Eldəniz Quliyev: "Sərdar Cəlaloğlu ədabazdır"
Sərdar Cəlaloğlu: "Eldəniz Quliyev oğlu yaşında bir adamın- Əli Kərimlinin qabağında ona-buna söz demək rolunu oynayır"
Bir neçə gün öncə Eldəniz Quliyevin ADP sədri Sərdar Cəlaloğlu haqqında dedikləri mübahisəyə səbəb olub. E.Quliyev "Sərdar Cəlaloğlu dinlə məşğul olmalıdır, yoxsa siyasətlə" sualına cavab verərkən bildirib ki, ADP sədri ədabazlıqla məşğuldur: "Bu adam haqqında danışmaq istəməzdim. Amma bir-iki kəlmə deməyim yerinə düşər. Əvvəla, hörmətli Sərdar Cəlaloğlunun son bir neçə ildə verdiyi açıqlamalar adama təəccüblü və qəribə gəlir. Onun həm siyasət, həm də şairlərlə bağlı dedikləri birmənalı qarşılanmır. İndi isə dinlə bağlı açıqlamalar verir. Ona bir qardaş məsləhəti verirəm. Yaxşı oları ki, o gedib nəvələri ilə məşğul olsun. Getsin, evində, bağında ağaclara qulluq eləsin. Mən onun dindar olduğuna inanmıram. Dindardırsa, bu, formal xarakter daşıyır. Onun dedikləri ədabazlıqdır. Ədabazlıq nə siyasətçiyə, nə də dindara yaraşır. Yaxşı olardı ki, Sərdar Cəlaloğlu pensioner kimi gedib Bakı bulvarında həmyaşıdları ilə şahmat və nərd oynasın".
S.Cəlaloğlunun da cavabı çox gecikməyib. E.Quliyevin ittihamlarına cavab verən partiya sədri qeyd edib ki, siyasətçi xalqın ictimai-siyasi həyatının bütün sahələri haqqında düşünməli, problemləri araşdırmalı və həlli yollarını göstərməlidir: "Eldəniz Quliyev mənim qaldırdığım məsələlərlə bağlı bir kəlmə yanlış söz deyə bilməz". ADP sədri Eldəniz Quliyevin pensiyaya çıxıb ailəyə vaxt ayırması ilə bağlı məsləhətinə də toxunub: "Eldəniz Quliyev özünün və mənim yaşıma baxsın. Qanunla yaşım pensiyaya çıxmağa icazə vermir. 60 yaşım var. İkincisi, bağım yoxdur ki, gedib orada dincəlib nərd oynayam. Bağım olsa, pensiya yaşım çatsa, Eldəniz Quliyevin xahişini yerinə yetirəcəyəm. Eldəniz Quliyevin yaşına baxmayaraq, Əli Kərimli kimi oğlu yaşında bir adamın qabağında ona-buna söz demək rolunu oynayır. İndi mənim daha çox haqqım var bağda oturub nərd oynamağa, yoxsa Eldəniz Quliyevin?! Yaxşı olar ki, gedib bağda oturub yaradıcılıqla məşğul olsun".
Samir