SİYASİ RAKURS
Araz Əlizadə İqbal Ağazadəyə sərt cavab verib
Parlament seçkiləri ərəfəsində müxalifətdən olan namizədlər və qeyri-namizədlər arasında kəskin polemikalar və söz atışmalarına start verilib. Belə ki, istər seçkilərdə iştirak etmək qərarı vermiş partiya sədrləri, istərsə də bu prosesdə iştirak etməyən təşkilat rəhbərləri bir-birlərinə qarşı ittihamlarla çıxış edir, çatışmayan cəhətlərini üzlərinə vururlar. Məsələn, uzun müddət "Ümid" partiyasıının sədri İqbal Ağazadə ilə birgə tezislərdən çıxış edən, eləcə də "Qarabağ" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu dəfə həmin blokun yararsızılığını etiraf edərək, onun üçün qarşı tərəfin bitdiyini bəyan edib. O, bunu İqbal Ağazadənin "Qarabağ" blokundan kənar olan "125-lər"ə transfer olması ilə əlqələndirib. ADP sədri "Ümid" sədrini dolayısilə xəyanətdə suçlayaraq, əslində onun öz müttəfiqinin seçkiyə gedən yolunu kəsdiyini bildirib. Beləliklə, ADP-"Ümid" arasındakı körpülərin tamamilə yandığını istisna etmək olmaz.
İqbal Ağazadənin təxmini fikri: "Araz Əlizadə yaxşı namizəddir, amma məndən sonra..."
Ancaq bu arada seçkilərlə bağlı daha bir müxalifət partiyası, "solçu" siyasi prinsipilə çıxış edən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri İqbal Ağazadəni hədəfə alıb. Daha dəqiq desək, "Ümid" sədri ASDP sədrinin də onunla eyni dairədən namizəd olacağını öyrəndikdən sonra ona qarşı atmacalı iadələr işlədib. Belə ki, o, Araz Əlizadəyə xitabən iztehzalı şəkildə xitab edib. Sitat: "Araz Əlizadəni çox ciddiyə alıram. Hesab edirəm ki, o da namizədlərdən biridir, amma mən olmasaydım."
Beləliklə, onun bu ironik ifadəsi qarşı tərəfin reaksiyasına səbəb olub və Araz Əlizadə öz opnentini cavabsız qoymayaraq, ona bir neçə xatırlatmalar edib.
Araz Əlizadə: "İqbal Ağazadə, cavabını alacaqsan, özü də çox təmkinlə"
ASDP sədri iddia edib ki, Azərbaycan siyasətində ondan ironik danışan və istehza mədəniyyətinə malik olan siyasətçi yoxdur: "Rəqiblərimdən kimsə təhqirə keçsə və öz hazırcavablığını göstərmək istəsə, mütləq cavabını alacaq. Heç zaman qara piarla məşğul olmamışam. Ancaq mənə qarşı qara piarla məşğul olanları hər zaman ayağımın altına atıb sürümüşəm. Vaxtilə də mənə qarşı qara piarla mübarizə aparırdılar və prezident seçkilərində gördülər ki, mən kəskin danışan adamam."
Partiya sədri heç də qeyri-sivil, söyüş və təhqir mübarizəsinin tərəfdarı olmadığını da deyib və hesab edir ki, əslində İqbal Ağazadə ona qarşı psixoloji təzyiq göstərmək istəyir, ancaq onun bu mübarizə metodu heç bir işə yaramır. Sitat: "O, mədəni mübarizənin tərəfdarı olduğunu dilə gətirib: "Rəqiblərimdən İqbal Ağazadə məni hövsələdən çıxarmaq istəyir. Ona deyirəm ki, İqbal Ağazadə, cavabını alacaqsan, özü də çox təmkinlə".
Müxalifətdən olan yeni namizədlərin köhnələri əvəzləməsi də getdikcə bir şərtə, aksiomaya çevrilir"
Lakin Araz Əlizadə müxalifətdən olan, eyni zamanda fərdi qaydada seçkilərə qatılmaq istəyən bir sıra namizədlərin imzalarının saxta çıxmasına da sərt cavabı ilə seçilib. ASDP sədrinin fikrincə, belələri daim insanlara yalan danışdıqlarına görə, indi də imzaları saxtalaşdırıb, seçkilərə qatılmaq istəyirlər. Ancaq onların bu kimi oyunbazlıqları alınmayacaq: "Baxsınlar görsünlər bu illər ərzində siyasətdə nə qədər yalan danışıb insanları güdaza veriblər, onları satıblar. Bundan sonra insanlar ona inanıb imza verərmi heç? Oynaya bilmirlər, deyirlər yerim dardır."
Göründüyü kimi, müxalifət daxilində başladılan ittihamlar və söz atışmaları həm də onu göstərir ki, hətta deputat seçilsələr də, onların bəziləri öz funksiyalarının öhdəsindən layiqincə gələməyi bacarmayıblar. Bu baxımdan, müxalifətdən olan yeni namizədlərin köhnələri əvəzləməsi də getdikcə bir şərtə, aksiomaya çevrilir.
Rövşən NURƏDDİNOĞLU