Partiyalar yollarını ayırır
Parlament sçkiləri ərəfəsində müxalifət düşərgəsində yaradılan bloklardan biri də "Azadlıq-2015" seçki bloku oldu ki, orada KXCP, AXP, VİP, ALDP, BAP, "Azadlıq", "Aydınlar" partiyaları cəmləşmişdi. Xatırlatmaq yerinə düşərdi ki, adıçəkilən blok seçkilərdən öncə prosesə qatılmaqdan imtina etmək üçün bir neçə dəfə toplansa da tərəflər arasında narazılıq yaranmışdı. Onlardan bəziləri seçkilərə qatılmaq, bəziləri isə qatılmamaq təklifini irəli sürürdülər. Bu baxımdan, həmin blokun bundan sonra fəaliyyət göstərəcəyi elə də inandırıcı görünmür.
VİP sədri Əli Əliyev pessimist düşünür: "Seçki blokuna daxil olan partiyaların münasibətlərini və inteqrasiyasını yetərli hesab etmirəm"
Bu arada VİP sədri Əli Əliyev blokdakı partiyaların münasibətlərini davam etdirəcəyilə bağlı mətbuatda fikirlər səsləndirsə də, onun bu açıqlaması elə də inandırıcı görünmür. Məsələn, o deyib ki, seçki blokuna daxil olan partiyaların münasibətləri daha öncədən təsis elimiş "Demokratiya və İnsan Hüquqları Mübarizə Mərkəzi"ndə formalaşıb. Onun sözlərinə görə, seçki bloku yaranana qədər artıq bura daxil olan partiyalar arasında siyasi münasibətlər formalaşmışdı. Ancaq bu, o demək deyil ki, məhz "Azadlıq-2015" seçki bloku bundan sonra da eyni müstəvidə fəaliyyətini davam etdirəcək. Digər tərəfdən, seçki başa çatdığı üçün bu qurumun ayaqda qalması mümkün görünmür.
Lakin VİP sədri oradakı partiyaların münasibətlərinin davamlı olacağını da yetərli hiss etmədiyini deyib. O, bu məsələdə pessimist olduğunu gizlətmir. Sitat: "Seçki blokuna daxil olan partiyaların münasibətlərini və inteqrasiyasını da yetərli hesab etmirəm. Daha geniş formada əməkdaşlıq və inteqrasiya olarsa, faydalı olardı". Amma blok fəaliyyətdə olarkən, orada yaşanan narazılıqlar da, qənaətə gəlməyə zəmin yaradır ki, artıq partiyalar, hətta digər formatlı qurumda cəmləşməyə çalışsalar da, bu, onlara müvəffəq olmayacaq.
BAP sədri Elşən Musayev qərarsızdır: "İndidən deyə bilmərəm ki, hansı siyasi blokda birləşəcəyik"
BAP sədri Elşən Musayev də məsələyə inamsız yanaşıb. Müxalifət partiyasının sədri deyib ki, yaxın gələcəkdə perspektivlə bağlı ümumi müzakirələr olacaq: "Seçki blokuna daxil olan partiyaların əməkdaşlıq edib-etməyəcəyi də bu müzakirələrdən sonra bəlli olacaq".
Amma onun qəti qərar barədə fikirlərdən yayınması da göstərir ki, partiyalar müxtəlif cür düşünürlər: "İndidən deyə bilmərəm ki, hansı siyasi blokda birləşəcəyik. Müzakirələr gedəcək və buna uyğun qərar ortaya çıxacaq".
Beləliklə, müxaifətin daha bir bloku da öz ömrünü başa vudmaq üzrədir. Hətta bu partiyalar "Demokratiya və İnsan Hüquqları Mübarizə Mərkəzi"ndə fəaliyyətlərini davam etdirsələr belə, bu fəaliyyətin ciddi uğurlar əldə edəcəyi şübhələr doğurur. Ən azından, növbəti seçkilərə kifayət qədər zaman var və bu zaman kəsimində siyasi müxalifət düşərgəsində növbəti qarşıdurmalar yaşana bilər. Bu baxımdan, görünən odur ki, artıq onlar da öz məğlubiyyətlərini etiraf etmək məcburiyyətində qalıblar.
Mübariz QULİYEV