TƏRS BAXIŞ
Satqınlar siyahısında birinci yeri Əli Kərimli tutur
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimli qanadından qoparaq, Razi Nurullayevin AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə (EQTK) üzv yazılan cəbhəçilərin sayı durmadan artır. Artıq demək olar ki, Əli Kərimli tərəfdarlarının sıralarında onun müavinlərindən başqa kimsə qalmayıb. Daha dəqiq desək, yerdə qalanların da bu minvalla AXCP EQTK-ya transfer olunacaqları reallaşmaq üzrədir. Düzdür, hələlik ətraflarında baş verən boşalmalara guya etinasız yanaşdıqlarını göstərməyə cəhd edən Əli Kərimli qanadı, əslində, daxillərində bir təlaş hissi keçirdiklərini gizlədə bilmirlər. Görünür, bu səbəbdən ard-arda istefaya gedərək, Razi Nurullayev qanadına keçid edən cəbhəçilərə dərhal "satqın" damğası vururlar. Halbuki elə gedənlərin özləri başqada da Əli Kərimli olmaqla, onu dəstəkləyənləri çoxdan satqın kimi damğalayıblar və əslində, bu məsələdə haqlıdırlar da.
Əli Kərimli indi də həmin adı öz boynunda saxlamaqdadır
Uzun illər ölkənin siyasi-ictimai proseslərindən yararlanaraq, məhz dövlətçilik maraqlarına ziddiyyətli olan siyasət yürüdən Əli Kərimli bu illər ərzində heç bir uğura imza ata bilməsə də, AXCP-nin sədri kimi qalmaqda davam edir. Partiyasında bilavasirə avtoritar idarəçilik, diktatorluq rejimi quran Kərimli "hamısı mənimdir" yaxud da "məni dəstəkləməyənlər satqındır, xəyanətkardır" prinsipi ilə Əbülfəz Elçibəyin əlindən zorla qopardığı, işğal etdiyi təşkilatı uçuruma aparıb. Bu baxımdan, reallıqda onun özünün hələ uzun illər öncə öz liderinə qarşı qurduğu xain plan icra olunduqdan sonra xəyanətkar adına layiq görülən Əli Kərimli indi də həmin adı öz boynunda saxlamaqdadır.
Bu arada AXCP EQTK-si daha yeddi rayonda təşkilatlanıb. Bunlar Sabunçu, Qobustan, Gədəbəy, Füzuli, Zəngilan, Əsgəran və Xocalı rayonlarıdırlar ki, onlar bütövlükdə Əli Kərimlidən imtina bəyanatı yayaraq, Razi Nurullayev qanadına keçiblər. Onlar da digər etirazçılar kimi bundan sonra alternativ AXCP-də siyasi fəaliyyət göstərəcəklərini bildirərək, sona qədər Əli Kərimliyə qarşı mübarizə aparacaqlarını istisna etmirlər.
Etirazçılar: "Biz AXCP adından imtina etməyəcəyik və partiyanın adını dəyişmək fikrimiz yoxdur".
Yeri gəlmişkən, "SƏS" qəzetinə AXCP EQTK idarə heyətinin üzvü Fəxrim Abduləzimovun iştirakilə 18 oktyabrda keçirəcək qurultayla bağlı məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, AXCP EQTK rayon şöbə sədrləri və Ali Məclis üzvlərinin iştirakilə konfrans keçirilib. Konfransda narazılar bəyan ediblər ki, onlar heç vaxt AXCP adından imtina etməyəcəklər. "AXCP hər zaman bizim olub" deyən Fəxrim Abduləzimov qeyd edib ki, cəbhəçilərin yüksək fəallığilə keçirilən konfransda səslənən əsas fikirlərdən biri AXCP-nin rəsmi təmsilçiliyi ilə bağlı olub: "Biz AXCP adından imtina etməyəcəyik və partiyanın adını dəyişmək fikrimiz yoxdur.Yeni partiya yaratmaq fikrində deyilik. AXCP EQTK-nin keçirdiyi müşavirə bir daha sübut etdi ki, əsl cəbhəçilər məhz burada birləşib. AXCP EQTK-nin 18 oktyabrda keçiriləcək qurultayı sübut edəcək ki, əsl AXCP kimdir...AXCP hər zaman bizim olub və yenə də rəsmi şəkildə bizim olacaq".
Daha bir maraqdoğurucu məqam isə uzun illər Əli Kərimlinin siyasətini müdafiə edən, məhz onun güdazına gedərək həbsə düşən Seymur Həzinin də Razi Nurullayevə dəstək göstərməsi olub. Hətta onun həbsxanadan dəstək məktubları göndərdiyi də məlum olub. Baxmayaraq ki, onun adı hələ də Əli Kərimlinin sədri olduğu AXCP-nin idarə heyətinin sıralarında qalmaqdadır.
Seymur Həzi və Asif Yusifli Əli Kərimlinin yanlış siyasətinin qurbanları elan edildilər
Hətta AXCP EQTK-nin sonuncu müşavirəsində Seymur Həzinin həmin mövqeyi müdafiə olunub. Məsələn, AXCP EQTK idarə heyətinin digər üzvü Ehtiram Mehdiyev hesab edib ki, Seymur Həzi və başqa həbsdə olan cəbhəçi Asif Yusifli məhz Əli Kərimlinin yanlış siyasətin qurbanı olublar: "Bizimlə eyni fikirdə olan əqidə yoldaşlarımız - məhbus həyatı yaşayan Seymur Həzi və Asif Yusifli Əli Kərimlinin yanlış siyasətinin qurbanlarıdır. Seymur Həzinin həbsini birmənalı olaraq AXCP-nin daxilində gedən proseslərin nəticəsi hesab edirəm. Həmin ərəfədə mən də Seymur Həzinin yanında idim, sadəcə, bir neçə mərhələdə iştirak etmədim, ona görə də Əli Kərimlinin qurbanlarından birinə çevrilmədim. Biz partiyada gəncləşmə siyasəti aparırdıq, Seymur Həzi də öndə olan simalardan biri idi və Əli Kərimli onun oyundan çıxardı. Seymur Həzi görür ki, Əli Kərimlinin atdığı addım 20 ildən çoxdur ki, heç bir nəticə vermir. Əli Kərimli yalnız öz şəxsi maraqlarına xidmət edən iyrənc siyasət aparır".
Lakin buna baxmayaraq, AXCP EQTK-nin keçirəcəyi qurultayında Əli Kərimlinin rəhbərlik etdiyi parçalanmış AXCP və onun sıralarında qalmağı tərcih edənlər xəyanətkar elan ediləcəklər. Artıq bu barədə də qəti qərara gəlindiyi bildirilir. Bu isə bir daha sübut edir ki, yaxın zamanlarda Əli Kərimli və onun ətrafındakı beş-üç nəfər quyruqbulayan nökərindən ibarət olacaq AXCP tarixin qara, rüsvayçı arxivinə gömülmək üzrədir. Faklar da məhz bunu göstərir.
Rövşən RƏSULOV