PDF Oxu

Müxalifət

  • 2 093

Pənah Hüseyn AXC və Müsavatı ittiham etdi

image

"Müsavat partiyasının seçkilərə bir neçə gün qalmış boykot qərarı verməsi anlaşılmaz idi"

Nurəddin Məmmədli: "Pənah Hüseyn guya səs yığa biləcəkdi?"

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn parlament seçkiləri, seçkilərdən sonrakı proseslər barədə verdiyi müsahibədə bildirib ki, siyasi müxalifət üçün əsas məsələ yeni mərhələnin liderlərinin kim olacağıdır. Guya yeni lider olsa, müxalifət yeni mərhələyə qədəm qoyacaq və güclü olacaq. Ən maraqlısı odur ki, P.Hüseyn özünü lider kimi təqdim edir. Pənah Hüseynin səsləndirdiyi fikirlərə AXCP-nin siyasi məsələlər üzrə sədr müavini Səbuhi Aslanbəylidən cavab gəlib. O bildirib ki, AXP sədri aydınlaşdırmalıdır ki, müxalifətin hansısa qanadı onu özünün rəhbəri kimi görmək istəyirmi: "Təbii ki, pafoslu cıxışların arxasında əməli fəaliyyət və real proqramlar olmalıdır. Yanılmıramsa, bu zamana qədər belə bir halın şahidi olmamışıq. Tənqid üzərində qurulan siyasətdən başqa. Siyasi müxalifət, onun institutları zəifləyibsə, məhz Pənah Hüseyn və digərlərinin güdazına gedib. Pənah Hüseyn ənənəvi müxalifətin lideri olmaq istəyirsə, buyursun, olsun".

AXC sədri Müsavat və AXCP-ni də sərt ittiham eləyib. P.Hüseyn parlament seçkiləri zamanı səs toplamamasını AXCP və Müsavat partiyasının seçkiləri boykot etməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, adıçəkilən partiyaların seçkiləri boykot etməsi onun 1500 əlavə səs toplaya bilməməsinə gətirib çıxarıb. Pənah Hüseyn Müsavat partiyasının seçkilərə bir neçə gün qalmış boykot qərarı verməsini həm də anlaşılmaz qərar kimi dəyərləndirib.

AXCP və Müsavatdan da P.Hüseynə cavab gəlib. AXCP sədrinin müavini Nurəddin Məmmədli seçkilərlə bağlı çoxlu sayda fikirlərin söylənildiyini xatırladaraq, deyib ki, artıq nəsə əlavə etməyə ehtiyac yoxdur: "AXCP seçkiləri boykot etməsə idi, guya Pənah Hüseyn səs yığa biləcəkdi? Pənah bəy bir şeydə səhv edir ki, Azərbaycanda bu gün AXCP və onun təmsil olunduğu "Milli Şura"dan kənarda müxalifət yoxdu.

Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı isə Pənah Hüseynin dediklərinə belə cavab verib: "Pənah Hüseyndir də... Başa düşmürsə düşmür, nə edək?! Deyilənlər Pənah Hüseynin subyektiv fikridir. Dediklərini təsdiq edəcək fakt ortaya qoysa, mən ona cavab verərəm".

"Əgər elədirsə, o zaman xalq niyə AXCP-nin yanında deyil?"

Bütün bunlarla yanaşı, N.Məmmədlinin "Azərbaycanda AXCP-dən başqa müxalifət yoxdur" fikri ciddi qınaq obyektinə çevrilib. BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli deyib ki, elə özlərini müxalifət adlandıran şəxlərin də ən böyük problemi məhz bu mənəmlikdir: "Necə yəni AXCP-dən başqa müxalifət yoxdur!? Əgər elədirsə, o zaman xalq niyə AXCP-nin yanında deyil? Əgər elədirsə, AXCP-nin niyə bir nəfər deputatı yoxdur? Onlar düz deyir. Bəli, AXCP Azərbyacanda ən antimilli, radikal, təxribatçı partiyadır. Bu baxımdan, AXCP-nin tayı-bərabəri yoxdur. Azərbyacanda kifayət qədər müxalifət partiyaları var və onlar cəmiyyətdə tanınırlar. Həmçinin, parlamentdə də təmsil olunurlar".

Samir

Digər xəbərlər