PDF Oxu

Müxalifət

  • 2 055

İqbal Ağazadə Araz Əlizadəyə qarşı açıq savaşa keçib

image

"Ümid" sədri ASDP sədrinin səlahiyyətli nümayəndəsini qoçu dəstəsi ilə təhdid etdirməyə cəhd göstərib

Hələ parlament seçkilərinə rəsmi start verilməmişdən öncə aralarında söz savaşı başlayan "Ümid" partiyasının sədri İqbal Ağazadə ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə arasındakı qalmaqal çərçivədən çıxmaqla yanaşı, təhdidlərlə də müşahidə olunur. Belə ki, hər şey "Ümid" sədrinin onunla eyni Seçki Dairəsindən namizədliyi irəli sürülmüş ASDP sədrinə qarşı ifadə etdiyi ironik münasibətindən sonra başlayıb. Araz Əlizadəni özünə laylqi opponent kimi görmədiyini bildirən İqbal Ağazadənin fikirlərinə qarşı tərəfin reaksiyası məsələnin böyüməsinə gəlib çıxıb.

Bu işdə isə "Ümid" sədrinə asfalt-beton zavodunun direktoru olan qardaşı köməklik göstərir

Sosial-demokratların sədri bildirib ki, İqbal Ağazadə bu dəfə seçilə bilməyəcəyini yəqin etdiyinə görə, seçki təşviqatına rəsmən start verilməmiş özünüreklam kampaniyasına başlayıb. Onun, Seçki Dairəsinə aid olan qəsəbə və məhəllələrdə uşaq yelləncəkləri, skamyalar quraşdırdığı bildirilib. Bu işdə isə "Ümid" sədrinə asfalt-beton zavodunun direktoru olan qardaşı köməklik göstərir.

Lakin İ.Ağazadə A.Əlizadənin bu iddialarını "yalan" adlandıraraq bunun belə olmadığını iddia etsə də, ASDP sədri əllərində bu iddia ilə bağlı sübutların, dəlillərin olduğunu deyib. Və bunun ardınca, iş çərçivədən çıxaraq, təhdidlərə doğru yönəlib.

Evin yiyələri qapını "Ümid" sədrinin qoçularının üzünə açmayıb

Məsələn, bəlli olub ki, Araz Əlizadənin səlahiyyətli nümayəndəsi Günel Babayevaya qarşı İqbal Ağazadənin qoçu dəstələri tərəfindən hədə-qorxu gəlinib. Belə ki, bir neçə gün öncə, Ağazadənin nümayəndəsi evlərinə gedərkən Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Ülvi Seyidəli oğlu Əliyev və 1992-ci il təvəllüdlü Vüsal Rasim oğlu Muradov "Daimlerchreysler" markalı, 50 BZ 661 nömrəli avtomobildə onu izləyiblər. Bunu hiss edən səlahiyyətli nümayəndə dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə bəlli olub ki, Günel Babayevanı izləyən şəxslər onun evinə gələrək anası Sevinc xanıma qızının onlarla getməli olacaqlarını deyiblər. Lakin evin yiyələri qapını "Ümid" sədrinin qoçularının üzünə açmayıb. Gələn adamlar tələblərinin yerinə yetirilmədiyini görəndən sonra çıxıb gediblər. G.Babayevanın anası avtomobilin nömrəsini götürə bilib və nəticədə polisə rəsmi müraciət olunub. Polis isə həmin şəxsləri artıq saxlayıb.

Beləliklə, müxalifət düşərgəsindən olan namizədlərin bu və ya digər bənzər metodlarla mübarizə aparmalarından da görünür ki, hələ də seçki, namizəd etikasını belə gözə ala bilməyənlər sabah millət vəkili seçilib, xalqın qarşısına çıxmaq istəyindədirlər. Xalq isə əvvəldən bu kimi səhnələrin baş verəcəyini bildiyinə görə, müxalifət namizədlərinə dəstək vermək istəmirlər. Təkcə İqbal Ağazadənin seçkilərə qoçu dəstələri ilə getməsi də belə qənaətə gəlməyə imkan yaradır ki, onlar deputat olmaqdan ötrü, hətta öz yaxınlarına belə güzəştə getməzlər. Bu, artıq müxalifətdən olan namizədlərin açıq-aşkar göstəricisidir. Yəqin ki, xalq da bu göstəricidən münasib seçim edərək, daha normal, öz maraqlarını deyil, xalqın maraqlarına cavab verən namizədlərə səs verəcək. Necə deyərlər, zaman hər şeyi göstərəcək...

Mübariz QULİYEV

Digər xəbərlər