Mais Səfərli: "Bu gün sanki müxalifət partiyaları bir-birilə mübarizə aparmaq üçün mövcuddurlar"
Məlum oldu kimi, seçkilərə iki gün qalmış Müsavat partiyası seçkilərdən imtina qərarı verib. Söz yox ki, bu seçkilərdə məğlub olacaqlarını indidən dərk etmələri və özlərini sığortalamaq üçün anormal addım atdılar. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr tərəfindən bu addımın atılması onların zəifliyindən xəbər verir: "Çünki müxalifət təmsilçilərinin özləri çox gözəl başa düşürlər ki, parlament seçkilərinə qatılsalar belə, yenə də məğlubiyyətləri qaçılmazdır. Cəmiyyətdə rüsvay olmasınlar deyə, bu cür anormal qərara gələrək, seçkilərə qatılmaqdan imtina ediblər. Artıq uzun illərdi ki, müxalifət düşərgəsini təmsil edən partiya rəhbərləri Azərbaycanın siyasi səhnəsində mövcuddurlar. Ancaq bu illər ərzində müxalifət təmsilçiləri ortaya normal şəkildə bir fəaliyyət qoymayıblar. Bu da onlar tərəfindən aparılan yalnış siyasətin nəticəsidir. Artıq müxalifətdə olan bu partiyalar siyasi arxivə doğru istiqamət götürüblər. Müxalifət düşərgəsində olan partiyaların fəaliyyətsizliyi, ictimaiyyət tərəfindən dəstəklənməmələri, bütün seçkiləri uduza-uduza gəlmələri bu partiyalarda çürümə prosesi gedir. Müxalifət öz daxilində baş verənləri nə qədər ört-basdır etsə də, bu, özünü yenə də büruzə verir".
"Müxalifət partiyalarında normal qərarların, ideya və təkliflərin olmadığını bu seçkilərdə də özünü göstərdiyini demək olarmı" sualını cavablandıran partiya sədri bildirdi ki, hər zaman müxalifətçilər öz amplualarından çıxış edərək, qərarlarını verirlər. Böyük iddialar partiyaların bir araya gəlməsinə imkan vermir. Ona görə də, müxalifət partiyalarına rəhbərlik edənlərin ambisiyaları o partiyaların qərarlarından üstün hesab edilir. Belə olan halda da, müxalifət partiyaları uzun müddət yaşaya bilməz. Məhz bu səbəblərə görə müxalifət partiyaları arxivə doğru addımlamaqdadır. Ümumiyyətlə, bu gün sanki müxalifət partiyaları bir-birilə mübarizə aparmaq üçün mövcuddurlar. Yəni müxalifət partiyalarında heç bir səmimiyyət yoxdur. Bütün bunlar müxalifətin məğlubiyyətini şərtləndirən əsas amillərdəndir".
GÜLYANƏ