PDF Oxu

Müxalifət

  • 1 985

Ermənistan borc bataqlığında

image

Sarkisyan düşdüyü vəziyyətdən çıxa bilmir

Artıq problemlər məngənəsində çabalayan Ermənistanda vəziyyət pik nöqtəsinə çatıb. Erməni mətbuatının verdiyi məlumata görə, "Ayağa qalx, Ermənistan" hərəkatı sosial tələblərlə artıq fasiləsiz mitinqlər keçirməyi planlaşdırıb. Bildirilir ki, "Ya ölmək, ya da qalib gəlmək!" şüarilə mitinqlər keçiriləcək. Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır. Görünən odur ki, Sarkisyan hökuməti ölkədəki durumun yaxşılaşması üçün nə lazımi addımlar atır, nə də insanların digər ölkələrə getməsinin qarşısını ala bilir.

Ekspertlərin sözlərinə görə, proses artan xətlə də gedə bilər. Rusiyadan asılı vəziyyətdə olan Sarkisyan hökuməti elə çıxılmaz durumdadır ki, Kremlin çaldığı hər havaya oynamaq məcburiyyətindədir.

Vüqar Bayramov: "Azərbaycanın dövlət gəlirləri düşmən qonşumuzun qazancından 10 dəfə çoxdur"

İqtisadçı-alim Vüqar Bayramov məsələyə münasibət bildirərkən vurğulayıb ki, Ermənistanda iqtisadi-sosial durum keçmiş SSRİ dağılan zaman Azərbaycandan heç də ciddi fərqlənmir: "Sovet İttifaqı dövründə uzun müddət Moskvanın maliyyə dəstəyindən faydalanan Ermənistanda iqtisadi-sosial durum keçmiş SSRİ dağılan zaman Azərbaycandan heç də ciddi fərqlənmirdi. O zaman müharibəyə iqtisadi baxımdan üstün mövqe ilə başlayan düşmən qonşumuz 23 il sonra məhz öz işğalçı siyasəti nəticəsində regional inkişafdan geri qaldı".

"Kiçik büdcəyə malik olan Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir. İllik 2,1 milyard dollar müdafiə xərcinə malik olan Azərbaycan bu kateqoriya üzrə düşmən ölkəni 5 dəfəyə yaxın üstələyir. Digər tərəfdən, Ermənistan ümumi büdcə xərclərinin 20 faizini hərbi sektora ayırmaqla Avropa İttifaqının bu xərclərinin büdcədəki payilə bağlı standartlarına məhəl qoymasa da, Azərbaycan müdafiə xərclərinin dəyər ifadəsində çox olmasına baxmayaraq, bu xərc maddəsinin ümumi büdcə xərclərində payı 8 faizə yaxındır. Bu baxımdan, hərbi xərclərinin dəyər ifadəsində Azərbaycana kəskin uduzan Ermənistan, əslində hərbi xərclərilə bağlı Avropa faiz kvotasına məhəl qoymasa da, reallıq bundan ibarətdir ki, ölkəmizin müdafiə xərcləri təxminən düşmən qonşumuzun ümümi büdcəsi həcmindədir".

V. Bayramov deyib ki, 10 milyard dollar ümumi daxili məhsula malik olan Ermənistanda iqtisadiyyatın formalaşmasına lobbi yardımları və ianələr xüsusi rol oynadığı üçün bu düşmən ölkənin iqtisadi inkişafı üçün dayanıqlı zəmin yaratmır. 74 milyard dollar ÜDM-ə malik olan ölkəmizin iqtisadi potensialı düşmən ölkə ilə müqayisədə 7,4 dəfə çoxdur. Praktik olaraq, dövlət gəlirlərində ciddi müqayisəli üstünlüyə malik olan Azərbaycan iqtsiadiyyatı miqyasına görə də düşmən ölkəni kəskin üstələyir.

İqtisadçı-ekspert Ermənistan yoxsulluq səviyyəsinə görə, MDB ölkələri arasında ən pis göstəriciyə malik olan dövlətlərdəndir. Bu ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 32,4 faizi yoxsulluq həddində yaşayır. Mərkəzi Bankın hesablamalarına görə isə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 32,4 faizinin yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir.

V.Bayramov bildirib ki, işsizlik problemi, eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir: "Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asılılığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə işsizlik səviyyəsi cəmi 5,2 faizdir. Yoxsulluq əhalinin Ermənistanı tərk etməsinə və eləcə də təbii artımın səviyyəsinin neqativ olmasına gətirib çıxarıb. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ölkədə təbii artım mənfi 6 faizdir. Deməli, əhalidə artım deyil, azalma və qocalma müşahidə edilir. Qeyd edək ki, ölkəmizdə təbii artım 13 faizdir".

İqtisadçı-alim onu da deyib ki, Ermənistanın xarici borcu artıq 6 milyard dollara çatıb və bu, ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3,5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb: "Bu ölkənin xarici borcunun 85,2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asılılığının daha da dərinləşməsinə gətirib çıxarır. Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun ümumi daxili məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə ki, bu göstərici Azərbaycanda 8,2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyə malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14,1 faiz) qabaqlayır. Ermənistan isə MDB-də ən pis göstəriciyə malik ölkələrdən hesab edilir".

Bu baş verənlər Ermənistanın gələcək siyasi həyatında yaşanacaq çox önəmli proseslərin ilk mərhələsidir. Ölkə rəhbərliyi bu proseslərdən özünü necə qoruyacaq? Təxmin etmək çətindir. Lakin əminliklə demək olar ki, Yerevanda "maydan"ın baş verməsi həm Ermənistana, həm də bölgəyə yaxşı heç nə vəd etmir. Əks təqdirdə, Ermənistanın dövlət kimi məhv olması prosesi sürətlənəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər