"AMİP-də qapalı sədr seçkisi keçiriləcək"
"Yusif bəy istefanın səbəblərini səhhəti ilə əlaqələndirib. Onun həm mətbuata, həm də partiyaya ünvanladığı mürciətlərdə səhhətində yaranmış ciddi problemlər səbəbi ilə istefa verdiyi göstərilib. Ona görə də başqa hansısa səbəblərin mövcudluğu barədə deyilənlərin heç bir əsası yoxdur". Bu fikirləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov sabiq sədr Yusif Bağırzadənin postundan ani istefasına və partiyadan getməsinə münasibətini bildirərkən deyib.AMİP yetkilisi sədrliyə ən optimal namizəd kimi partiyanın baş katibi Arzuxan Əlizadənin adının hallanmasına da münasibət bildirib. O qeyd edib ki, kimin optimal sədr olacağını qurultay müəyyənləşdirəcək: "Yalnız Azuxan Əlizadə optimal namizəd deyil. Diğər optimal namizədlər də öz iddialarını ortaya qoya bilərlər. Partiyanın ali orqanı seçim etmək səlahiyyətinə malikdir və irəli sürüləcək namizədlərdən də hansını seçəcəyi onun ixtiyarındadır. Heç kəs hamının xoşuna gələ bilməz və hamı da eyni düşünə bilməz". Əli Orucov onu da əlavə edib ki, yeni sədrin seçilməsi gizli yolla baş tutacaq: "Gizli səsvermə ona görədir ki, hər kəs müstəqil və sərbəst seçim imkanı əldə etsin. Rayon təşkilatlarında hesabat-seçki yığıncaqları və konfranslar artıq çoxdan yekunlaşıb. Partiyanın növbəti 11-ci qurultayına nümayəndələr seçilib. 12 oktyabrda keçirilən Mərkəzi Şuranın iclasında qərara alınıb ki, qurultay parlament seçkilərinədək keçirilsin. Lakin seçki hazırlıqları, bu yöndə işlərin intensivliyi və sədrin qəfil istefası mövcud situasiyanı dəyişdi. Bu faktorlar isə qurulyatın ertələnməsi ilə nəticələndi".
sia.az