PDF Oxu

Müxalifət

  • 1 746

Müsavatdaxili proqnozlar özünü doğruldur

image

TƏRS BAXIŞ

Arif Hacılı Tural Abbaslını çıxdaş etməkdə qərarlıdır

Müsavat partiyasının məlum qalmaqallı qurultayından sonra partiyada baş verən qarşıdurmalar və bu məcrada davam edən istefaların ardınca, başqanlığa namizəd olmuş sonuncu müsavatçı – partiyanın sabiq divan üzvü Tural Abbaslı da təşkilat sıralarından istefaya göndərilmək ərəfəsindədir. Beləliklə, Müsavatdaxili savaş kontekstində daha öncədən proqnozlaşdırılan hadisələr özünü doğruldur. Maraqlıdır ki, partiyada Arif Hacılı klanına məxsus şəxslər uzağı bir nəfər narazının təşkilat sıralarından çıxarılmamasını, yaxud da töhmətlə cəzalandırılmasını başqan Arif Hacılıdan istəsələr də, ikinci onların bu təkliflərinə göz yumub. Beləliklə, Hacılı Abbaslının çıxdaş edilməsində qərarlı olduğunu sübut edib. Bu amili Müsavat MNTK-nın sədri Sevinc Hüseynova da təsdiq edir. O, istefa məsələsi ilə bağlı deyib ki, divanın növbəti toplantısında Tural Abbaslının məsələsi müzakirə ediləcək. Söz yox ki, bu müzakirə "səs çoxluğu" ilə onun istefasına səbəb olacaq.

Tural Abbaslıdan Arif Hacılıya ismarıc var: "Əgər başqanlığa gəlmisənsə, seçkilərdə biabırçı duruma düşəcəksənsə, deməli, istefa verməlisən"

Xatırladaq ki, Tural Abbaslı qurultaydan sonra partiyanın yeni rəhbərliyini dəstəkləməyib və "Ağ Blok" adlı siyasi qurum təsis edib. O, hazırda ətrafında bir neçə etirazçı müsavatçı gənclə seçkilərə hazırlaşdığını bəyan edib. Abbaslının namizədliyi də qeydə alınıb. Ancaq maraqlı məqamlardan biri də Tural Abbaslının başqanlıq iddiasının aradan getməməsidir. Yəni o, hələ də Müsavat başqanlığına iddialı olduğunu vurğulayır.

Tural Abbaslının özü isə barəsində istefaya göndərilməsi ilə bağlı yayılan xəbərlərdən heç də narahat olmadığını deyib. Sitat: "Bundan əvvəl də "Ağ Blok"da təmsil olunan 6 müsavatçının məsələsi müzakirə edilib. Hər dəfə də mənfi kontekstdə müzakirə edilib. İddia ediblər ki, üzvlərimiz partiyanın qərarlarına tabe olmur, partiyanın irəli sürdüyü namizədlərin dairələrindən öz namizədliklərini irəli sürürlər. Biri təklif edib ki, gəncləri partiyadan qovaq, digər deyib töhmət verək və s. İndiyə qədər müzakirələr belə formada olub. İddia edirlər ki, biz nizamnamənin bəndlərini pozuruq. Əslində isə, bütün bunlar bəhanədir".

Abbaslı deyib ki, qurultayda Arif Hacılıya üç şəxs rəqib olub və sonradan onlardan ikisi partiyadan qovulub, yeganə qalan isə onun özüdür: "…Bütün bunlar Hacılının qrup maraqlarının təmin edilməsi naminə edilir…Mən açıq elan edirəm. Əgər bu parlament seçkilərində Müsavat adına seçilən deputatların sayı İsa Qəmbərin zamanında seçilən deputatların sayından az olacaqsa, biz Arif Hacılıdan istefasını tələb edəcəyik. Əgər başqanlığa gəlmisənsə, seçkilərdə biabırçı duruma düşəcəksənsə, deməli, istefa verməlisən. Daha 5 il müddətinə xalqın və bizim vaxtımızı almağa dəyməz. Bu günə qədər də Arif Hacılının fəaliyyətini mənfi və partiyaya ziyan kimi qiymətləndirirəm. Bizim bu tənqidlərimizə görə də, onların təzyiqləri davam edir".

"16 ilimizi qoyduğumuz partiyadan rahat şəkildə çıxıb gedəsi deyilik"

Nəticədə onun dediklərindən belə anlaşılır ki, əslində divanın onun istefaya göndərilməsi ilə bağlı qərar verilərsə, bu, bütövlükdə Müsavatın deyil, məhz Arif Hacılının qərarı olacaq: "Bu gün Müsavatın siyasi kursu belədir ki, Arif Hacılının siyasi kursunun əleyhinə, hətta Rəsulzadə qarşı çıxsaydı, onu dərhal Müsavatdan qovardılar. Rəsulzadəni qovanlar, Müsavatın bərpa təşkilatının üzvlərini partiyadan çıxaranlar məni nədən qovmasınlar? Bu gün Müsavatda ədalət hissi itib, yalnız Arif Hacılının siyasi maraqlar dəyəri var. Hər şeyə də bu prizmadan baxırlar. Əlbəttə, bu kontekstdən baxanda məni də, dostlarımı da qovarlar. İndi partiyanın sükanı bunların əlindədir, bütün seçkili orqanlarda təmsilçiliyi ələ alıblar. Təbii ki, biz 16 ilimizi qoyduğumuz partiyadan rahat şəkildə çıxıb gedəsi deyilik. Hər halda biz də zamana uyğun addımlarımızı atacağıq".

Narazı müsavatçının dediklərindən həm də belə anlaşılır ki, onu hətta partiyadan çıxartsalar belə, həmin istefa qərarını legitim hesab etmətəcək. Çünki o, Arif Hacılının başqanlığını qeyri-legitim hesab edir. Seçkilərdən sonra isə Müsavatdaxili savaşın sonuncu fazasının icra olunacağı sirr deyil. Artıq bu savaşın daha hansı partiyadaxili fəsadlara səbəb olmasını bəri başdan sezmək mümkündür.

Rövşən RƏSULOV

Digər xəbərlər