Azərbaycanda keçiriləcəyi nəzərdə tutulan Milli Məclisə seçkilərə çox az müddət qalıb. MSK-nın müəyyən etdiyi təbliğat-təşviqat dövrü oktyabrın 9-dan start götürüb. Deputatlığa namizədliyi təsdiq olunmuş bəzi şəxslər, hətta bu tarixdən öncə istər real həyatda, istərsə də virtual aləmdə öz təbliğatlarına başlayıblar. Bununla da onlar seçki qanunvericiliyini pozmuş sayıldıqları üçün namizədlikləri ləğv olunub.
Düzgün təşkil olunsa, gərəklidir
Seçki öncəsi müxtəlif saytlarda, internet portallarında keçirilən virtual səsvermələr hansı dərəcədə əhəmiyyətlidir? Real seçkilərə hansı təsirləri ola bilər? Bu sualları aydınlaşdırmağa çalışaq. Ümumiyyətlə, elektron səsvermənin tərkib hissəsi sayılan virtual səsvermə Qərbdən, ABŞ-dan gələn və azad, ədalətli, şəffaf seçkilərin keçirilməsinə, seçki öncəsi əhalinin rəyini öyrənməyə xidmət edən ənənədir. Əlbəttə, bunun düzgün təşkil olunması önəmlidir. Bəzən hansısa "xüsusi əl"in təsiri altında keçirilən "virtual səsvermə"lər bu sistemə kölgə salır.
Noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinin qızğın dövrüdür. Bir çox namizədlər böyük maliyyə vəsaiti hesabına küçə və meydanları fotolarilə bəzəməkdənsə, öz təbliğatlarını mətbuat və sosial şəbəkələr vasitəsilə qurmağa üstünlük verirlər. Müasir dövrdə bu, daha çox effektiv sayıla bilər. Onların, xüsusən də müxtəlif xəbər saytlarında virtual səsvermə yarışına çıxması daha çox diqqətləri cəlb edir.
Virtual səsvermə real seçkilərdə iştiraka çağırış funksiyasındadır
Bu seçkilərə də böyük hay-küylə qatılan müxalifət partiyalarının namizədləri virtual səvermələrdə aktiv şəkildə iştirak edirlər. Bu səsvermə üsulunda konkret dairənin seçiciləri deyil, hətta dünyanın istənilən nöqtəsində yaşayan insanlar belə iştirak edir. Eyni zamanda, bir şəxsin bir neçə ad altında çoxlu sayda səs verməsi də mümkündür. Ona görə də çox vaxt nəticələr reallığı əks etdirmir. Amma bir tərəfdən də virtual səsvermələr real seçkilərdə iştirak üçün insanlara bir çağırış funksiyasını daşıya bilir.
Yalançı "qaliblər"
Hər seçkidə məğlub olmağa alışmış dağıdıcı müxalifət düşərgəsinin namizədləri var gücləri ilə virtual səsvermə sorğularını reklam edirlər. Əhali arasında ciddi dayağı olmayan, namizədliyini irəli sürdüyü dairədə bundan öncəki seçkilərdə açıq fərqlə məğlub olan "ənənəvi namizəd"lər virtual səsvermədə öndə olmağa çalışırlar. Məqsəd isə bəllidir. Real seçkilərdə məğlub olacaqlarını bilən həmin şəxslər heç olmazsa bu formada öndə olub seçki sonunda özlərini "qalib" kimi göstərərək seçkilərə qara yaxmağa çalışırlar.
Son sözü real seçicilər deyəcək
Virtual səsvermə dünyada geniş yayılsa da, son dövrlər mötəbər hadisə kimi dəyərləndirilmir. Virtual səsvermə prosesində komissiya yoxdur. Hansısa bir qrup rəsmi qaydada bu işi üzərinə götürdüyünü bəyan etmir və bu mənada onların hamıya eyni dərəcədə yanaşmağı qeyri-mümkün olur. Virtual səsvermənin keçirilməsi ümumi rəyə təsir etmək üçün bir mexanizmdir, mübarizənin bir forması, dünyada geniş yayılmış Amerika seçki sisteminin qalığıdır. Yenə də son sözü, son addımı seçicilər atır, konkret olaraq bülletendə münasibətini göstərir.
Tofiq Rəfailoğlu