Hər zaman, ölkəmizdə keçirilməsi planlaşdırılan taleyüklü tədbirlər ərəfəsi xarici qüvvələrdən asılı olan dağdıcı müxalifət fəallıq göstərirlər. Müxtəlif şoular, məzhəkələr qurmaqla diqqəti seçki prosesindən yayındırmağa çalışıblar. Hətta piketlər, mitinqlər keçirmək çağrışları ilə də çıxışlar edirlər. "Yurddaş" partiyasının sədri Mais Səfərli bizimlə söhbətində bildirdi ki, ölkədə seçkilərin keçirilməsi zamanı müxalif qüvvələrin aksiyalar planlaşdırmaları pozucu niyyətlərini reallaşdırmaq cəhdindən irəli gəlir: "Bununla onlar xarici tapşırıqlara əsasən seçki prosesi ilə bağlı ölkədə mövcud olan ab-havaya kölgə salmağa cəhd göstərirlər. Amma burada müxalifət liderlərinin özləridə dərk etmirlər ki, mövcud əsaslara malik içtimai-siyasi sabitliyi pozmaq imkanına malik deyillər. Xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir. Azərbaycanda həm azadlıq, həm də demokratiya var. Yəni müxalifət bu məsələləri özlərinə hədəf seçiblərsə, hesab edirəm ki, bu, o qədər də uğurlu həfəd deyil. Çünki bütün bu sadalananların hamısı ölkəmizdə mövcuddur. Belə qarşıdurma və ixtişaş yaratmaqnan müxalifətçilər heç vaxt öz tələblərini ortaya qoya bilməzlər".
M.Səfərlinin proseslərin inkişafına əsasən dediyinə görə, hazırkı mərhələdə müxalifət partiyalarına rəhbərlik edən şəxslər öz yerlərini tərk etmək fikrində deyillər: "Bu, açıq şəkildə onların fəaliyyətindən və davranışından bəlli olur. Hər vəchlə çalışırlar ki, bu kürsüdə oturma müddətini uzatsınlar. Bu da ondan xəbər verir ki, müxalifət partiyalarında normal partiya quruculuğu aparılmır. Yəni sözügedən partiyalarda demokratik proseslər getmir. Bir sözlə, demokratiya olan yerdə, yəni demokratik təşkilatlarda və partiyalarda qanun belədir. Bu və ya digər partiyanın sədri bir və iki dəfə ölkədə keçirilən hər hansı bir seçkidə uduzaraq məğlub olursa, həmin partiya lideri tamamilə siyasətdən çıxıb gedir. Amma gördüyünüz kimi, artıq 20 ildən yuxarıdır ki, müxalifət partiya liderləri ölkədə keçirilən bütün seçkiləri uduzsa belə, yenə də heç nə olmayan kimi partiyalara rəhbərlik etməyə davam edir. Fikirimcə, müxalifət liderləri öz partiyalarını tərk etmək niyyətində deyillər".
M.Səfərli onu da bildirdi ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılan müxalifət partiya təmsilçilərinin uğur qazanması mümkünsüz görünür. Partiya sədri bunun səbəbini müxalifət nümayəndələrinin cəmiyyətdə özlərinə düzəlməsi çətin olan mənfi imic qazanması ilə əlaqələndirdi.
GÜLYANƏ