Narazı cəbhəçi: "... Yalançı sədr, "Milli Şura" üzvləri, necə rəva bildiniz ki, insanların ailələri, körpələri təhqir olunsun?"
Əli Kərimlinin nəzarətində olan Azərbaycan Xalq Cəbhəsi Partiyasilə (AXCP) Razi Nurullayevin tərəfdarları arasında davam edən savaş çərçivədən çıxıb. Artıq AXCP sədrinin əlaltıları qarşı tərəfin ailələrinə belə ən rüsvayçı təhqirlər yağıdırır, hətta bu da azmış kimi, sosial şəbəkələrdə həmin fikirlərini yayımlamaqla, etdikləri təhqir və söyüşlərinə görə, özlərini haqlı hesab edirlər.
Ancaq maraqlısı da budur ki, Razi Nurullayevin rəhbəri olduğu AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin (AXCP EQTK) üzvləri Əli Kərimlinin başlatdığı çirkin kampaniyaya onların tərzində cavab vermirlər. Belə hesab etmək olar ki, onlar kərimovçuların təxribatçı cəhdlərini öncədən öyrəniblər və bu səbəbdən də, müəyyən çərçivəli açıqlamaları, çağırışları ilə yada qalırlar.
"Bəzi başıboşların tərbiyəsizliyi nəticəsində bu hal düşmənçilik mövqeyinə çevrilməkdədir"
Məsələn, qocaman cəbhəçi, uzun illər AXCP-də aparıcı funksionerlərdən biri olan Rafiq Daşdəmirli də hesab edir ki, xüsusilə gəncləri müəyyən şirnikləşdirici vədlərilə əlində saxlayan Əli Kərimli facebookda yaratdığı söyüş qrupunun bütün gücünü onlara tərəf istiqamətləndirib. Sitat: "Başbilənlərdən göstəriş alan fəal gənclər "facebook" sosial şəbəkəsində AXCP EQTK yetkililərini, onların ailə üzvlərini təhqir edirlər. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, veteran cəbhəçi Rafiq Daşdəmirli qarşı tərəfə müraciət edərək söyüş kampaniyasına və təəxribatlara son qoymağa çağırıb: "Fikir ayrılığı, bir-birinə əks qütbdə dayanmaq düşmənçilik deyil. Bəzi başıboşların tərbiyəsizliyi nəticəsində bu hal düşmənçilik mövqeyinə çevrilməkdədir. Tutaq ki, cavanlar başa düşməyirlər. Bəs böyüklərə nə olub? Niyə ağzınıza gələn və gəlməyən o təhqirləri yazırsız, bəyəm, sizlərin ailəniz, övladlarınız yoxdur? Tutaq ki, gəncdi, bilmədi, səhv etdi, yazdı, bəs siz universitet müəllimi, yalançı sədr, "Milli Şura" üzvü, necə rəva bildiniz ki, insanların ailələri, körpələri təhqir olunsun? İndi baxın, nə alındı."
"Əsl işverənlər kimdir... hamıya aydındır"
Razi Nurullayev cəbhəsi sıralarına transfer olunan Daşdəmirli daha bir amilə toxunaraq deyib ki, əslində, barəsində xuliqanlıq maddəsi ilə ittiham olunan Əli Kərimli tərəfdarı Məmməd İbrahimin onların tərəfdaşlarına qarşı təxribat cəhdi törətməsi, nəticədə qazdığı quyuya özünün düşməsi halı yenidən təkrarlana bilər. Məhz bunun qarşısını almaqdan ötrü hər iki tərəf soyuq başla mübarizə aparmalı, söyüşlərə, təhqirlərə son qoymalıdır. Digər tərəfdən, o, bundan sonra kmisənin tutulmasının da tərəfdarı olmadığını deyib və sual edib: "...Bəs necə edək? Sən məni təhqir et, döy, sonra da utanmadan hər yerdə yaz ki, "işverənlər polisə şikayət ediblər?" Nədir bunun alternativi? Əgər varsa, deyin bilək. Onda gərək bir-birlərini bıçaqlayıb öldürəydilər? Biz də heç kimin tutulmasını, heç kimin pis gününü arzulamırıq. İstəmərəm ki, hətta mənim ailəmi, övladımı təhqir edənlərə nəsə olsun. Amma Allah nə vaxtsa cəzasını verəcək. Ən çox təhqir edən, ən çox saxtakarlıq edən Məmməd İbrahim idi. Heç vaxt zorakılığı sevməmişəm. Əlimdən nə gəlir? Əsl işverənlər kimdir? Bu, hamıya aydındır. Dayandırın bu söyüş, təhqir makinanızı, başbilənlər!.. Odu odla deyil, su ilə söndürün."
