Azərbaycan Respublikasında qanunverici hakimiyyətə keçiriləcək seçkilərin təbliğat-təşviqat mərhələsinə star verildi. Artıq bir neçə gündür ki, partiyalar irəli sürdükləri namizədlərinin dəstəklənməsi üçün yaradılmış imkanlardan maksimum səviyyədə istifadə etməyə çalışırlar.
Hakimiyyət hərisi olan və istənilən yolla, hətta bu yol dövlətin milli maraq və mənafelərinə zidd olsa belə, bu niyyətinə nail olmağa çalışan AXCP sədri Əli Kərimli yenə partiyasına sədr seçildi. "Axı 25 il sədr oldun neynədin ki, bundan sonra da neyniyəsən?" fikrində olan müavini Razi Nurullayev "ayrılıq" yolunu tutdu. Onun fikrincə, Əli Kərimli partiyanı ancaq öz maraqlarına xidmət edən təşkilata çevirib. Xalqda dayaqları qalmıyıb. Artıq bu siyasətə son verilməsinin labüdlüyünü vurğuladı.
Gəlin təhlil edək. Vaxtilə partiyada ikinci şəxs olan insanın dilindən səslənən bu fikirlər, əslində AXCP-nin və ya Əli Kərimlinin partiyasının iç üzünü ifşa edir. Uzun illər özünü müxalifət partiyası adlandıraraq xarici havadarlarından külli miqdarda qrantlar alıb "cibini dolduran" partiya rəhbərliyindən bundan sonra da "yenilik" gözləməyə dəyməz. 4-5 saat keçirilən iclaslarında Əli Kərimlinin facebook profilindəki "layk"larını saymaqla məşğul olan rəhbərlik bunun əvəzində öz gələcək fəaliyyət istiqamətlərilə bağlı ideyaları müzakirə edə bilməzdimi? Yox, çünki onlara xalqın taleyi yox, öz şəxsi mənfəətləri düşündürür. Əli Kərimliyə "sitayiş etmək"lə tənqid etdikləri avtoritarizmi özlərində axtarsalar, daha yaxşı olar. "Öz gözündə tiri görmür başqasının gözündə çöp axtarır" deyimi yerinə düşər.
Razi müəllim yeni siyasi yol seçən AXCP quracağını bəyan edib.Hətta bunun üçün komitə də yaratıb qurultay keçirəcəyini nəzərə alsaq, Əli Kərimli-Razi Nurullayev qarşıdurması daha da qızışacaq. Məqsədlərinin Əli Kərimlidən möhürü qanuni yolla alaraq ona "qapını göstərmək" olduğunu bildirən Razi cəbhəsi bu qərarlarında yamanca qəti görünürlər. Sosial bazası, demək olar ki, yox səviyyəsində olan, "mitinqlərinə" donorlarından maliyyələşdirmə yolu ilə "beyni qanlı" gəncləri cəlb edən, mübarizələrini söyüş, təhqir, qarayaxma, insan şəxsiyyətini alçaltma üzərində quran AXCP iki cəbhəyə bölünməklə olan-qalan nüfuzunu da itirmək üzrədir. Xalqa indiyəcən faydası dəyməyən, üstəlik parçalanmış partiya və yalnız öz şəxsi mənfəətini güdən "lider", yaxud "liderlər" lazımdırmı?
Tofiq Abdullayev