Azərbaycan demokratik prinsiplərlə idarə olunan dövlət olduğu üçün çoxpartiyalı sistemə əsaslanır. Fərqli siyasi düşüncəyə sahib şəxslər öz mövqelərini ortaya qoymaq formasında siyasi təşkilatlar və birliklər yaradırlar. Təbii ki, bu siyasi düşüncə tərzinin dövlətin milli maraq və mənafelərinə zidd olmaması əsas şərtdir. Əks halda qanunvericilik çərçivəsində lazımi tədbirlər görülür. Ölkəmizdə 50-dən çox siyasi partiya fəaliyyət göstərir.
"Öz gözündə tükü görmür, başqasının gözündə tir axtarır"
Azərbaycanda müxalifətin dağıdıcı qanadını təşkil edən AXCP və Müsavat partiyaları uzun illərdir ki, bu mövqelərindən əl çəkmirlər. Doğru-dürüst proqramları olmayan və indiyəcən hər hansı tutarlı təkliflə çıxış edə bilməyən bu partiyanın "lider"ləri öz partiyadaşları tərəfindən "bütləşdirilmiş" insanlar sayılır. Onların bir sözü iki olmamalıdır. Buna cəhd edənlərin isə aqibəti heç də ürəkaçan deyil. Bütün bunlar partiyadaxili avtoritarizmin göstəriciləri deyilmi? Baxmayaraq ki, hər çıxışlarında demokratiyadan, insan hüquqlarından dəm vuran bu insanlar özləri bu prinsiplərə əməl etmirlər. "Öz gözündə tükü görmür, başqasının gözündə tir axtarır" deyimi lap yerinə düşür.
Az qala hansısa məişət xarakterli narazılığı qabardaraq "qlobal" səviyyəyə qaldırmağa cəhd edirlər
Dağıdıcı müxalifətin aksiyalara, mitinqlərə və piketlərə meyilli olması diqqəti cəlb edən məsələdir. Əslində, burda qeyri-adi heç nə yoxdur. Hər bir demokratik dövlətdə olduğu kimi, Azərbaycanda da insanların azad şəkildə öz fikirlərini ifadə etmək, hər hansı məsələ barədə narazılıqlarını bildirmək hüquqları var. Amma qanun çərçivəsində. Bizim müxalifət düşərgəsi isə az qala hansısa məişət xarakterli narazılığı qabardaraq "qlobal" səviyyəyə qaldırmağa cəhd edir. Dünya birliyinə özlərini "əzilən", "hüquqlar"ı tapdalanan tərəf simasında təqdim etməyə çalışırlar. Bu isə Azərbaycan dövlətinin uğurlarını gözü götürməyən daxili və xarici qüvvələrə birə-beş dəstək olmaq deməkdir.
Nankordurlar
Hər şeydən narazı qalan, yalnız özlərindən razı olan dağıdıcı müxalifətimiz tez-tez mitinq keçirmək xəyalına düşür. Keçirsinlər, amma dövlətimizin qanunla ayırdığı yerlərdə. Bu məsələdə də "nankor" olmaları üzə çıxır. Özlərinə sərf edən məkanda mitinqlərini reallaşdırmaq istəyən müxalifətimizin əlbəttə ki, məqsədi də xalqa, dövlətə yox, özlərinə sərf edən nəticə qazanmaqdır. Bu günəcən belə yanaşmalarından heç cür əl çəkə bilməyən "dağıdıcı müxalifət"in bundan sonra da hansısa uğura ümid bəsləməsi ağlabatan deyil.
Partiyalırını da öz şəxsi mənfəətlərinə alət ediblər
Əllərinə fürsət düşən kimi, hazırkı hakimiyyəti tənqid edən, bəzi hallarda isə təhqirdən belə çəkinməyən müxalifətimizin dağıdıcı düşərgəsinə deyən gərək ki, indiki hakimiyyətinin Azərbaycan dövləti, xalqı üçün etdiklərinin cüzi bir hissəsini edin, ondan sonra nəyisə, yaxud kimisə tənqid edin. Amma onlardan bunu gözləmək əbəsdir. İdarə etdikləri partiyalarını da şəxsi mənfəət qazanmaq aləti edən dağıdıcı müxalifət liderlərinin məqsədi hazırki güclü, müstəqil, inkişaf edən Azərbaycanı zəif və asılı Azərbaycana çevirməkdir. Özləri kimi. Bunun isə reallaşması mümkün deyil. Çünki ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur.
Bu gün Azərbaycan dövləti Ulu Öndər yolunun layiqli davamçısı olan Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyilə öz tarixinin "qızıl dövr"ünü yaşayır. Güclü iradəyə, yüksək intellektə, uzaqgörən və məqsədyönlü siyasət yürütmək bacarığına sahib güclü liderimizlə Azərbaycanımızın uğurları hələ qabaqdadır.
Tofiq Rəfailoğlu