Köşə
Seçki dönəmində hər şey həssaslıq tələb edir. Deputatlığa namizədlərdən tutmuş adi vətəndaşa qədər hər kəsin məsuliyyəti daha da artmış olur. Gərək nə danışdığını, kimə səs verdiyini yüz dəfə ölçüb, bir dəfə biçəsən. Yadınızdadırsa, 2013-cü ildə "Milli Şura" "kölgə kabineti" formalaşdırmaq istəyirdi. Nazirlər, komitə sədrləri və xidmət rəsilərini artıq "təyin eləmişdilər". Sonu sizə də bəllidir. İndi 2015-ci ildir və "Milli Şura"nın yeni bir siyahı ilə ortaya çıxması da gözlənilən idi. Yəqin "Milli Şura"nın sədri Cəmil Həsənli, "deputat seçiləcək" şəxslərin siyahısını açıqladığından məlumatınız var. Bunun nə qədər gülünc bir addım olduğunu C.Həsənli özü bilsə də, ancaq növbəti biabırçılığa imza atıb. Keçək fakta. Belə ki, C.Həsənli 27 saylı ikinci Sabunçu seçki dairəsindən Əliyev Fuad Ağası oğlunun "deputat seçiləcəyini" iddia edib. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, adıçəkilən dairədən yeddi namizəd qeydə alınıb ki, onların arasında Əliyev Fuad Ağası oğlu adlı şəxsin adı, ümumiyyətlə yoxdur. Yəqin ki, C.Həsənli Azərbaycanda deputatları xalqın seçdiyini ya başa düşmür, ya da ki, vaxtilə hazırladığı "kölgə kabineti" kimi növbəti bir siyahını ortaya qoymaqla kiminsə "xoşuna gəlmək" istəyib. Bu boyda biabırçılıqmı olar!? Siyahıda Pənah Hüseynin də adı var. Deyilənə görə, Pənah deputat seçiləcəyi təqdirdə "Milli Şura" sədrinə zırpı bir qonaqlıq söz verib. Camaat seçicilərindən kömək umur, Pənah da Cəmilin "siyahısından...".
Allah bütün dəlilərə ağıl versin, deputatlığa namizəd olan sənət adamlarından birinin seçki şüarı o qədər moderndir ki, şübhəsiz xalq ona "səs verəcək". Kimliyini özünüz tapın. Görün təbliğat plakatında nə yazılıb:
Bu dairənin uzunu,
Çoban qaytar quzunu,
Sən ....... bir səs ver,
Allah versin ruzunu!
Bu adamın instaqramda "mənə verin at, qazanım mandat, bata-bat, çata-çat, seçiciyə bat, at, yat..." misralarından ibarət şeirindən danışmağa da heç lüzum yoxdur. Hər yeri zoopark kimi görən bu adama mikrofon verilsə, lap dəhşət olacaq.
Bir neçə il bundan öncə Aropanın hansısa ölkəsində vətəndaş özünü asıb öldürübmüş. Ölüm səbəbini də kağızda yazıb qoyub ki, "mən seçkilərdə verdiyim səsdə yanıldığıma görə bu addımı atıram". Sən demə, bu vətəndaş seçkidə inandığı bir namizədə səs verib, həmin namizəd də deputat seçiləndən sonra xalqın etimadını doğrultmayıb. Buna görə də vətəndaş intihar edib. Həmin vətəndaş "səs"ə bu qədər müqəddəs yanaşırmış. İndi mən demirəm ki, gedib səs verin, sonra da ümidiniz doğrulmasa, özünüzü öldürün! Sadəcə, istədiyiniz namizədə səs verin. Gerisi kolay...
Samir