Razi Nurullayev: "Bu, iyrənclikdir, səviyyəsizlikdir, mədəniyyətsizlikdir və gözügötürməməzlikdir"
Müsahibimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (EQ) sədri Razi Nurullayevdir
- Razi bəy, Müsavat başqanı Arif Hacılı sizləri deyil, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatı rəsmi AXCP kimi tanıdıqlarını bildirb. Bu mövqe sizlər tərəfindən təccüblə qarşılanmadı ki?
- Hələ o zaman Müsavat partiyasında baş verən parçalanmalara üzülərək, neytral qaldım. Elə məsələlər var ki, onlara fikir bildirmək üçün tələsməmək lazımdır. Arif Hacılının özünün legitimliyi sual altında olduğu halda, onun belə bir bəyanatla çıxış etməsi məntiqdən kənardır. Hesab edirəm ki, Azərbaycan siyasətində Əli Kərimlinin çox pis bir şəkildə yaratdığı monopoliya var. O monopoliyaya qarşı mən təkbaşına mübarizəyə qatılıb, dostlarımla Azərbaycan müxalifətini xilas etmiş olduq. Bununla da elə Arif Hacılını xilas etdik. Bu baxımdan, Arif Hacılıya və digər siyasi partiyalara üzümü tutub deyirəm ki, onlar bizə təşəkkür etməlidilər ki, onların uzun zamandan bəri görüb tamamlamaq misiyyası olan bir işi biz az qala başa çatdırmaq üzrəyik. Çünki Əli Kərimli Azərbaycan siyasətində hər bir kəsi özündən başqa sıradan çıxarmaq və rədd etmək yolu tutmuşdur. Belə bir məqamda Əli Kərimlini müdafiə etmək doğru qərar deyil.
- Sizin qurultayınızla bağl Əli Kərimlinin susqunluq göstərməsi nə ilə bağlıdır?
- Əli Kərimli sahibi olduğu qəzetlərinə və saytlarına göstəriş verib ki, qurultayla bağlı heç nə yazmasınlar. Onlar manitorinqlər aparırdılar ki, qurultayla bağlı hər hansı çatışmazlıq tapsınlar və onu ictimailəşdirsinlər. Bununla da bizi ələ salsınlar və qınaq obyektinə çevirsinlər. Amma onun orada 10-15 tərəfdarı və "Azadlıq" qəzetinin nümayəndələri iştirak edirdi. Onlar orada hələ 15-20 il öncə olan siyasi abı-havanı gördülər.
- Qənimət Zahidin redaktoru olduğu "Azərbaycan saatı" verlişində sizlər açıq şəkildə təhqir olunursunuz. Bu, birbaşa Əli Kərimlinin göstərişi ola bilərmi?
- Əli Kərimli birtərəfli qaydada təbliğat aparır. Belə ki, orada istənilən insan haqqında danışılsa da, ittihamlar səsləndirilsə də, onlara yerində cavab vermək mümkün olmur. Amma sosial şəbəkələrdə, mətbu orqanlarda Əli Kərimlinin dəstəsinə lazımi cavablar verilir. Birtəfli qaydada aparılan təbliğat Əli Kərimlinin, Qənimət Zahidin azad söz və azad fikirlə bağlı söylədiklərinə ziddir. Birtərəfli şəkildə əks-təbliğat aparırlar və qarşı tərəfin fikirlərinə yer vermirlər. Bu, iyrənclikdir, səviyyəsizlikdir, mədəniyyətsizlikdir və gözügötürməməzlikdir. Hamıya məlumdur ki, Qənimət Zahid reket jurnalistdir. O, hər zaman reketçiliklə məşğul olub, bu gün də həmin peşəsini davam etdirir. Qənimət Zahid kimi adamlar cəmiyyəti murdarlamaqla məşğuldurlar.
- Növbəti mərhələdə hansı addımları atmağı planlaşdırırsınız?
- Biz Ədliyə Nazirliyinə müraciəti edəcəyik. İddiamız budur ki, Ədliyə Nazirliyi rəsmi AXCP olaraq bizi tanısın və Əli Kərimlinin hüquqi təmsilçiliyinə son qoyulsun. Ümid edirəm ki, vicdanlı və eyni zamanda müdrük düşünən insalar bununla bağlı da vicdanlı və müdrik qərar çıxaracaqlar.
GÜLYANƏ