Partiyanın divan toplantısı aranı qatıb
Müsavat partiyasının divan toplantısından sonra partiyadaxili qarşıdurmalara yeni təkan verilib. Belə ki, töhmət alanlar və təşkilat sıralarından çıxarılanlar onlar barəsində verilən qərarlara qarşı kəskin etirazlarını bildirirlər. Xüsusilə, bu prosesə daha öncə qurumdan çıxarılan, eləcə də öz xoşları ilə gedən eks-müsavatçılar da qoşulublar. Onlar son proseslərə qarşı eyni nöqtəyə vurmaqla Arif Hacılını hədəfə alırlar.
Narazı müsavatçıdan Arif Hacılıya xitabən: "Sizin vicdanınız varmı? Təbii ki, yoxdur!"
Bu arada daha çox etiraz səsi qaldıranlardan biri də partiyanın Cəlilabad rayon təşkilatının üzvü, 15 ildir ki, müsavatçılıq edən Ramil Sadıqlıdır. O, artıq özü kimi digər müsavatçıları da Hacılının başlatdığı qovulma kampaniyasına qarşı amansız mübarizəyə səsləyir. O, Arif Hacılının iradəsi ilə tətbiq olunan cəza tədbirlərinə qarşı çıxmaq, bu haqda cəmiyyətə informasiya ötürmək və Müsavatda narazı təbəqəni təşkilatlandırmaq fikrində olduğunu da gizlətmir. Çünki Arif Hacılı və onun tərəfdarları narazılara qarşı ən iyrənc metodlardan belə istifadə edirlər. Ramil Sadıqlı da bu barədə deyib ki, tədbiq edilən cəza tədbirindən sonra qarşı tərəf onu reket jurnalist, şantajçı və böhtançı qismində cəmiyyətə təqdim etməyə cəhdlər edir. Narazı müsavatçı Arif Hacılıya xitabən soruşur: "Mənim partiyadan xaric olunmağımın səbəbini niyə təhrif edib yanlış istiqamətə yönəldir və bununla da guya dostlarımızı aldadırsınız? Axı sizin buna nə ixtiyarınız çatır? Hansı haqla Müsavatda bu illər ərzində göstərdiyim xidmətlərin üzərindən xətt çəkir və məni reket-jurnalist kimi cəmiyyətə "təqdim" edirsiniz? Sizin vicdanınız varmı? Təbii ki, yoxdur! Əgər vicdanınız olsaydı, adi siyasi etik normalara riayət edərək, məni şantaj etməkdən çəkinərdiniz".
Ramil Sadıqlıdan növbəti ittiham: " Əsl reket sizsiniz! İmkanınız olsa, məni güllələyərdiniz..."
Narazı müsavatçı sosial şəbəkədə Hacılıya qarşı irəli sürdüyü ittihamlardan sonra təqiblərə məruz qaldığını da deyərək, Müsavat rəhbərliyinin imkanı olsa onu öldürməyə belə hazır olduğunu da bildirib. Sitat: "Hamı bilir ki, mən Azərbaycan Demokratiya və Rifah Hərəkatının Cəlilabad rayon təşkilatını təsis etdikdən sonra, burada ADR-çilərə qarşı "səlib yürüşü" başladı. Çünki biz bu addımımızla Arif Hacılının qəzəbinə tuş gəldik. Onun qəzəbinə tuş gələnlərin sonuncusu şəxsən mən oldum. Bir neçə gün əvvəl sosial şəbəkədə yazdığım statusum sizi açmadı. Başqa sözlə, tənqidə dözümünüz olmadı. Siz son bir ildə bircə Qubad İbadoğlunu həzm edə bilmədiniz. Məni isə imkanınız olsaydı, güllələyərdiniz. Amma məni yaxşıca xərclədiniz və sonradan partiyadan ədalətsiz formada qovdunuz. Sizə dil verən şəxs Müsavatın sonuncu qurultayından sonra partiyanı özfəaliyyət dərnəyinə çevirən Arif Hacılıdır. Hamınız bir-birinizin tayısınız. Əsl reket sizsiniz. Reket olmasaydınız, bütün qərarlara təsir edib onları qəbul etdirməzdiniz. Əgər dediyiniz kimi mən reketçiliklə məşğulamsa, nədən illərdir kirayələrdə qalıram?"
Başqandan MNTK sədri Sevinc Hüseynovaya tapşırıq: "Rəhbərliyin qərarına qarşı çıxanlar Müsavat partiyasından çıxarılacaq"
Ancaq məsələ yalnız Ramil Sadıqlıda bitmir. Arif Hacılının daha bir başağrısı hazırda da partiya üzvü olan Tural Abbaslıdır. Məsələ ondadır ki, "Ağ Blok"un nümayəndəsi Tural Abbaslı partiya yaradacaqlarına dair bəyanat verdikdən sonra Müsavat başqanı Arif Hacılı çox ciddi narahatlıq keçirməyə başlayıb. Ona görə də dərhal mərkəzi nəzarət təftiş komissiyasına təlimatlarını verib. Məhz onun tapşırığından sonra MNTK sədri Sevinc Hüseynova bəyan edib ki, "Ağ Blok" partiyaya çevriləcəksə, Tural Abbaslının yanında yer alan bütün müsavatçılar təşkilat sıralarından qovulacaq çıxarılacaq: "Başqa partiyada təmsil olunan adamlar, rəhbərliyin qərarına qarşı çıxanlar Müsavat partiyasından çıxarılacaq. Müsavat partiyasının üzvü digər partiyada təmsil oluna bilməz".
Beləliklə, Müsavatda baş verən proseslərin bundan sonra nəinki səngiməsi gözlənilmir, o cümlədən, partiyadaxili qarşıdurmaların daha da kəskinləşəcəyi proqnozlaşdırılır. Əlbəttə ki, bütün bunların təməlində doğru olmayan idarəçilik sistemi ilə yanaşı, həm də şəxsi maraqlar amili dayanır. Qısacası, sabiq başqan İsa Qəmbər Müsavatın sükanını özündən heç də fərqlənməyən birinə həvalə edib ki, bu da uzun illərdi partiyadaxili intriqaların davam etməsinə zəmin yaradırdı. Hazırda ortada olan faktlar da belə qənaətə gəlməyə əsas yaradır. Nəticədə, Müsavatın bir siyasi təşkilat olaraq ayaqda qalma mümkünlüyü günlər keçdikcə azalır.
Mübariz QULİYEV