Beynəlxalq aləmdə seçkilərə maraq yüksəkdir
Ölkəmizdə keçiriləcək parlament seçkiləri beynəlxalq aləmin diqqət mərkəzindədir. Bir çox dövlətlər, eləcə də beynəlxalq təşkilatlar seçkilərdə müşahidə qruplarilə təmsil olunacaqlar. 60 minə yaxın yerli, 19 beynəlxalq təşkilatdan 300-ə yaxın xarici müşahidəçi Azərbaycanda seçkiləri izləyəcək. Təbii olaraq Azərbaycanın ildə-ilə artan dünyadakı nüfuzu dostlarla bərabər düşmənlərimizin də çoxalmasına səbəb olur. Seçkilər isə düşmənlərimizin öz məqsədlərini reallaşdırmaları üçün əlverişli siyasi hadisədir. Bundan istifadə edərək beynəlxalq rəyi ölkəmizin əleyhinə çevirməyə çalışırlar.
Həmişə də xalqın etirazı ilə üzləşirlər
Daxili destruktiv qüvvələrin fəaliyyəti seçkiyə bir neçə gün qalmış daha da "güclənmişdir". Onların məqsədi isə heç də xarici düşmənlərimizin məqsədlərindən fərqlənmir. Elə daxildəki anti-azərbaycançı qüvvələri də hərəkətə gətirib, onlara "göstərişlər" verənlər də eyni niyyətli xarici qüvvələrdir. Əlbir fəaliyyətlərilə bu günəcən heç nəyə nail olmasalar da, sadəcə olaraq "ürək bulandırmaqla" məşğuldurlar. Hər dəfə xalqın güclü etirazına səbəb olan hərəkətlərilə üzləşən "həmrəy qüvvələr" öz qara niyyətlərindən əl çəkmirlər.
Haqlısansa, sonacan mübarizə apar!
Açıq rəqabətdən qaçan dağıdıcı müxalifət düşərgəsi seçkiləri boykot etməklə ən asan yolu seçirlər. Bununla seçkilərin şəffaflığına kölgə salmağa çalışırlar. Bunun adı qorxaqlıqdır.
Hər çıxışlarında "haqlı" olduqlarını hayqırtıyla səsləndirən müxalifət niyə seçkidə iştirakdan boyun qaçırır?! Haqlısansa sonacan mübarizə apar. "Yarı yolda buraxıb qaçmaq" müxalifətimizin ənənəvi simasını əks etdirdiyini nəzərə alsaq, bu addımlarını normal qarşılamaq lazımdır. Belələrinin hələ xalqa rəhbərlik etmək arzuları da var. Nə deyəsən?!
Əsassız səbəblər
Biri deyir ki, ATƏT PA seçkiləri müşahidə etməyəcəyi üçün seçkidə iştirak etmirəm. Belə çıxır ki, sən "onlara" görə iştirak edirdin. Deməli, ya nəsə umacağın, ya da ki hansısa öhdəliyin var. O biri deyir ki, pulsuz efir vaxtı niyə ləğv edildi. Ona görə də iştirakdan imtina edir. Axı pulsuz efir vaxtının hansı hallarda verildiyini guya bilmirlər ki?! Hamımızdan da yaxşı bilirlər. Məqsədləri isə əsassız səbəblər gətirib seçkini boykot etməklə Azərbaycana beynəlxalq təzyiqi gücləndirməkdir.
"Daha ağıllı" Müsavat oldu
Bu günlərdə Müsavat partiyasının divanı toplandı və partiya seçkilərdə iştirakdan imtina etdi. Niyə seçkiyə bir neçə gün qalmış bu addım atıldı? Deyim sizə. Bu partiya digər bu addımı atanlardan daha "ağıllı siyasət" yürütdü. Yəni seçki təbliğat-təşviqat dövründə sonacan iştirak etmək üçün əlimizdən gələni etdik, amma rastlaşdığımız "qanun pozuntuları" bizi seçkini boykota məcbur etdi. Belə olan halda Müsavat xarici aləmdə özü üçün bu cür görüntü yaradacaqdı: "Ən güclü müxalifət partiyası bizik. Çalışdıq sonacan mübarizə aparaq, amma hakimiyyət qorxdu və iştirakımıza imkan vermədi". Çox gözəl siyasi gedişdir. Bununla Azərbaycan hakimiyyətinə qarşı təzyiq üçün "əsas" yaratdığını düşünür. Necə məkrli olmaları burdan görünür.
İt hürər, karvan keçər
İstənilən halda ölkəmizdə azad, ədalətli və şəffaf seçkilərin baş tutacağına inananlar böyük əksəriyyət təşkil edir. Dövlətimizin uğurlarını gözü götürməyən qüvvələr isə onsuz da hər vəchlə seçkiyə kölgə salmağa çalışacaqlar. Amma necə deyərlər: it hürər, karvan keçər.
Tofiq Rəfailoğlu