PDF Oxu

Müxalifət

  • 2 884

Başlanğıcdan sonunacan uduzan müxalifət

image

Azərbaycanın dağıdıcı müxalifəti öz dəyişməz ampluasında qalmaqdadır. Əslində, hər zaman eyni yerdə addımlayan, sadəcə cild dəyişməklə özünü siyasi palitrada saxlamağa cəhd göstərən və şəxsi mənafedən başqa bir şeyi düşünməyən dağıdıcı düşərgə bu dəfə də "mitinq" keçirmək xəyalına düşmüşdü. Onların düşüncəsinə görə bu "mitinq"ləri kütləviliyinə görə, daha izdihamlı olmalı idi. Keçirtdilər də amma..

Gözlədikləri yenə reallaşmadı

Oktyabrın 25-də dağıdıcı müxalifətin mərkəzində dayanan Müsavat partiyasının mitinq adı daşıyan, əslində isə partiyanın sabiq başqanı İsa Qəmbərin öz "seçici"lərilə görüşü formasında mini-mitinqi keçirilib. Bu görüşdə Müsavat başqanı Arif Hacılı, eyni zamanda bir neçə Müsavat partiyasından deputatlığa namizəd də iştirak edib. Həmişəki kimi "şablon yalan"lar səsləndirməklə məşğul olan İsa Qəmbərin hansı seçici auditoriyasına malik olması aydın şəkildə göründü. Kor- kor, gör-gör. Cəmi 300 nəfər iştirakçı var idi. İndi aydın olur ki, bu müxalifət niyə hər dəfə mitinq icazəsi istəyəndə məkan kimi "Fəvvarələr" meydanını tələb edir. Axı gözəl istirahət məkanı olan bu yerdə insanların sayı lap çox olur. Sonda isə parkda istirahət edənləri də hesabat şəklində öz "maddi mənbə"lərinə aksiya iştirakçısı qismində təqdim edə bilsinlər. Nəzərə alsaq ki, bu "mitinq"də çıxış edən şəxslər özlərinin arxasıyca heç olmasa 100 nəfəri gətirə bilsəydilər, ümumi kəmiyyət daha böyük olardı. Görünən odur ki, İsa Qəmbər başda olmaqla "mitinq" liderlərinin heç 100 nəfərlik sosial bazası belə yoxdur.

8-ci möcüzəyə ümid edirlər

Uğursuzluqların məntiqi davamıdır ki, Müsavat seçkilərin 4 aylıq təxirə salınmasını tələb edir. Görəsən, illərdir ki, dövlətin inkişafı, xalqın rifahı yolunda adi bir təklif belə irəli sürə bilməyən bu partiya 4 ayda nə edə bilər? Bəlkə ümid edirlər ki, dünyanın 8-ci möcüzəsi reallaşacaq. Ya da yox. Bəlkə, bu müddət ərzində Azərbaycanın uğurlarını gözü götürməyən "xarici qüvvə"lərdən yenə nəsə umurlar. Kim bilir? Gün kimi aydın olan isə budur ki, xalqımız heç vaxt bu şəxslərə inanmayacaq.

Yəqin münəccimliklə məşğuldurlar

Müsavatın iddiasına görə onlar demokratik prinsiplərə əsalanaraq azad və şəffaf seçkinin keçiriləcəyinə inanmırlar. Ola bilsin, biz bilmirdik. Yəqin ki, bunu deyənlər münəccimliklə məşğuldurlar. Yoxsa nəyinsə necə olacağını hardan bilsinlər. Onların bu cür danışmaqları məğlubiyyətlərinin öncədən siğortalanması kimi qiymətləndirilə bilər. Doğrudan da belədir. Görünən dağa nə bələdçi. Keçirdikləri son "mitinq"lə seçki başlamadan məğlub oldular.

Xarici anti-azərbaycançı qüvvələr də müxalifətə kömək edə bilmir

Seçkilərə isə cəmi bir neçə gün qalıb. Təbliğat-təşviqat kampaniyası isə yekunlaşmaq üzrədir. Azərbaycan dövləti hər bir vətəndaşının seçicisi olduğu dairə üzrə azad şəkildə dəstəklədiyi namizədinə səs verməsi üçün bütün şəraiti yaradıb. Xislətindən uzaqlaşmayan dağıdıcı müxalifət isə başlanğıcdan sonunacan uduzmasına baxmayaraq öz "ənənəvi siyasət"indən əl çəkmir. Bəlkə də əl çəkə bilmir. Axı maddi mənfəət umduqları "xarici qüvvə"lər belə tələb edir.

Tofiq Rəfailoğlu

Digər xəbərlər