyasi partiyalarla yanaşı, müxalifətdə təsis edilən hərəkat və bloklar da AXCP-nin qurultayına dəvət almayıblar. Bu arada yeni yaradılmış "AĞ blok" təsisçisi Tural Abbaslı siyasi etika baxımından belə tədbirlərə digər qurumların dəvət olunmasının vacibliyini desə də, dəvət almamasını tərbiyəsizlik kimi qiymətləndirib. Ona görə də dəvət olunmadan, belə tədbirlərdə özfəaliyyətlə iştirak etməyin doğru olmadığını deyən blok rəsmisi, o cümlədən bildirib ki, siyasi protokola görə, digər siyasi qurumların dəvət olunması vacib idi: "…Dəvət etməmək o deməkdir ki, digər qurumların iştirakını istəmirlər. İstənilməyən yerdə təbii ki, biz və digər təşkilatlar iştirak etmərik."
Abbaslı artıq müxalifət partiyalarının digər müxalif qurumlarını öz tədbirlərinə dəvət etmədiklərinin ənənə şəkli almasını da dilə gətirib: "Çox acınacaqlı vəziyyətdir."
Beləliklə, AXCP-nin özünü müxalifətin "lider" partiyası kimi ictimai rəyə sırıması növbəti dəfə fiaskoya uğramaqla yanaşı, qarşı tərəflər də AXCP-nin yararsız bir siyasi quruma çevrildiyini bu və ya digər mənalarda izhar edirlər. Bu isə həm də belə qənaətə gəlməyə səbəb olur ki, artıq müxalifətin Əli Kərimli "obrazı" çoxdan silinərək, arxivə lazımsız tullantı kimi atılıb. Hətta saxta qurultay keçirib, saxtakarlıq yolu ilə yenidən sədr seçiməsi belə, onu bu acı və rüsvayçı vəziyyətdən çıxara bilməyib.
Rövşən RƏSULOV