PDF Oxu

Müxalifət

  • 1 804

Müsavatın mitinq xülyası

image

Ölkəmizdə noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qalan müddət azaldıqca mübarizə meydanındakı gərginlik də artmaqdadır. Artıq start götürən təbliğat-təşviqat kampaniyasında hər bir partiya dəstəklədiyi namizədinin qalib gəlməsi yolunda bütün imkanlarını ortaya qoyur.

Bütün bunların fonunda Müsavat partiyası da "özünəməxsus" seçki öncəsi təbliğatını davam etdirir. Amma görünən odur ki, yenə də nədənsə narazıdırlar. Belə olmasa idi seçkiyə sayılı günlər qalmış, yəni oktyabrın 25-də "böyük mitinq" keçirmək xəyalına düşməzdilər.

Müxalifət partiyalarının, xüsusən də Müsavatın narahat olduğu ən "aktual" məsələ pulsuz efir vaxtının ləğv olunmasıdır. Ölkənin hakim partiyası olan YAP-ın imtina etdiyi bu imkanı mənfi yöndə qiymətləndirməklə Müsavat bir daha öz xislətini büruzə verdi. Belə bir məsəl də var: "Yaxşı baxan yaxşı görər". Yəqin ki hər şey aydın oldu.

Amma hakim partiyanın İcra katibinin müavini Siyavuş Novruzov bu imtinanın səbəbini əsaslı və danılmaz faktlarla aydınlaşdırır: "Biz bundan imtina edirik, çünki başqa partiyalar 60 dairədən namizəd irəli sürməyə adam tapmırlar. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina edirik". Siyavuş müəllim onu da qeyd edib ki, pulsuz efir vaxtının ayrılmasının məqsədi hər bir namizədə bərabər təbliğat-təşviqat kampaniyası aparmaq üçün şərait yaratmaqdır. "Mərkəzi Seçki Komissiyası bütün namizədlərin efir vaxtından istifadə hüququnun olması ilə bağlı qərar verə bilər". Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır. Qeyd edim ki, Müsavat partiyası cəmi 23 dairədən namizəd irəli sürə bilib.

Müsavat partiyası sözçülərinin fikrincə, bu seçkilərdə onların namizədlərinin əsas məqsədi deputat seçilmək deyil. Bəs məqsədləri nədir?! Təəccüblü deyil. Bu partiyanın özünün belə xalq üçün faydalı olacaq məqsədi olmadıqdan sonra namizədlərindən nə gözləyəsən ki.

Görünən odur ki, heç seçki başlamadan müxalifət cəbhəsi, o cümlədən Müsavat öz məğlubiyyətlərini qəbul ediblər. Bütün bu "narazılıqlar" və nəticədə mitinq keçirmək "xəyallar"ı özlərini siğortalamaqdan başqa bir şey deyil. Həmişəki kimi...

Tofiq Abdullayev

Digər xəbərlər