"Milli Şura" "ölü doğulmuş uşaqdır"
Bir neçə siyasi partiyanı və hərəkatı özündə birləşdirərək yaradılan "Milli Şura" "ölü doğulmuş uşaqdır". Ölkəmizdə keçirilmiş 2013-cü il prezident seçkiləri öncəsi yaradılmış bu qurumun yaradılmasında məqsəd müxalif qüvvələrin birliyini yaradaraq seçkilərdə özünü daha güclü faktor kimi göstərmək idi. Çünki başa düşürdülər ki, ayrı-ayrılıqda seçkidə iştirakları ilə hansısa bir uğura ümid edə bilməzlər. Cüzi sosial bazaya sahib bu partiya və hərəkatların birləşməsi belə nəticəsiz qaldı. Bu qurumda birləşənlərin aralarındakı çəkişmələr, hər hansı məsələ barədə ortaq məxrəcə gələ bilməmələri onsuz da heç bir uğur vəd etməyən qurumun elə əvvəldən sonu demək idi.
10 illik uğurlu siyasətə layiqli qiymət
2013-cü il prezident seçkilərindəki məğlubiyyəti heç cürə həzm edə bilməyən "Milli Şura" ölkədə xarici havadarlarının dəstəyi ilə gərginlik yaratmağa çalışsa da, məqsədinə nail ola bilmədi. Xalqın böyük əksəriyyətinin dəstəyini qazanan güclü lider-Cənab İlham Əliyev ölkə başçısı seçildi. Bundan öncə 2 dəfə - 2003-2008 və 2008-2013-cü illərdə prezident seçilmiş Cənab İlham Əliyev Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti çox uğurla davam etdirdi. Ölkəmizin beynəlxalq arenada nüfuzu artdı,sabitlik yarandı,sürətli inkişafa nail olundu, xalqın sosial rifah halı yüksəldi və ən əsası insanlarımızın firavan gələcəyə inamı formalaşdı. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" kimi uzaqgörənliklə deyilmiş ifadəsini reallaşdırdı. Qədirbilən xalqımızın Cənab İlham Əliyevi növbəti dəfə prezident seçməsi isə 10 illik uğurlu siyasətin bariz nəticəsi idi.
Namizədlərinə baxın
"Beşikdən ölü doğulan" "Milli Şura"nın perspektivsizliyini gec də olsa görən bəzi siyasi partiyalar ondan uzaqlaşdı. Məqsədi hakimiyyətə gəlmək olan bu qurumun seçkidə vahid namizəd kimi irəli sürmək istədikləri insanların Azərbaycan kimi həssas geosiyasi regionda yerləşən və hərtərəfli düşünülmüş siyasət yürütməyi tələb edən bir dövləti idarə etməyə nə siyasi savadları, nə də dünyagörüşləri buna imkan verirdi. Biri rejissor, o biri tarixçi. Bu isə qurumu yaradan insanların Azərbaycanın və onun xalqının gələcəyini zərrə qədər də düşünmədiklərini sübut edirdi.
Xalqın dəstəyinə əsaslanmayan həmişə məğlubiyyətə məhkumdur
2015-ci ildir. Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi "Milli Şura" yenə də öz ampluasındadır. Əvvəlcə Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnaməsini dəstəkləyən, sonra isə ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun seçkilərdə iştirakdan imtina etməsini alqışlayan bu qurum milli dövlətçiliyimizə düşmən cəbhə kimi yarandığını təsdiqlədi. "Xarici dostları"ndan kiçicik bir dəstək görən kimi mitinq və piket xəyalına düşürlər. Ciddi sayda sosial bazası olmayan və ancaq "havadan" danışmaqla, özlərinə sərf edən hesabatlar hazırlayıb yaymaqla işini bitmiş hesab edən "Milli Şura" seçkidən imtina etməklə seçkidə özlərini biabır olmaqdan və acı məğlubiyyətdən siğortalamış oldu. Elə onlardan gözlənilən də bu idi. Xalqın dəstəyinə əsaslanmayan həmişə məğub olmağa məhkumdur.
Tofiq Rəfailoğlu