Bunun isə bir neçə səbəbi var
Bəlli olduğu kimi, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə artıq bu postu tərk edib. Ancaq sədrin ani və gözlənilməz addımı siyasi təşkilatı kifayət qədər çətin vəziyyətdə qoyub. Daha dəqiq desək, parlament seçkiləri ərəfəsində ona etimad göstərən partiyadaşlarını çıxılmaz vəziyyətdə qoyan Yusif Bağırzadənin məlum gedişi seçkilərlə yanaşı, qurumun qurultay problemini də qabartmış olub.
Partiya rəhbərliyinin hazırda sədrin səlahiyyətlərini icra edən baş katib Arzuxan Əlizadədə olduğu bildirilir
Ümumiyyətlə, qurultayda nəzərdə tutulan bir sıra məsələlər yeni sədr seçkisilə əvəzlənməli olacaq. Bu amil isə AMİP-in hazırkı durumuna əngəllər yaradır. Ona görə də vaxtı təxmini olsa da müəyylənləşdirilmiş AMİP-in qurultayı növbəti dəfə təxirə salınıb. Hazırda partiyanın parlament seçkilərində iştirak etdiyi üçün qurultayın da məhz həmin prosesdən sonra keçirilməsi barədə qərar qəbul edilib.
Lakin məsələ yalnız bunda deyil. Belə ki, partiya rəhbərliyinin hazırda sədrin səlahiyyətlərini icra edən baş katib Arzuxan Əlizadədə olduğu bildirilir.
Rəhbər orqanlarında sədrlik postu uğrunda gizli mübarizəyə start verilib
Bu isə AMİP daxilində bəzi narazılıqlara səbəb olmaqdadır. Partiya daxilindəki mənbədən qəzetimizə verilən məlumata görə, təşkilatın baş katibliyi və mərkəzi şura strukturları ilə yanaşı, digər rəhbər orqanlarında sədrlik postu uğrunda gizli mübarizəyə start verilib. Bu mübarizənin seçkilərdən sonra daha da qızışacağı artıq bəri başdan məlumdur. Sədrliyə daha çox meyil edən tərərfin isə məhz Arzuxan Əlizadə olduğu bildirilir. Bu baxımdan, partiyanın digər aparıcı şəxslərinin də bənzər iddialarda olacaqları şübhəsizdir.
Mübariz QULİYEV