Tural Abbaslı: "Arif Hacılı siyasi səriştəsiz fəaliyyəti ilə Müsavatı məhvə aparır"
Müsavat partiyasında seçkidən sonra rəsmi parçalanma daha da geniş vüsət alıb. Belə ki, əsası ötən ilin sentyabrında, partiyanın qurultayında qoyulan narazılığın sonradan parçalanma ilə əvəzlənəcəyi bəlli idi. Daha sonradan əsasən köhnə müsavatçıların cəmləşdiyi və Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR), onun ardınca isə gənclərin üstünlük təşkil etdiyi təbəqənin Tural Abbaslının "Ağ Blok"unun ətrafında toplaşması ilk baxışdan Müsavatın iki hissəyə bölünməsini sübut edirdi. Lakin Arif Hacılının baş verənlərə etinasız yanaşması, əksinə daha kəskin çıxışlar edərək onları anti-müsavatçılıqda suçlaması əslində, hadisələrin ona sərf etdiyini göstərirdi.
Lakin bu arada Arif Hacılıya qarşı ən sərt ittihamlarla yadda qalan Qubad İbadoğludan daha çox Tural Abbaslıdır. O, Müsavat rəhbərliyi tərəfindən növbəti dəfə qınaq obyektinə çevrildiyi zaman, yəni xəyanətkar elan edildiyi vaxt buna qarşı çıxıb və əslində problemin başlıca səbəbkarı kimi məhz Arif Hacılının olduğunu deyib. Sitat: "Əgər bu şəxslər səhvlərini anlasalar, partiyanı hansı gülünc duruma gətirdiklərini başa düşərək doğru addımlar atsalar, qarşısında səhv etdikləri, ədalətsiz münasibət sərgilədiyi şəxslərdən üzr istəsələr, qarşıdurmamız olmaz. Odur ki, mənim Müsavatla mübarizəm yoxdur. Müsavat adından danışan, lakin müsavatçılıq adına yaraşmayan addımlar atan, siyasət yürüdən şəxslərlə problemim olub və bundan sonra da olacaq".
T.Abbaslı Müsavat partiyasının başqanı Arif Hacılının onların partiyadan çıxaracağı ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib ki, partiyanın nizamnaməsinin Arif Hacılı pozub, o, kimdə günah axtarır: "Əvvalcə gedib qayda-qanuna əməl etməyi özünə öyrətsin. İkincisi də, qurultaydan sonra Müsavat partiyası gündəmə ancaq intriqalar, qarşıdurmalar və çəkişmələrlə gəlməsindən təəssüf edirəm. Mən divana məsləhət görərdim ki, belə intriqalarla məşğul olmaqdansa, seçkini və onun nəticələrini müzakirə etsin, partiyanın bu seçkilərdən niyə belə zəif çıxdığının analizini aparsın, son bir ildə düşdüyü acınacaqlı vəziyyəti araşdırsın və s".
"Müsavatda kriteriya nizamnamə yox, Arif Hacılıya münasibətdir"
T.Abbaslı bu fikri deməklə yanaşı bildirib ki, Müsavatda kriteriya nizamnamə yox, Arif Hacılıya münasibətdir: "Divan və partiyanın digər səlahiyyətli orqanlarının yeni başqan seçildikdən sonra verdikləri qərarların qərəzliliyini və nizamnaməyə uyğunsuzluqlarını gördükdə istənilən addımı ata biləcəklərini demək mümkündür. Çünki burada kriteriya nizamnamə yox, Arif Hacılıya münasibətdir. Yəni onun bütün tənqidçiləri və əleyhdarları hədəfdədirlər. Mən partiya nizamnaməsinə uyğun olmayan hansısa addım atdığımı düşünmürəm. Çünki partiya boykot qərarı verdikdə və namizədlərindən geri çəkilməyi tələb edəndə, bu qərar partiya siyahısı üzrə namizədlərə aid idi. Mən isə bildiyiniz kimi şəxsi təşəbbüsümlə namizədliyimi irəli sürmüşdüm və bu məsələdə partiya qarşısında heç bir öhdəliyim də yox idi. Qaldı ki, verilən qərara, vurğulamaq istərdim ki, bu sənədi ümumiyyətlə gecikmiş və yanlış hesab edirəm. Bu da partiya rəhbərliyinin siyasi səriştəsizliyindən irəli gəlirdi. 100 illik partiyanı üzvləri üçün inkvizisiyaya çevirməklə məşğul olmaqdansa, Müsavatı gücləndirməklə və nüfuzunu bərpa etməklə məşğul olsalar, daha səmərəli olar".
Tural Abbaslı qovulacağı təqdirdə, başqa bir partiyaya qoşulub qoşulmayacağına gəlincə isə, o deyib ki, 18 yaşından bu partiyanın üzvüdür: "Həmin tarixdən artıq 16 il keçib. Ümumiyyətlə, biz ailəlikcə müsavatçıyıq. Sanki bu ənənə bizdə nəsil olaraq mövcuddur. Əgər partiyadan qovulsam, bu, mənim müsavatçı adıma xələl gətirməyəcək. Divanın məni qova biləcəyini düşünmürəm. Əgər bu, baş verərsə, sona qədər haqqımı tələb edəcəyəm. Başqa partiyaya qoşulmaq niyyətim yoxdur. Gənclərdən ibarət yeni siyasi qüvvənin ortaya çıxmasının tam zamanı olduğunu düşünürəm və yəqin ki bu istiqamətdə hansısa addımlar atılacaq. Artıq öz nüfuz və etimadını itirmiş hansısa partiyaya üzv olmaqdansa, bu yöndə işlər görmək yaxşıdır".
Rəfiqə HÜSEYNOVA