"AXCP və Müsavat arasında vicdanlı, təmiz siyasi rəqabət yoxdur"
Özünü Azərbaycanın ana müxalifət partiyaları hesab edən AXCP və Müsavat arasındakı gərgin münasibətlərin daha da dərinləşməsi seçki dönəmində bir daha ortaya çıxmış oldu. Sağlam siyasi rəqabəti radikalizm və dağıdıcılıqla səhv salan cəbhəçilər və müsavatçılar onlar kimi düşünməyən hər kəsi ittiham edir, haqqında şayiələr yayırlar. Məsələ ondadır ki, zaman-zaman birləşib siyasi mübarizə aparmaq ideyasını ortaya atan cəbhəçi və müsavatçılar da elə liderləri tərəfindən müxtəlif təqib və təzyiqlərə məruz qalıblar. Çünki bu iki partiya arasında dərin düşmənçilik var və onların birlikdə addımlaması qətiyyən mümkün deyildir. Politoloq Zərdüşt Əlizadə bu iki partiya arasındakı münsibətlər haqqında danışarkən bildirib ki, AXCP və Müsavat həmişə bir-birilə düşmənçilik ediblər: "Onların bundan sonra da bir araya gəlmələri mümkün görünmür. Çünki bu partiyalar arasında vicdanlı, təmiz siyasi rəqabət yoxdur və bunu həmin partiyaların sədrlərinin simasında da görmək olar. Onların arasında gedən mübarizə intriqa və qohumbazlığa söykənir".
Hər iki partiyada hegemonluq hökm sürür. AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev deyir ki, AXCP nizamnaməsinə görə, 4 ildən bir sədr seçkiləri olmalıdır: "Bu baxımdan Əli Kərimlinin son bir ildəki sədrlik fəaliyyəti qeyri-legitimdir. Kərimli qanadının "möhtəşəm" qurultay barədəki fikirləri, sadəcə gülüş doğurur. Kimin əsl AXCP olduğu müəyyənləşəcək". Müsavatın sədr dəyişikliyi ilə nəticələnən qalmaqallı qurultayından sonra bir sıra tanınmış şəxs partiyadan uzaqlaşdırıldı və yaxud özü istefa verdi. Sədrliyə keçmiş namizəd Tural Abbaslı, həmçinin öz təşəbbüsləri ilə deputatlığa namizədliyini irəli sürmüş partiya üzvləri barəsində də eyni qərar gözlənilir. Tural Abbaslı bu haqda açıqlamasında deyir: "Son bir ildə Müsavatda baş verənlər heç bir məntiqə sığmır. Arif Hacılı başqanlığa keçdikdən sonra bu qərarın hər an veriləcəyini gözləyirəm".
Samir