Seçki öncəsi ölkədə müxalifət partiyaları arasında mübarizə qızışmaqdadır. Partiya liderləri sanki "söz davası"na çıxıblar. "Ümid" Partiyasının sədri İqbal Ağazadə ilə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin parlamentə mandat uğrunda mübarizəsi maraq doğurur. Nəzərə alsaq ki, hər iki şəxs siyasi səhnədə heç də yeni yox, kifayət qədər təcrübəyə malik insanlardır.
Araz Əlizadə DSK-ya müraciət edərək rəqibi İqbal Ağazadənin təbliğat-təşviqat kampaniyasına oktyabrın 9-da deyil, oktyabrın 1-də start verdiyini bildirib. Həmçinin, İqbal Ağazadənin yenidən deputat seçilmək uğrunda mübarizə apardığı ərazidə asfalt yollar çəkdirməsini, quruculuq işləri aparmasının qanunlara zidd addım kimi dəyərləndirmişdir. ASDP sədrinin fikrincə, bütün bu işlər seçicini pulla ələ almaq cəhdlərindən başqa bir şey deyil. İqbal bəy isə bunları şər-böhtan adlandırmışdır.
Hər bir deputatın borcudur ki, onu seçən insanların həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni etsin. Təbii ki, seçkilərə qısa müddət qalmış İqbal bəyin seçildiyi ərazinin "deputat"ı olduğunu xatırlaması və "səxavət kisəsi"ni açması qalibiyyət üçün hesablanmış gedişdir. Belə olduqda isə, Araz bəyin narazılığı və bununla bağlı aidiyyatı üzrə DSK-ya müraciəti çox düzgündür.
Rəqiblərin "söz davası" bununla da bitmir. Araz Əlizadə İqbal Ağazadəni populist çıxışlar etməkdə ittiham edib. Onun sözlərinə görə, "millət vəkili qanunvericiliklə məşğul olmalıdır populizmlə yox. Amma İqbal bəy üç müddətə millət vəkili olmasına baxmayaraq, cəmi bir qanun layihəsi ilə çıxış edib. Ona görə də seçicilərin tam ixtiyarı var ki, istəsələr öz millət vəkillərini dəyişsinlər".
Görünən odur ki, bu məsələ uzana-uzana gedəcək. Tərəflər indi də bir-birinin ünvanına təhqirlər yağdırmağa başlayıblar. Bu məsələnin artıq məhkəməyə gedib çıxacağı artıq şübhə doğurmur.
Qeyd edim ki, hər iki partiya lideri 35 saylı Üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizəddir.
Tofiq Abdullayev