PDF Oxu

Müxalifət

  • 1 611

Müsavatın yalan dolu "hesabatı"

image

Parlament seçkilərində iştirak edəcək digər partiyalar kimi Müsavat partiyası da seçki qərargahları yaradaraq namizədlikləri qeydə alınmış üzvlərinin təbliğat-təşviqatını həyata keçirir. Dövlətimiz tərəfindən bunun üçün hərtərəfli bərabər imkanlar yaradılıb. Hərçənd ki, yenə narazılar var.

Bu yaxınlarda seçkilərdə iştirak edəcək namizədlər üçün pulsuz efir vaxtının ölkənin hakim partiyası- YAP-ın müraciəti əsasında ləğv edilməsi heç də birmənalı qarşılanmadı. Əlbəttə ki, heç nəyi bəyənməyən və hər yaxşıda bir pis axtaran müxalifətimizin simasında. Onlar bunu azad və şəffaf seçkilərə yaradılan bir maneə kimi qiymətləndirdi. Halbuki mahiyyətə vardıqda görmək olur ki, ölkədə seçki qanunvericiliyinə uyğun olaraq pulsuz efir vaxtı 60-dan artıq dairədən namizədi təsdiqlənmiş partiyalara şamil olunur. "Ana müxalifət" sayılan və "narazıların başbiləni" Müsavat partiyasının isə 63 dairədən irəli sürdüyü namizədlərdən cəmi 24 dairədən olan namizədi qeydə alınıb. Göründüyü kimi, burada əslində, hakim partiyanın atdığı addımın ölkədə bərabərtərəfli, azad və şəffaf seçki yolunda atılan addım olduğu bəlli olur.

Müsavat partiyasının Mərkəzi Seçki Qərargahında seçki prosesi ilə bağlı məlumatlar mediaya ötürülür. Onların MSK-ya ünvanladığı şikayətlərin əsasında seçkiqabağı demokratik ab-havanın olmadığı dayanır. Hətta Müsavat namizədlərinə qarşı total təzyiqlərin olduğunu vurğulayırlar. Aydınlaşdırdıqda isə məlum olur ki, Müsavat partiyasının namizədlərinə yerlərdə heç bir təzyiq edilmir və onlar rahat şəkildə öz seçiciləri ilə görüşlər keçirə bilirlər. Seçici auditoriyasının az olması və yaxud da heç olmamasını hakimiyyətin təzyiqi kimi qiymətləndirmək isə düzgün deyil.

Müsavatın Mərkəzi Seçki Qərargahı deputatlığa namizədlərin irəli sürülməsi mərhələsində "qeydə alınmış qanun pozuntu"ları haqqında hesabat yayıb. Məlum hesabatda Azərbaycan hakimiyyəti ölkədə çoxpartiyalı siyasi sistemi faktiki olaraq aradan qaldırmaq istiqamətindəki fəaliyyətini parlament seçkiləri ərəfəsində də davam etdirdiyi, eyni zamanda vətəndaşların sərbəst toplaşmaq hüququnun ləğv edildiyi vurğulanır. Bütün bunlar ağ yalan deyilsə, bəs nədir? Ölkəmizdə kifayət qədər siyasi partiyalar fəaliyyət göstərir. Yalnız bu seçkilərdə deyil, bundan öncə baş tutmuş seçkilərdə də ölkədə mövcud olan bütün partiyalar üçün bərəbərhüquqlu mübarizə meydanı yaradılıb. Hər hansı narazılıqla bağlı vətəndaşların sərbəst şəkildə toplaşıb öz etirazlarını bildirmək hüquqları tanınır və bu faktlarla danılmazdır. Əlbəttə ki, dövlət hakimiyyətinə yönəlmədiyi təqdirdə. Hesabatla tanış olarkən rastlaşdığımız "qanun pozuntu"ları "Müsavat bilici"ləri tərəfindən seçki prosesinin uğursuzluğunu sığortalamaq üçün düşünülmüş planın tərkib hissəsidir.

Hesabatda diqqətiçəkən digər bir məqam kimi "siyasi məhbus"lar probleminin önə çəkilməsidir. Əvvəla, Azərbaycanda heç kim siyasi mənsubiyyətinə görə həbs olunmayıb. Siyasi məhbus adı altında həbs olunan şəxslər sırasında Leyla və Arif Yunusun, Xədicə İsmayılın və digərlərinin adları var. Bu insanlar isə dövlətin milli maraq və mənafelərini şəxsi mənfəətləri naminə xarici düşmənlərimizə satan insanlardır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq da ən ağır cəzaya layiqdirlər.

Hazırlanmış bu hesabatla Müsavat partiyası bir daha sübut etdi ki, bu partiya nəinki bu seçkidə digər seçkilərdə də qələbə qazanacaq nüfuza və sosial bazaya sahib deyil. Məqsədləri isə ölkəmizdə baş tutacaq hər hansı böyük hadisə öncəsi hazırladığı təhrif olunmuş və heç bir həqiqətə uyğun olmayan hesabatlarla "düşmənlərimizin dəyirmanına su tökməkdir".

Tofiq Rəfailoğlu

Digər xəbərlər