Düşərgə liderləri özləri də buna inanmırlar
Adı müxalifətin olan, əslində isə ermənipərəst dairələrin ideyası əsasında yaradılımış "Milli Şura"nın antimilli maraqlara xidmət etməsi bəlli olsa da qarşıdakı parlament seçkiləri ərəfəsi yenə də həyasızlığından əl çəkmir. Çünki bu oyuncaq qurumun yaradılmasında əsas məqsəd heç də, özlərinin dedikləri kimi, demokratik seçkilərin keçirilməsi deyilmiş. Bunu müxalifət nümayəndələri də təsdiqləyirlər ki, bu qondarma qurum qaranlıq məqsədlərə xidmət etmək üçün yaradılıb. Elə bu günlərdə mitinq keçirmək istəmələri bunu bir daha sübut edir. Bu, o qurumdur ki, hələ seçkilərin keçirilməsinə 7-8 ay vaxt qalmasına baxmayaraq, müxaliflər seçkinin qeyri-demokratik keçiriləcəyi haqqında əsassız uydurmalar yaydılar və bu gün də bu çirkin niyyətlərindən əl çəkmirlər. Çünki artıq indidən uğursuzluqlarını görürülər.
Aydın Mirzəzadə: "Radikal müxalifət növbəti dəfə gücsüzlüyünü nümayiş etdirəcək"
YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "Milli Şura"nın mitinqinə münasibət bildərərək deyib ki, mitinq keçirmək onların hüququdur: "Milli Şura"nın bu cür mitinq keçirməsi Azərbaycanda demokratiyanın olmasının göstəricisidir. Bir məsələ də var ki, belə tədbirlərdə hər dəfə daha az nümayişçi iştirak edir. İsrarla özünün gücsüzlüyünü, elektorat bazasının olmadığını nə üçün sübüt etmək istəyirlərsə, bu, mənə aydın deyil. Yenə də bir neçə yüz adam gələcək və ümumi şüarlar olacaq. Bununla da parlament seçkiləri öncəsi radikal müxalifət növbəti dəfə öz gücsüzlüyünü nümayiş etdirəcək".
Adil Qeybulla: "Milli Şura" xarici ölkələrdəki anti-Azərbaycan dairələrin ideyası əsasında yaradılan xəyanətkar qurumdur"
"Milli Şura"nın mitinq qərarına ciddi narazılıq edən Müsavat partiyası divanının sabiq üzvü Adil Qeybulla bildirib ki, "Milli Şura"nın əsas məqsədi yalan vədlər verdikləri insanların başını müxtəlif bəhanələrlə qatıb vaxt qazanmaqdır: "Milli Şura"nın mitinq keçirməkdə məqsədi nədir? Kimə etiraz edirlər? Mitinq seçkidən sonra keçiriləndə deyilir ki, seçkilər saxtalaşdırılıb və xalqı ayağa qalxmağa çağırırıq. İndiki situasiyada niyə mitinq keçirilir? Bu, nəyi göstərir? Kimə və nəyə etiraz edilir? Çünki "Milli Şura"nın strategiyası yoxdur. Mitinqin keçirilməsi qərarı bunu bir daha sübut edir. Hadisələrin gedişi onu göstərir ki, "Milli Şura"da və ona yaxın olanlar arasında hakmiyyət ehtirası ilə yanan qüvvələr də var".
A.Qeybulla "Milli Şura"nı xəyanətkar adlandırıb. Həmin qurumun xarici ölkələrdəki anti-Azərbaycan dairələrin ideyası əsasında yaradılması artıq özünü doğrultmaqdadır. A.Qeybullanın qənaətinə görə, başqa dövlətin xüsusi xidmət orqanları ilə, digər xüsusi güc strukturlarının orqanları ilə separat əlaqələr dünyanın hər yerində Vətənə xəyanət kimi dəyərləndirilir: "Bu, cinayət tərkibli bir hadisədir, məsələ ictimailəşdirilməlidir, bu məsələlərdə cavabdeh olan şəxslər xalqın qarşısında cavab verməlidir. Çünki bəzi məsələlərin konturları görünməkdədir".
Sərdar Cəlaloğlu: "Milli Şura"nın mitinqi fürsətçilikdir"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Milli Şura"nın seçki ərəfəsi keçirmək istədiyi mitinqə münasibət bildirərək, indiki halda bu aksiyanı fürsətçilik kimi qiymətləndirib: "Biz görürük ki, 20 ildir Azərbaycandakı vəziyyəti pisləyən beynəlxalq təşkilatlar demokratiyaya heç bir ciddi dəstək verməyib, yalnız mövqe bildiriblər. Bu da onu göstərir ki, məqsəd heç də demokratiyanı müdafiə etmək deyil, demokratiya adı altında öz maraqlarını təmin etməkdir. İndiki halda "Milli Şura"nın keçirdiyi aksiyalar məhz həmin anti-Azərbaycan qüvvələrinə sərf edəcək". S. Cəlaloğlu "Milli Şura"nın həmişə siyasi maraqlarını ortaya qoyduğunu bildirib: "Bu gün kifayət qədər anti-Azərbaycan mövqeyində olan dairələr var ki, ölkədəki nöqsanları qabartmaqda məqsədi heç de demokratik dəyərlər deyil. Onlar, sadəcə, ölkənin imicinə zərbə vurmaq niyyətindədirlər".
Beləliklə, düşərgə liderləri özləri də radikal müxalifətin mitinq "eyforifası"na inanmırlar. Ona görə də mitinq-filan keçirməsələr, daha yaxşı olardı. Çünki bunlar mitinq keçirdikcə, paxırları daha da üzə çıxır və ifşa olurlar. Nəticədə, cəmiyyət isə belələrindən iyrənir.
R.HÜSEYNOVA