PDF Oxu

Müxalifət

  • 1 813

Müsavat AXCP qarşıdurması yenidən alovlanır

image

TƏRS BAXIŞ

Səbəb Qərb təşkilatlarıdır

Seçkilər ərəfəsində AXCP və Müsavat partiyaları arasındakı qarşıdurmalara müəyyən pauza verilsə də, hazırda həmin vəziyyət yenidən yaşanmağa başlayıb. Belə ki, hər iki radikal müxalifət partiyalarının bir-birlərini qəbul etməmələri arxasında dayanan köklü səbəblər ilk növbədə ana müxalifətçilik iddiasıdır. Halbuki ictimai rəy nə Müsavatı, nə də AXCP-ni nəinki ana müxalifət, heç normal müxalifət partiyaları kimi də qəbul etmir.

Elman Fəttah başda Əli Kərimli olmaqla, cəbhəçi "cameəsini" iyrənc adlandırıb

Lakin bütün bunlara rəğmən, adıçəkilən siyasi təşkilatlar bir-birlərinə qarşı olan savaşlarını amansızcasına aparmaqdadırlar. Bu arada, parlament seçkilərindən sonra həmin savaşın yenidən baş qaldırması gözlənilən idi. Məsələn, Müsavat partiyasının başqan müavini Elman Fəttah dolayı ifadələrilə AXCP-ni və bu partiyanın sədri Əli Kərimlini saxtakar olmaqda suçlayıb. O, saxtakarlığın iyrənc bir hal olduğunu da deyərək, əslində daşı cəbhəçilərin bostanına tərəf atıb. Yəni Elman Fəttah başda Əli Kərimli olmaqla, cəbhəçi "cameəsini" iyrənc adlandırıb.

"Facebook" vasitəsilə ittihamlarını və təhqirlərini yağdıran müsavatçı rəsmi qeyd edib ki, əgər qarşı tərəf əlində olan mediası vasitəsilə Müsavatı hədəfə almasaydı, o da bu barədə susmağa üstünlük verərdi. Ancaq göründüyü kimi, bu, mümkün olmayıb. "Özündən müştəbeh ən və lap müxalifət"in sahib olduğu qəzetdə Müsavatla bağlı həqiqətlərin mütəmadi olaraq təhrif edilməsinin saxtakarlıqdan heç bir fərqi yoxdur"-deyə yazan müsavatçı funksioner daha sonra səbəb kimi bu amili göstərib ki, parlament seçkilərinin demokratik və şəffaf keçirilməsini bəyan edən AŞPA-nın müşahidəçilər missiyası və s. nümayəndələri ilə görüşə getməyən müxalifət partiyaları sırasında Müsavat da olsa, Əli Kərimli bu barədə "Azadlıq"da heç nə yazdırmayıb. Daha dəqiq desək, AXCP və "Milli Şura"nın, o cümlədən, müxalifətin daha bir neçə partiyasının AŞPA nümayəndələri ilə görüşə qatılmaması xüsusi olaraq vurğulanıb və Müsavatın da həmin görüşdə iştirak etməməsinə rəğmən, Əli Kərimli bu partiyanın adının digər müxalifət təmsilçiləri arasında hallanmasına izn verməyib.

Savaş yeni fazada davam edir

Göründüyü kimi, artıq burada ümummüxalifət mövqeyinin deyil, bilavasitə şəxsi, fərdi mövqelərin olduğu aşkar olaraq nəzərə çarpır. Məsələn, əgər Əli Kərimli, həqiqətən də normal müxalifətçi mövqeyinə sahib olsaydı, nə qədər düşmən olsa belə, Müsavatın adını "Azadlıq"da hallandırardı. Ancaq o, bunu etməyib və özünün nə qədər kinli, yalnız öz məqsədlərini güdən adam olduğunu təsdiq edib. Bu isə, əlbəttə ki, müsavatçıların xoşlarına getməyib və nəticədə partiya rəhbərliyi çox ehtimal ki, başqan Arif Hacılının göstərişinə əməl edərək, həm Əli Kərimlini, həm onun nəzarət etdiyi "Azadlıq" qəzetini, həm də bütövlükdə AXCP-ni iyrənc adlandırıb. Sözügedən faktorun isə bundan sonra daha acımasız mübarizəyə keçid edəcəyini gözləmək olar. Yəni savaş yeni fazada davam edir.

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, parlament seçkilərindən sonra Müsavat guya "Milli Şura" və AXCP ilə birgə mitinq keçirmək iddiasında olduğunu bəyan etmişdi. Ancaq necə deyərlər, toy olmayacaq. Çünki bəylə-gəlinin arası kökündən dəyib.

Digər xəbərlər