PDF Oxu

Müxalifət

  • 1 817

"Yenidən birləşmək" təşəbbüsü...

image

Hər dəfə radikal düşərgədə daxili ziddiyyətlər qabaranda süni, reallığı əks etdirməyən birləşmə şouları yenidən dəbə düşür. Belə hallarda dəfələrlə sınaqdan keçirilib baş tutmayan şərti birlik formulları təkrar gündəmə gətirilir və müxalifət yönümlü mediada geniş müzakirə obyektinə çevrilir. Bu baxımdan, radikal düşərgənin - "Milli Şura"nın mitinq şoularının uğursuzluğa düçar olması fonunda AXCP ilə Müsavatın birləşməsi ideyasını yenidən müzakirəyə çıxarmaq cəhdləri heç də təsadüfi deyil.

Məğlubların süni birlik şousu... Bu, heç nəyi dəyişməyəcək

Əslində, ortada bu iki partiyanın birləşməsilə bağlı real fikir və ciddi təşəbbüs yoxdur. Bu iki partiya hələ 2010-cu ilin parlament seçkilərinə vahid seçki bloku ilə qatılsalar da, tam iflasa uğrayaraq, məğlub olublar, seçki bloku kimi, bir mandat belə qazana bilməyiblər.

Xatırladaq ki, "zorən müttəfiq" olan bu iki partiyanın münasibətləri zahirən göründüyündən fərqli olaraq, çox da hamar deyil. Ayrı-ayrı vaxtlarda həm Müsavat, həm də köhnə AXCP bir-birilərini kəskin siyasi rəqabət müstəvisində sıradan çıxarmağa çalışıblar. Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-nin "klassiklər" və "islahatçılar" adlanan iki siyasi qanada parçalanmasında Müsavat başqanı İsa Qəmbərovun xüsusi rolu olub. Müsavata yaxın media həmin dövrdə Əli Kərimovun sədrlik etdiyi AXCP-ni "Yurd" kimi təqdim edib, indi "KXCP" adlanan "klassiklər"i isə "əsl AXCP" kimi tanıyıb. Bu, uzun müddət radikal müxalifət düşərgəsinin iki qütbə parçalanmasını şərtləndirən başlıca amil olub. Sonradan AXCP-dən ayrılan siyasi qurumlar digər ad altında qeydiyyatdan keçsələr də, Müsavatın "tanışlıq oyunu" həm AXCP (i), həm də "KXCP" mənsublarının yaxşı yadındadır.

AXCP-ləri "onlar birləşdirmək istəyir, biz ehtiyac duymuruq" ritorikasilə aşağılayan müsavatçılar bununla qarşı tərəfin ikinci, üçüncü dərəcəli siyasi təşkilat olduğunu nümayiş etdirməyə çalışırlar.

Bütün bunların fonunda, birləşmə şousunun hər iki tərəf üçün siyasi spekulyasiya aləti olduğu aydın görünür. Çünki həm AXCP-də, həm də Müsavatda partiyanı təmsil edənlər bir-birilərini qəbul etməyə hazır deyillər və ən yaxşı halda, "mehriban düşmən" kimi davranırlar. Mehriban düşmənçiliklə isə nə real müttəfiq olmaq, nə də ortaq məxrəcə gəlib eyni partiyada təmsil olunmaq mümkün deyil.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər