TƏRS BAXIŞ
Yaxud Müsavat başqanı AXCP sədrinə xoş gəlmək üçün Razi Nurullayev kartından istifadə etdi
Hələ Müsavata yenicə başqan seçildiyi zaman İsa Qəmbərin dönəmindən dövr aldığı AXCP ilə düşmənçilik faktorunun aradan qaldırılması istiqamətində Əli Kərimlinin ayağına gedən Arif Hacılı bu günlərdə yenidən eyni addımı atıb. Düzdür, bu dəfə o, heç də Əli Kərimlinin ayağına gedərək qarşı tərəfə barışıq barədə yalvarmayıb. Lakin atılan bu addımı da eyni nəzərdən qəbul etmək mümkündür. Daha dəqiq desək, bu günlərdə real AXCP adına iddiasını ortaya qoyduqdan sonra qurultay keçirmiş Razi Nurullayev qanadını real cəbhə kimi tanımadığını deyən Arif Hacılı yenidən Əli Kərimlinin xətrini xoş etməyə çalışıb. Bununla bağlı mətbuata açıqlama verən Müsavat başqanı deyib ki, rəhbərlik etdiyi təşkilat AXCP adında yalnız bir təşkilatı tanıyır: "Bu təşkilat öz qurultayını sentyabrın 27- də keçirərək növbəti dövr üçün rəhbərliyini seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqadır. Ədliyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı qərar Müsavat partiyasının mövqeyinə təsir etməyəcək".
Arif Hacılı Əli Kərilminin ətəyindən yapışaraq ondan nə isə ummağa çalışır
Maraqlı məqamlardan buru də budur ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP də oktyabrın 18-də qurultay keçirib və həmin qurultayda kifayət qədər cəbhəçi iştirak edib. Eyni zamanda, AXCP-nin bir çox rayon şöbələrini təmsil edən tərəflər məhz Razi Nurullayevi özlərinə sədr seçiblər. Bu isə, əslində Əli Kərimlinin partiyasında elektoratın demək olar ki, qalmamasının göstəricisidir. Yəni demək mümkündür ki, əgər Arif Hacılı Əli Kərimlinin təşkilatını tanıyırsa, uzağı onun müavinləri də olmaqla 200-300 nəfərin cəm olduğu AXCP-ni tanıyır. Ancaq 1000-dən artıq üzv toplayan Razi Nurullayevin AXCP-sini tanımır. Demək, Arif Hacılı burada partiya amilini deyil, məhz şəxs amilini nəzərdə tutur. Daha dəqiq desək, Əli Kərilminin ətəyindən yapışaraq ondan nə isə ummağa çalışır. Ancaq nəyi? Bax, bunu da az sonra öyrənəcəyik.
Müsavat "Milli Şura"dan çıxarkən, İsa Qəmbərlə razılaşmayan əsas qruplaşma məhz Arif Hacılıya aid idi
Yeri gəlmişkən, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər hələ 2013-cü il prezident seçkiləri ərəfəsində təşkilatın "Milli Şura"dan çıxdığını bəyan etdikdən sonra onunla razılaşmayan müsavatçılardan biri də hələ o vaxt partiyanın mərkəzi icra aparatına rəhbərlik edən Arif Hacılı və qruplaşması olmuşdu. Ancaq onların etirazlarına rəğmən, Müsavat "Milli Şura"dan çıxdı. Çünki həmin qurumun xarici dairələrlə iş birliyi sübuta yetirilməklə yanaşı, AXCP sədri Əli Kərimlinin oradakı söz sahibliyi də qarşı tərəfi qane etmirdi.
Fakt budur ki, Arif Hacılı şəxsi maraqlarının təmin olunması üçün özünün aşkar şəkildə Əli Kərimli qarşısında aciz olduğunu nümayiş etdirir
İndiki məqamda Arif Hacılının tələm-tələsik Razi Nurullayevin AXCP-sini deyil, məhz Əli Kərimlinin AXCP-sini tanıdığını bəyan etməsi isə onun "siyasəti" kimi deyil, yalvarışları kimi qəbul edilməlidir. O, Əli Kərimliyə yalvarmaqla, ya "Milli Şura"ya bərpa olunmaq, bununla radikal müxalifət partiyası imicini özünə qaytarmaq, ya da açıq-aşkar AXCP-nin söz sahibliyi altında fəaliyyət göstərmək, eyni zamanda bu vasitəylə xarici dairələrlə iş birliyinə gedərək qrant paylarını artırmaq istəyir. Çünki buna başqa cür proqnoz vermək də mümkün deyil. Beləliklə, fakt budur ki, Arif Hacılı şəxsi maraqlarının təmin olunması üçün özünü aşkar şəkildə Əli Kərimli qarşısında aciz olduğunu nümayiş etdirir.
Rövşən RƏSULOV