Rayon şöbələri qondarma sədrdən imtina etməkdədirlər - Son 20 ildə Əli Kərimlinin şəxsi ambisiyaya söykənən maraqları, eqoizmi, hikkəsi və kini nəticəsində
Daha bir maraqlı məqam isə AXCP şöbələrinin ard-arda AXCP EQTK cinahına transfer olunmalarıdır. Belə ki, Razi Nurullayevin bilavasitə rəhbərlik etdiyi internet mediasında bu haqda rəqəmlərə söykənən faktlar bəyanat şəklində yer alıb. Qeyd olunur ki, son 20 ildə Əli Kərimlinin şəxsi ambisiyaya söykənən maraqları, eqoizmi, hikkəsi və kini nəticəsində AXCP uçurumun kənarına gəlib çatıb: "1995-ci il AXC-nin partiyalaşması, Əli Kərimlinin təşkilat daxilində fraksiyalaşaraq ikitirəlik yaratması, zaman-zaman deputat mandatı üçün separat danışıqlara gedən, Elçibəydən sonrakı dönəmdə "bizim kimi düşünməyənlər düşməndir" düşüncəsilə cəbhəçilərin dışlanması təşkilatı indiki hala gətirdi. Hazırda Kərimlinin ətrafında yalnız onun siyasi keçmişi haqda məlumatı olmayan, az sayda aldadılmış gənclər qalıb - bütün tanınmış simalar təşkilatı tərk ediblər. Son olaraq AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin yaranması Kərimli siyasətinin fiaskosu oldu. Bu komitə nəinki Əli Kərimlinin ətrafından böyük axınların gəlməsinə, həm də daha öncəki illərdə Xalq Cəbhəsindən kənarlaşan hərəkatçıların bir arada toparlanmasına səbəb oldu. AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sürətlə təşkilatlanması, partiyanın əksər rayon təşkilatlarının qarşı tərəfə keçməsi Kərimlini məcbur edib ki, tələsik qurultay keçirsin və öz təşkilatının parçalanmadığını cəmiyyətə nümayiş etdirsin. Lakin bu proses elə dönməz xarakter alıb ki, Kərimlinin bu məqsədə çatması praktik olaraq mümkün deyil. AXCP-nin rayon təşkilatları Əli Kərimlidən üz çevirib və fəaliyyətlərini AXCP EQTK-də davam etdirirlər. Partiyanın mövcud 76 rayon şöbəsinin 40-ı AXCP EQTK-nin legitimliyini tanıyır. Əli Kərimlinin ətrafında hazırda 36 rayon təşkilatı mövcuddur. Belə olan halda Əli Kərimli AXCP adından hər hansı qurultay keçirmək səlahiyyətini itirmiş sayılır. Belə demək mümkündürsə, qısa zaman kəsiyində Əli Kərimlinin rəhbərlik etdiyi partiyadakı azsaylı üzvlər, həmçinin, rayon şöbələri də ondan üz döndərəcək."
Göründüyü kimi, necə deyərlər, su axır və çuxurunu tapır. Əli Kərimlinin çirkin siyasətinin qurbanı olmaq istəməyən və normal, sivil müxalifətçilik düşüncəsinə malik olan cəbhəçilər dərhal ondan uzaqlaşmağı ən optimal variant kimi qəbul edirlər. Bu baxımdan, yaxın zamanlarda Əli Kərimlinin AXCP-si adlı qurumun ölkənin ictiami-siyasi arenasından birdəfəlik silinməsi artıq an məsələsinə çevrilib. Hətta belə düşünmək mümkündür ki, Razi Nurullayev AXCP-dən getdikdən az sonra bu ada iddia etməsi, eyni zamanda, siyasi təşkilatı Əli Kərimlinin əlindən qanuni yollarla alması barədə verdiyi bəyanatları reallaşmaq üzrədir. Lakin bütün hallarda zaman hər şeyi göstərəcək. Necə ki, hazırda göstərməkdədir...
Rövşən NURƏDDİNOĞLU