PDF Oxu

Müxalifət

  • 6 609

Leyla Yunus kimi xəyanətkarların aramızda yeri yoxdur

image

Vətənə xəyanət xalqa xəyanətdir

Özlərini "hüquq müdafiəçisi" adlandıraraq yalandan Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu dünyaya car çəkərək xidmət etdikləri anti-azərbaycançı dairələr qarşısında dividend qazanmaq istəyən şəxslər gec-tez layiqli cəzalarına çatmalıdırlar. Necə ki, Leyla Yunus indi həbsdədir. Bu qadın özünü dərk etdiyi andan doğulub boya-başa çatdığı, suyundan içib çörəyindən yediyi vətəninə qarşı düşmən mövqedə dayanıb. İnsan necə belə nankor ola bilər? Bəs bilmirdi ki, bunun cəzasını əvvəl-axır çəkəcək. Bu da sonu.

Torpaqlarımızın işğal edilməsində də Leyla Yunusun böyük xidmətləri olub

Azərbaycan müstəqillik qazandıqdan dərhal sonra bədxah qonşumuz Ermənistanla müharibəyə cəlb olundu. Yenicə ayaq üstə durmağa çalışan bir dövlətin açıq müharibə imkanları hər mənada çox məhdud idi. Belə bir vəziyyətdə də o zamanlar Müdafiə Nazirliyində vacib postlardan birini tutan Leyla Yunus öz qara xislətini büruzə verib. Dövlət əmlakını mənimsəməkdən tutmuş milli xəyanətə qədər bütün naqis əməlləri həyata keçirib. Cəbhədə düşmənlə ölüm-dirim savaşına girən qəhrəman oğul-qızlarımız üçün göndərilən bütün ehtiyacları mənimsəyən, hətta həyata keçiriləcək gizli əməliyyat planlarını, döyüş xəritələrini düşmənə ötürən bu qadına xəyanətkar demək belə az olar. Elə torpaqlarımızın işğal edilməsində də Leyla Yunusun "böyük xidmətləri" olub. Bunların üstü hələ sonralar açılacaqdır.

Qadın cildinə girmiş "şeytan"

Leyla Yunus ona hərtərəfli dəstək olan bəzi maraqlı qüvvələr olmasaydı, bu qədər irəli gedə bilməzdi. Azərbaycanı sevməyən xarici qüvvələr Azərbaycana nə qədər ziyan vurublarsa, Leyla Yunus onlardan bəlkə də 10 dəfə artıq ziyan vurub. Leyla Yunus hər zaman xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə ziyan vurmağa çalışıb. Bu qadın Azərbaycanda ictimai fəaliyyətə başlayandan onun missiyası öz millətinə, dövlətinə böhtan atmaq olub. Bir adam ki, öz ana dilində danışa bilmir və deyir ki, mən Azərbaycan dilindən ancaq pis sözlər demək üçün istifadə edirəm, yəni bir adam ki, öz ana dilinə həqarət edir, ondan nə gözləmək olar?

"Donos" ötürdüyü bəzi beynəlxalq təşkilatlara arxayın idi

Onun fəaliyyəti ilə az-çox tanış olan hər kəsə məlumdur ki, L.Yunus daim Azərbaycanın istənilən uğuruna qarşı qısqanclıqla yanaşıb. Son illərdə onun qısqanclığının ən bariz nümunəsi 2012-ci il "Avroviziya" musiqi yarışması ərəfəsində özünü göstərmişdi. Həmin dövrdə onun fəaliyyəti vətənə, xalqa əsl xəyanət nümunəsi kimi dəyərləndirilirdi. Belə ki, hər vəchlə musiqi yarışının Azərbaycanda keçirilməsinə mane olmağa çalışan L.Yunus bu məqsədlə ən qatı anti-Azərbaycan qüvvələrlə işbirliyinə getməkdən çəkinmirdi. Niyyətini gerçəkləşdirə bilməyən saxta hüquq müdafiəçisi sonrakı mərhələdə də "fəaliyyətini" davam etdirməyə və hətta genişləndirməyə başladı. Anti-Azərbaycan qüvvələrlə əvvəlki işbirliyindən ilhamlanan L.Yunus bu səfər birbaşa işğalçı Ermənistanın xüsusi xidmət orqanlarilə əməkdaşlıq etmək qərarı verdi. Bunların üstü açılanda isə, hüquq-mühafizə orqanlarından yayınmaq üçün xaricə qaçmaq istədi amma alınmadı. Bu niyyəti baş tutmadıqda isə, o, çıxış yolunu istintaqa açıq-aşkar hörmətsizlik göstərməkdə gördü. Çünki bilirdi ki, istintaq onun erməni xüsusi xidmət orqanlarilə işbirliyini sübuta yetirəcək. İstisna deyil ki, "hüquq müdafiəçisi"nin hüquq-mühafizə orqanlarına qarşı etdiyi hörmətsizliyin arxasında müəyyən arxayınçılıq dururmuş. Çünki Fransa və ABŞ səfirliklərinin onu açıqdan-açığa himayə etdiyi göz qabağında idi. Bundan başqa, onun "donos" ötürdüyü bir sıra beynəlxalq təşkilatlara güvənməsi də belə bir arxayınçılıq yaratmışdı. Lakin o, bir daha gördü ki, Azərbaycan hüquqi dövlətdir, ölkə qanunlarını pozan hər kəs cəzasını alır. Bu məsələdə heç bir xarici qüvvənin və səfirliyin təzyiqləri keçərli deyil.

"Əl ağacı"nı əlindən alıblar

Bu qadın həbsdə də dinc dayanmır. Ətrafındakı hər şeyə zərər vurmağa proqramlanmış bu insan barəsində baş tutacaq məhkəmə prosesi təxirə düşdüyündən təcridxanaya geri qaytarılarkən onu müşayiət edən konvoy üzvünə əsasilə zərbə endirib və nəticədə "əl ağacı" əlindən alınıb. Qeyd edim ki, hər dəfə fərqli səbəblər gətirərək səhhətində problemləri olduğunu bildirən Leyla Yunusa "xarici həkim"in məsləhətilə əl ağacından istifadə etməsinə icazə verilib. "Yalançı xəstə"nin məqsədi isə səhhətini önə çəkərək "xarici havadar"larının dəstəyi ilə azadlığa çıxmaqdır.

Leyla Yunus kimi xəyanətkarların aramızda yeri yoxdur, ola da bilməz. Çünki bu gün Azərbaycanda azad, demokratik mühit formalaşıb. Kifayət qədər siyasi bilgilərə, məlumatlara malik insanlar üzə çıxan qeyri-düşüncəli məxluqların satqın və xəyanətkar əməllərinə, eləcə də fəaliyyətlərinə sərt münasibət bildirirlər. Necə ki, erməni dəyirmanına su tökməyə cəhdlər göstərmiş qondarma hüquq müdafiəçisi Leyla Yunusa ciddi münasibət göstəriblər.

Tofiq Rəfailoğlu

Digər xəbərlər