TƏRS BAXIŞ
Müsavatla "Milli Şura" arasında yaradılan qarşıdurmanın planını Əli Kərimli cızıb
Bu günlərdə, xüsusilə parlament seçkiləri ərəfəsində müxalifətin bir-birini ittiham edən tərəfləri qarşılıqlı ittihamların sayını artırıblar. Bu dəfə Vətəndaş Hərəkatı Partiyasının (VHP) Ali Məclisinin sədri, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Rafiq Manaflı sosial şəbəkələrdə seçkilərdə iştirak etmək qərarını vermiş müxalifətyönlü qurumlar barədə ironik və təhqir formalı statuslar paylaşıb. Maraqlıdır ki, VHP təmsilçisilə yanaşı digər "Milli Şura" üzvü Gültəkin Hacıbəyli də eyni statusları paylaşıb. O da seçkilərə qatılacaq müxalifət partiyalarını xəyanətkarlıqda ittiham edib. Xüsusilə, digər müxalifət partiyalarından daha çox Müsavat partiyasını hədəfə alıb. Mövzuda toxunulan firkirərdən biri də "Milli Şura"nın sədri Cəmil Həsənlinin mətbuata qondarma deputat siyahısı təqdim etməsilə bağlıdır. Daha dəqiq desək, onun münəccimliyinin "Milli Şura" üzvləri tərəfindən ciddi qəbul edilməsi ətrafında aparılan müzakirələrdir. VHP rəsmisi də "Milli Şura"nın üzvü olduğu üçün Cəmil Həsənlinin parlament seçkilərilə bağlı yaydığı qondarma siyahını müdafiə etmək fikirinə düşüb.
Lakin odun üzərinə benzin tökən məsələlərdən biri də Rafiq Manaflı və Gültəkin Hacıbəylinin fikirlərinin bilavasitə Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetində dərc olunmasıdır. Yəni bu amil birbaşa Müsavata qarşı yönəlmiş plan kimi nəzərdə tutulub. Belə olan təqdirdə, Müsavat rəhbərliyi və tərəfdarları sosial şəbəkədə bu planın məhz Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli tərəfindən hazırlandığını deyirlər.
Artıq qarşı tərəfdən AXCP sədrinə və onun "Milli Şura"dakı adamlarına qarşı sərt cavablar da gəlməkdədir. Partiyaya məxsus mətbuat orqanı "Milli Şura"nın bu günə qədər işlədiyi xarici dairələrin ifşa edildiyini əsas gətirərək, hazırda da həmin qurumun dövlətçilik maraqlarına qarşı çıxış etdiyini, qrantlar və s. maddiyyatlar müqabilində fəaliyyət göstərdiyini bəyan edib. O cümlədən, Rafiq Manaflı və Gültəkin Hacıbəyli kimi fərdlərin ölkə siyasətində, müxalifətdə əhəmiyyətli adam olmadıqları da qeyd edilib. Nəticədə, Müsavatın bu kimi bəyanatları tərəflər arasında olan münasibətləri daha da gərginləşdirib.
Ancaq Əli Kərimlinin planının üstünün açılması, eləcə də müxalifət partiyalarının seçkilərə qatılması bir daha göstərir ki, "Milli Şura"nın, yaxud da AXCP-nin təxribatları onlara heç bir təsir göstərmir.
Hətta seçkidə iştirak edən namizədlərin içərisində bir vaxtlar "Milli Şura"da təmsil olunan KXCP, VHP, ALP, ACP, partiyaları, eyni zamanda NİDA Vətəndaş Hərəkatı da var. Belə olan təqdirdə, Əli Kərimlinin və Cəmil Həsənlinin "Real müxlaifət parlament seçkilərini boykot edir" kimi gülüncü bəyanatları heç bir məntiqə sığmamış qalır.
Rövşən RƏSULOV