Müxalifət gələcək məğlubiyyətini sığortalamaq üçün yollar axtarır
Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi proseslərdə dinamika artıb. Deputatlığa namizədlərin irəli sürülməsi prosesi ölkədə yaranmış ab - hava və seçkilərin demokratik və şəffaf keçirilməsi üçün dövlət tərəfindən yaradılmış şərait seçki prosesinin kifayət qədər canlı və demokratik keçəcəyinə əsas verir. Bununla belə, yenə də müxalifət düşərgəsini təmsil edən siyasi partiyaların təmsilçiləri seçki prosesinin üzərinə kölgə salınması, bəzi beynəlxalq təşkilatlarda anti-Azərbaycan mövqeyinin bir az da dərinləşdirilməsi istiqamətində səylər göstərirlər. Həmçinin, bu partiyaların seçkilər zamanı Yeni Azərbaycan Partiyası ilə mübarizə aparmaq üçün lazımi sosial bazasının olmadığı da müxalifət nümayəndələrinə bəllidir. Ona görə də son günlər müxalifət düşərgəsinin təmsilçilərinin əsas işi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərilə bağlı açıqladığı siyahının üzərinə kölgə salmaq, həmin siyahıda adı olan ayrı-ayrı şəxslərə qara yaxmaqdan ibarətdir. Təbii ki, bütün bunlar da səbəbsiz deyil.
Məsələ burasındadır ki, müxalifət düşərgəsində parlament seçkilərinə qatılacaq namizədlərlə bağlı müzakirələrin seçki prosesinə start verilməsindən çox-çox əvvəldən başlanılmasına baxmayaraq, bu düşərgədəki partiyaların sosial bazasının olmaması səbəbindən, bir yerə gələrək on-on beş namizədin adı olan siyahı ortaya qoysa da, hələ də bu düşərgəni təmsil edən funksionerlər arasında seçki dairələrin bölünməsi ilə bağlı "yer davası" bitməyib. Əgər müxalifət düşərgəsində yaranmış vəziyyəti, qısaca olaraq, bir el ifadəsində deyildiyi kimi, bu düşərgədə "məmə deyəndən pəpə yeyənə qədər hamı" deputat olmaq istəyir. Ona görə də bu düşərgənin təmsilçiləri arasında yerlərin bölüşdürülməsilə bağlı başlayan dava-dalaş bitmir. Hadisələrin gedişi isə göstərir ki, bu gedişlə, deyəsən, müxalifət noyabrın 7-ə qədər yerləri "bölüb" qurtara bilməyəcək. Ona görə də bəzi müxalifət "liderləri" və onların ətrafındakı adamlar belə bir şəraitdə ictimaiyyətin diqqətini müxalifətdaxili problemlərdən yayındırmaq üçün YAP-ın açıqladığı siyahı ilə bağlı qərəzli fikirlər yaymaqla məşğuldurlar.
Qeyd edək ki, müxalifətin qərəzli yanaşmasına baxmayaraq, bu, bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyasının seçkilərlə bağlı namizədlərinin siyahısının açıqlanmasını bütün ictimaiyyət gözləyirdi. Çünki Yeni Azərbaycan Partiyası ölkədə əsas aparıcı siyasi qüvvə olmaqla yanaşı, həm də Azərbaycan siyasi səhnəsində yeniliklər edə bilən yeganə partiyadır. Hər zaman Azərbaycan siyasətinə yenilik gətirən YAP-ın seçkilərdə iştirak edəcək namizədlərilə bağlı açıqladığı siyahıda da kifayət qədər yenilik var. Məsələ burasındadır ki, hər zaman gənclərin önə çəkilməsi, siyasi hazırlığı olan gənc kadrların potensialının lazımi şəkildə dəyərləndirərək, onların inkişafına kömək edən Yeni Azərbaycan Partiyasının açıqladığı siyahıda da bu siyasət əksini tapıb. Partiya rəsmilərinin əvvəlcədən də bəyan etdikləri kimi partiyanın siyahısı xeyli gəncləşdirilib və hətta namizədliyi irəli sürülən YAP təmsilçiləri arasında təkcə gənclərin deyil, qadınların da sayı kifayət qədərdir. Onu da qeyd edək ki, təkcə Azərbaycan deyil, ümumilikdə, bütün aparıcı dünya ölkələrindəki aparıcı siyasi partiyaların praktikasında da bu kimi yeniliklərin edilməsi hər zaman müsbət qarşılanır. Eyni zamanda, belə qərarlar xalq arasında həmin siyasi partiyaya dəstəyi daha da gücləndirir. Çünki bu cür siyasəti yalnız o partiyalar apara bilir ki, onun kifayət qədər sosial bazası və xalq arasında güclü dəstəyi olsun.
Bu baxımdan da, müxalifətin YAP-ın namizədləri və siyahısilə bağlı narahatçılıqlarını başa düşmək olar. Artıq uzun illərdən bəridir ki, müxalifət düşərgəsində həmin düşərgəni təmsil edənlərin partiyaları tərk etməsi istisna olunmaqla, demək olar ki, heç bir yenilik müşahidə edilmir. Uzun illərdən bəri kabinetlərindəki kreslolarına yapışıb qalan siyasi partiyaların "liderlər"nin özlərindən və bir-iki yaxın ətrafından ibarət olsa da, bu düşərgədə "yeniləşmə" sözünə qarşı sanki bir allergiya var. "Liderlər" müxalifət partiyalarının "lider"ləri özlərini sanki özləri üçün əbədiləşdiriblər. Uzun illərdən bəri bu partiyalarda heç bir yeniləşmə müşahidə edilmir. Bu baxımdan da, YAP-ın gənclər və son dövrlər siyasi proseslərdə qadınların aktivləşməsinə verdiyi dəstəyin müxalifəti narahat etməsi başadüşüləndir. Çünki illər boyu cəmiyyət qarşısında sosial elektoratının gücündən, xalqın onlara verdiyi dəstəkdən ağız dolusu danışan "liderlər"in namizədliklərini irəli sürdükləri dairələrin əksəriyyətində onların opponentləri gənclər olacaq. Ona görə də seçki mübarizəsində qələbələrinə əmin olmayan "liderlər" bəribaşdan cəmiyyətdə həmin namizədlərlə bağlı əks fikirlər formalaşdırmaq üçün cəhdlər göstərirlər. Lakin necə deyərlər, "görünən dağa nə bələdçi". Hər halda, Azərbaycan xalqı öz seçimini necə edəcəyini yaxşı bilir və bu gün YAP-da 650 mindən çox insanın təmsil olunması, artıq bu seçimin kimin tərəfində olduğunu da bir daha sübut edir.
RƏFİQƏ KAMALQIZI